"Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi" - Yaralı baş gizir

"Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi" - Yaralı baş gizir İkinci Qarabağ müharibəsində yaralanan baş gizir kömək istəyir. DİA.AZ bildirir ki, Vüqar Vəliyev Əyyub oğlu 1984-cü ildə Zərdab rayonunun Alıcanlı kəndində doğulub. O, oktyabrın 5-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı yaralanıb: “Evliyəm, iki qız, bir oğlan övladım var. Hazırda Yevlax rayonu, Aran qəsəbəsində kirayədə yaşayıram. 2004-cü ildən Mingəçevirdə yerləşən N saylı hərbi hissədə işləyirəm, baş gizirəm. Bu il sentyabrın 26-da əmrə əsasən bölgəyə çıxdıq. Sentyabrın 27-də səhər döyüşə girdik. Suqovuşan alınandan bir gün sonra oktyabrın 5-də gecə yaralandım. Beş güllə yarası almışam. Sağ qolumun dirsək hissəsinə hazırda mil qoyulub, dəmir məngənə ilə sıxılıb. Sağ əlimdə iki barmağım işləmir. Sol tərəfdən, döş qəfəsi və aşağı hissə, qabırğa, bir də bud hissədən güllə yarası almışam. Dörd güllə sol tərəfimdən bədənimi yaralayıb, bir güllə isə sağ qoluma dəymişdi”.

Döyüşçü deyir ki, yaralanandan sonra heç nə xatırlamır. Huşunu itirən hərbçi gözlərini Bakıda hospitalda açıb: “Deyilənə görə, məni Naftalan Şəhər Mərkəzi Xəstəxanasına göndəriblər, orada ilk tibbi yardım göstərilib. Bir gün orada qalandan sonra Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparıblar. Həmin müddət ərzində koma vəziyyətində olmuşam. On yeddi gündən sonra oktyabrın 21-də “Bona Dea International Hospital”da ayılmışam. Oktyabrın 30-da Mərkəzi Hərbi Klinik Hospitalda bir həftə nəzarət altında qalmışam. Bundan sonra mənə bir aylıq ev şəraitində məzuniyyət verildi. Noyabrın 7-də xəstəxanadan çıxdım, Zərdaba, kəndimizə gəldim. Qolumda və bədənimdə ağrılar var. Əyiləndə, oturanda, duranda zülm çəkirəm. Adi hərəkət edəndə güclü ağrılarım olur. Sağ tərəfdə bağırsağım çöldədir. Sellofanla gəzirəm. Xüsusi sellofanlar var, iki-üç gündən bir, həyat yoldaşım evdə özü dəyişir. Mil olan qolumun kənarlarını dərmanlayıb, bağlamağı da həyat yoldaşım özü edir”.

Xəstəxanadan evə buraxılan keçmiş döyüşçü doğma kəndi Alıcanlıya, ata yurduna gətirilib. Dediyinə görə, bu müddət ərzində heç bir aidiyyəti qurum onunla maraqlanmayıb: “İyirmi yeddi gün kənddə yatdım. Bu müddət ərzində bələdiyyədən, icra hakimiyyətindən heç kim maraqlanmadı. Gəlib, soruşmadılar ki, nəsə yardım, kömək lazımdırmı? Qolumdakı mil sümüyə bağlıdır deyə uzananda-duranda bərk incidir. Buna görə bərk ağrılarım olur. Həmin vaxt “103”ə zəng etdim ki, gəlib, iynə vursunlar. Ağrıkəsici iynə vurmağa görə Təcili Tibbi Yardım işçiləri məndən pul istədi. Dedilər ki, axı bizim kəndə gəlib qayıtmağımız var, yol uzaqdır. Üç nəfərik, pul verin. Özlüyümdə fikirləşdim ki, bunlar üç nəfərdirsə kəndə gəlməyə görə hərəsinə on manat pul vermək lazımdır. Dedim ki, Allah canınızı sağ eləsin, gəlməyə ehtiyac yoxdur. Səhər atam rayona gedib, ağrıkəsici aldı. Sağ olsun qonşumuz, az-çox başı çıxırdı, mənə iynəni o vurdu”.

Vüqar Vəliyev yaralanandan sonra altı əməliyyat keçirib. Dediyinə görə, yeddinci əməliyyatı isə gələn ilin yanvarında nəzərdə tutulub. Hazırda hərbçinin vəziyyəti ağır orta olduğu üçün məzuniyyətini ikinci ay da artırıblar: “Həkim deyib ki, yanvarın 10-da gəl Bakıya, müayinə edək. Bağırsağım çöldədir. Buna görə yenə əməliyyat olunmalıyam. Hazırda dərmanlarımı apteklərdən özüm alıram, ev şəraitində də müalicə olunuram. Yataq xəstəsiyəm, ayağa qalxıb, harasa getməyə çətinlik çəkirəm. Bintə, yoda, “zelyonka”ya (brilliant yaşılı-red) qədər hamısını özüm alıram. Kirayə yaşadığım evdə şərait çox pisdir. Dörd qardaşıq, ata yurdunda da elə bir şəraitimiz yoxdur ki, orada qalaq. Mən hərbi formanı geyinən gündən kirayələrdə yaşamışam. Yataq xəstəsiyəm, pis vəziyyətdə qalmışam. Üç uşaqdır, atamın da maddi imkanı yoxdur. Sağ olsun, qohum-qonşu əl atır. Evə hər ay 150 manat verirəm. Evi iş yerimə yaxın kirayələmişəm. Aidiyyəti qurumların laqeyin münasibəti mənə pis təsir edir”.
"Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi" - Yaralı baş gizir


Geri qayıt