Gəncənin icra başçısı ilə bağlı ŞOK İDDİA... - Həbs olunacağı deyilir...

Gəncənin icra başçısı ilə bağlı ŞOK İDDİA... - Həbs olunacağı deyilir... Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyəti hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

AzFakt.com-un əldə etdiyi məlumatlara görə 2020-ci ilin ortalarından Gəncə şəhər İcra Hakimiyyətində başladılan araşdırma sentyabr ayının 27-də başlayan müharibəyə görə bir müddət dayandırılıb.

Araşdırmanın dekabr ayından yenidən başladığı deyilir.

Rəsmi orqanlarının araşdırmalarına səbəb Gəncəyə son iki ildə ayrılan vəsaitlərin aidiyyatı üzrə xərclənmədiyi, külli miqdarda mənimsəmələrə yol verildiyi barədə şübhələrin olmasıdır.

Məlumata görə həbsin bir addımlığında olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov özünü qorumaq üçün müxtəlif yollar aramaqdadır. Maraqlı budur ki, bu məsələdə Niyazi Bayramovun qudası Gənclər və İdman naziri Azad Rəhimovun ona kömək edə bilməyəcəyi deyilir.

Azad Rəhimovun qudasına kömək etməkdən boyun qaçırmasına səbəb kimi isə vəzifəsini itirməmək niyyətinin olduğu deyilir.

Qeyd edək ki, Gəncə şəhərinin abadlaşdırılması üçün dövlət tərəfindən hər il on milyonlarla vəsait ayrılır.

Ancaq bu qədər vəsaitlərin hara xərclənməsi barədə müfəssəl məlumatlar verilmir.

Qeyd edək ki, bir müddət əvvəl yerli mediada Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu satınalmalar üzərində araşdırma apararaq ciddi korrupsiya halları müəyyənləşdirmişdi.

Sayt həmin araşdırmasında ata-oğulun adına açılan MMC-lərin Gəncə Şəhər İcra Hakimiyyətinin yüz min manatlıq tenderlərinin qalib elan edilməsindən yazırdı.

Araşdırmanı təqdim edirik:

"2020-ci ilin mart ayının 4-də Prezident İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının imzaladığı sərəncama əsasən Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 11 milyon, küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon, ümumilikdə 22 milyon manat ayrıldı.

Dövlət başçısının Gəncə şəhərinin abadlaşmasına ayırdığı milyonlarla vəsait necə xərclənir?

Gəncə Şəhər İcra Hakimiyyətinin qeyd olunan tarixdə səkkiz lot üzrə keçirdiyi katirovka sorğularının və açıq tenderlərin ümumi məbləği 298.403 (iki yüz doxsan səkkiz min dörd yüz üç) manat təşkil edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "idarənin sair xərcləri" (31.120), "bərk inventarın alınması" (60.716), "digər maşın və avadanlıqlar" (62.780) üzrə katirovkanın və tenderin qalibi "ELEQANT R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "avadanlıqların alınması" (19.492), "əsaslı təmir işləri" (54.890), "digər alış və xidmətlər" (13.000) üzrə katirovkanın və tenderin qalibi isə "QUBA TİKİNTİ SERVİS R" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "Xidməti maşınlar üçün alınacaq maşın - mexanizmlərin ehtiyat hissələrinin satın alınması" (10.650) və "sair xərclər" (15.880) üzrə katirovkaların qalibi isə "STAMUS R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin tenderlərinin qalibi hansı MMC-lərdir?

Araşdırma zamanı məlum oldu ki, Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlərin qalibi olan hər üç şirkət ("QUBA TİKİNTİ SERVİS R", "STAMUS R", "ELEQANT R") eyni ildə, eyni ayda və eyni gündə - 2017-ci ilin noyabr ayının 27-də təsis edilib.

Nizamnamə kapitalları 10 (on) manat olan hər üç MMC-nin hüquqi ünvanı da həm eyni, həm də qeyri müəyyəndir: Quba rayonu, Amsar kəndi.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Bu şirkətlərin isə nə əlaqə telefonu, nə faktiki ünvanı, nə də Web ünvanı yoxdur.

Bəs, görəsən, maliyyə imkanları, hesabatları, maddi-texniki bazaları, əmək müqaviləsi ilə çalışan işçilərinin sayının nə qədər olması da qaranlıq olan şirkətlər necə oldu ki, Gəncə Şəhər İcra Hakimiyyətinin səkkiz lot üzrə sifarişçi olduğu katirovka və tenderlərin qalibi ola bildi?

Qalib olan şirkətlər ata-oğulundur

Gəncə Şəhər İcra Hakimiyyətinin cari ilin iyul ayının 25-də sifarişçi olduğu iki katirovka sorğusunun və bir açıq tenderin qalibi olan "QUBA TİKİNTİ SERVİS R" MMC-nin qanuni təmsilçisi Cəfərov Rafiq İmamqulu oğludur.

İcra Hakimiyyətinin tenderlərinin digər qalibi - "ELEQANT R" MMC-nin qanuni təmsilçisi isə Cəfərov Mehman Rafiq oğludur.

Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 15-də sifarişçisi olduğu tenderin üçüncü qalibi "STAMUS R" MMC-nin qanuni təmsilçisi də Cəfərov Mehman Rafiq oğludur.

Məlumata görə Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, "QUBA TİKİNTİ SERVİS R" MMC-nin rəhbəri 1966-cı il təvəllüdlü Cəfərov Rafiq İmamqulu "ELEQANT R" və "STAMUS R" MMC-lərin rəhbəri Mehman Cəfərovun atasıdır".

Qeyd edək ki, dövlətdən maliyyələşən təşkilatların, əsasən də icra hakimiyyətlərinin sifarişçi olduqları satınalmalarda "otkad" əməliyyatları aparılaraq, məbləğin müəyyən hissəsinin nağdlaşdırılaraq sifarişçiyə qaytarılması barədə dəfələrlə mətbuatda yazılıb.

Ötən ilin may ayının 6-da Dövlət Təhlükəsizlik Xidmətinin İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsi istiqamətində həyata keçiridiyi xüsusi əməliyyatın videosunda danışan tikinti şirkətinin sahibi Səyalı Səfərova qalib olduğu tenderin məbləğinin 30 %-ni icra başçısına "otkad" formasında verdiyini deyirdi.
Geri qayıt