Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz... - Amma vətəndaşı 5 ildir belə yaşadır..

Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz... - Amma vətəndaşı 5 ildir belə yaşadır.. Mehriban Əliyevaya yazdıq, bir neçə gündən sonra gətirib bizimçün çadır qurdular. O gün – bu gün, düz 5 ildir ki, azyaşlı övladlarımla çadırda yaşayırıq”. DİA.AZ bildirir ki, bunu Oğuzun Yaqublu kənd sakini Qalib Əliyev deyir.

2015-ci ilin sentyabrında Oğuzda zəlzələ olub. Yaqublu kəndindəki evlərə də zərər dəyib. Bu evlərdən biri də Qalib Əliyevə məxsus ev olub. Onun deməsinə görə, ev tamamilə yararsız hala düşüb.

“Zəlzələdən sonra Oğuz Rayon Fövqəladə Hallar Komissiyası gəlib evə baxış keçirtdi, dağıntını qeydə aldı. Dedilər: “Müvəqqəti harasa yerləşin, sizə ev tikiləcək”. Bir müddət gözlədik, xəbər-ətər olmadı. Başladım dövlət qurumlarına yazmağa, yenə maraqlanan olmadı. Mehriban Əliyevaya yazandan sonra çadır gətirib qurdular. Bununla da yenə yaddan çıxdıq”, - şikayətçi deyir.

Qalib Əliyevin sözlərinə görə, çadıra sığınandan bir müddət sonra atası Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Şəkidə vətəndaşların qəbulunu keçirdiyini biləndə qəbula yazılıb, nazirlə görüşüb. Nazir vətəndaşı dinlədikdən sonra tezliklə məsələnin həll olunması üçün yanındakı məmurlara göstəriş verib. Bu, çadırdakı ailəni xeyli ümidləndirib. Ancaq tezliklə bu ümidlər də puç olub.

Qalib Əliyev sözünə deyir: “Bir dəfə eşitdik ki, Fövqəldə Hallar Nazirliyinin işçiləri dağıntıya çevrilmiş evə baxış keçirməyə gəlib. Biz də tez oraya getdik. Gördük ki, onlar bizim iştirakımız olmadan orada fotolar çəkiblər. Biz oraya çatanda artıq çıxıb gedirdilər. Bildirdilər ki, artıq fotoları çəkiblər, əlavə işləri qalmayıb. Yenə bir ay keçdi, xəbər çıxmadı. Fövqəladə Hallar Nazirliyinə getdim ki, nəticəni öyrənim. Mənə fotoları göstərəndə az qaldım şoka düşüm. Deməli, bunlar evin dağıntı tərəflərini yox, qalan bir-iki salamat divarlarını çəkiblər, bununla da evin bərpaya ehtiyac olmadığını qərara alıblar”.

Qalib Əliyevin xeyli müraciətlərindən sonra Oğuz Rayon İcra Hakimiyyətindən ona bildirilib ki, yaxşısı budur məhkəməyə müraciət etsin. O da FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini məhkəməyə verib. Onun FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı evə dəymiş ziyana görə 20 min manat kompensasiya iddiasına Şəki İnzibati Məhkəməsində baxılıb. Cavabdeh tərəf məhkəməyə bildirib ki, 2016-cı ilin avqustunda Qalib Əliyevin evinə baxış keçirilib. Məlum olub ki, ev tikinti normalarına və tələblərinə əməl olunmadan inşa olunub, uzun illər ərzində təmir edilməyib və köhnəlməyə məruz qalıb. Yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi olmadığına görə vətəndaşa köməklik edilməyib. Tikilinin icbari sığortası olmadığı da bildirilib. Qalib Əliyev məhkəmənin qərarından narazı qalıb:

“Məhkəmə 4 ay çəkdi. Hakim İlqar Cabbarov mənə dedi ki, Oğuzdakı zəlzələdən zərərlərin aradan qaldırılmasına görə həmin rayona 1 milyon manat ayrılıb. O pul da yalnız uşaq bağçalarının və məktəblərin təmir-bərpasına xərclənib. 5 ildir ki, başımızı boş-boş cavablarla, məhkəmə qərarlarıyla qatırlar, bu yandan isə azyaşlı övladlarımın sağlamlığı sıradan çıxıb. Qışı şaxtadan, soyuqdan, isinmək üçün yandırdığımız sobanın təhlükəsindən, yayda çadırın ətrafına yığılan qurd-quşdan qorunmaqdan bezmişik”.

Qalib Əliyev məhkəmə qərarından apelyasiya şikayəti verib. Paralel olaraq ölkə başçısına, Birinci vitse-prezidentə təkrar müraciətlər edib.
Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz... - Amma vətəndaşı 5 ildir belə yaşadır..


Geri qayıt