Goranboyun başçısı hansı əhvaldadır? - QALMAQAL

Goranboyun başçısı hansı əhvaldadır? - QALMAQAL Goranboy rayon icra başçısı Məhərrəm Quliyev ona ünvanlanan tənqidlərdən və barəsində səslənən iddialardan əl-ayağa düşərək, öz “ştat”lı “zəhmətkeş”lərini qabağa verməyə, onların arxasında gizlənməyə başlayıb.

İcra başçısı özünü elə bir vəziyyətə salıb ki, rayondakı “qırğı”ların ümidinə qalıb. Bəzi məmurların köhnə və ibtidadi üsullarından olan “zəhmətkeş”ləri dövriyyəyə buraxmaq metodunu seçən M.Quliyev üstümüzə qadın göndərib.

İcra başçısının “ştatlı zəhmətkeşi”

Belə ki, ötən həftə GundemXeber.Az saytında Goranboyun icra başçısı barədə yayımlanan tənqidi yazıdan sonra redaksiyanın baş redaktoru Şirin Cəfəriyə tanımadığı nömrədən zəng gəlib. Əvvəlcə özünü narazı sakin kimi təqdim edən, adının Zeynalova Cəmilə olduğunu söyləyən qadın icra başçısından “yanıqlı” olduğunu dilə gətirir. Guya şikayətçi olan C.Zeynalova Ş.Cəfəridən redaksiyanın ünvanını soruşur. O, Goranboy haqda məqaləni qəzetdən (?) oxuduğunu söyləyir. Elə bu məqamda özünü “yandıran” həmin qadının məlumatı belə yoxdur ki, “Gündəm Xəbər” qəzeti xeyli vaxtdır çap edilmir. Bu dərəcədə naşı, məlumatsız, yaxşı öyrədilməmiş qadını baş redaktorun üstünə göndərən icra başçısına nə deyəsən...

Daha sonra baş redaktor onun nəzərinə çatdırır ki, yazı qəzet deyil, saytda yayımlanıb. Özünü guya çaşdıran, icra hakimiyyətində işlədiyini deyən Cəmilə Zeynalova az sonra “səhvini” düzəldir və “valı” dəyişir, qəfildən hücuma keçərək jurnalistə telefonda təhqirlər, söyüşlər yağdırır, ünvanına nalayiq sözlər səsləndirir, icra başçısı haqda hansı ixtiyarla yazdığını sual edir, ittihamlar irəli sürür, qışqırır, çığırır, bağırır, nalayiq söyüşlərlə hədələyir.

Öyrədilmiş Cəmilənin söyüşləri, çığır-bağırı...

Rayon “zəhmətkeşi” telefonda Məhərrəm Quliyevi müdafiə edir, yaxşı işlər gördüyünü bildirir, Ş.Cəfərini günahlandırır, təhqirlərə davam edir.
Baş redaktor öyrədilmiş şəxsin diqqətinə çatdırır ki, qadındır, dilindən çıxan ifadələrə fikir versin və bu səviyyədə adama cavab vermək ona yaraşmaz.
Ancaq təkrar zəng edən C.Zeynalova yenə dil boğaza qoymur, küçə sözləri ilə danışmağa, qışqırmağa, təhdid etməyə başlayır.
Görəsən, onda Goranboyun icra başçısına olan simpatiya, M.Quliyevin fəaliyyətini tərifləmək, bir məmura görə jurnalistə zəng edib söyüş söymək istəyi haradan qaynaqlanır?
Nə üçün rayon sakini özündə o borcu görüb ki, icra başçısını müdafiə eləsin, jurnalisti söysün?! Nə marağı var?
Aydın məsələdir ki, rayonlarda bu cür adam olur, icra başçıları öz əlaltılarını, “zəhmətkeş”lərini saxlayırlar. M.Quliyev də həmin qadını üstümüzə göndərərək, bir qadının arxasında gizlənib.
Hazırda cəsarətli oğullarımız düşmənlə üz-üzə səngərdə döyüşür, ön cəbhədə Vətən müharibəsi aparır, icra başçısı isə tənqidlərdən nəticə çıxarmaq, razılaşmadığı məqamlarla bağlı İH adından rəsmi açıqlama vermək əvəzinə, ağzı söyüşlü bir qadına təlimat verdirir, o da zəng edib söyüş, hədə yağdırır.

Baş redaktor DİN-i məlumatlandırıb: Zeynalova kimdir?

Yeri gəlmişkən, artıq məsələ ilə bağlı Şirin Cəfəri Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat verib.

Onun sözlərinə görə, cənab nazir Vilayət Eyvazovun göstərişi ilə obyektiv polis təhqiqatı aparılacağına inanır və onu təhqir edən şəxs barəsində tədbir görüləcəyinə əmindir.
Ş.Cəfəri onu zəng edən C.Zeynalovanın səs yazılarının da sübut kimi əlində olduğunu və istənilən vaxt polisə təqdim etməyə hazır olduğunu bildirir.

Bununla yanaşı əldə etdiyimiz başqa bir dəlil isə C.Zeynalovanın kimliyi ilə bağlıdır. İnternet resurslarında araşdırma zamanı öyrənmişik ki, Zeynalova Cəmilə Mərdalı qızı Goranboyda hansısa ödənişli ictimai işdə çalışır. Çox maraqlıdır ki, onun ayrı-ayrı çıxışları, şikayətləri saytlarda var.
O, şikayətində dələduzluqla üzləşdiyini, 173 qram qızılının və 11 min 500 dollarının ələ keçirildiyini, amma araşdırılmadığını söyləyib.
O, məmur özbaşınalığından narazılıq edib. Həmçinin, regionxeber.tv saytında onun şikayətinə rast gəlmək olur. Eyni zamanda özünün “youtube”da video müraciəti var və yenə narazılıq edir.
Görünür, bu şikayətlərindən sonra işlə təmin edilmiş C.Zeynalova Goranboy İH-nin “ştatlı” işçisinə çevrilib və belə məsələlərdə ondan istifadə edilir. Bu da olduqca utancverici bir mənzərədir.
Əvvəla, Məhərrəm Quliyevin sözü varsa, buyurub, fikrini bildirsin, heç kəs ona düşmən kəsilməyib, yaxud hər hansı qərəzimiz yoxdur. Onun tənqidlərə cavabını da dərc etmək jurnalistika prinsiplərinə uyğundur.
Amma özü kabinetində oturub, tapşırıq vermək, hansısa bir qadını üstümüzə göndərmək, zəng etdirib nalayiq və əxlaqsız sözlər dedirtmək ayıbdır.

Kişi kişi ilə söhbət edər, daha ağzı söyüşlü qadını göndərməz. Odur ki, abırına qısılan Ş.Cəfəri telefonda ona etik çərçivədə cavab verib və C.Zeynalovanın təhqirləri, hədələri ilə bağlı məsələ DİN tərəfindən araşdırılacaq. Qeyd edək ki, M.Quliyevin fəaliyyətindən ciddi narazılıqlar var.

Xüsusən də müharibə getdiyi dövrdə, cəbhə bölgəsi olan, dinc sakinləri atəşə tutulan Goranboyda rayon rəhbəri ən azı insanlarla görüşməli, onlara ürək-dirək verməli, dəstək olmalı, atəşə tutulan kəndlərə baş çəkməlidir. Bizim tənqidlərimiz bu xüsusatda idi və İH açıqlama verməkdənsə, bir qadını qabağa verməyi üstün tutdu...

GundemXeber.Az
Geri qayıt