İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"

İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır" Bu qışdan salamat çıxacam, ya yox, bilmirəm. Hər gün ümidim kəsilir. Ölməkdən qorxmuram, bu yaşda daş-kəsəyin altında qalmaqdan, o dəhşəti yaşamaqdandır qorxum...” DİA.AZ bildirir ki, İsmayıllının Basqal qəsəbəsində yaşayan 75 yaşlı Əsmər Abbasovanı belə ümidsizləşdirən qəzalı eviylə bağlı aidiyyəti qurumlara yazdığı məktubların cavabsız qalmasıdır.

İki il əvvəl baş vermiş zəlzələ nəticəsində Əsmər Abbasovanın evi qəzalı vəziyyətə düşüb. O, iki il ərzində İsmayıllı Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Komissiyasına, ölkə başçısına, vitse-prezidentə müraciətlər edib. Hər dəfə bir bəhanə gətirilib. Deyir, rayon mərkəzinin abadlıq işlərinə milyonlarla vəsait ayrılır, sadə vətəndaşların təbii fəlakətdən dağılan ev-eşiklərinə isə əl gəzdirən yoxdur.

“Zəlzələdən sonra bircə dəfə gəldilər, evə baxış keçirdilər, gedəndə dedilər, nənə, zirzəmiyə girmə, qorxuludur, dağılar, qalarsan altında... Elə bunu deyib getdilər, sonra nənəni yada salmadılar. Evin dam örtüyü günbəgün aşağı yatır. Döşəmədə qorxa-qorxa yeriyirəm”.

Qadın tək yaşayır. Ailəsi, övladı yoxdur. Onu qorxudan həm də budur ki, qalar daş-kəsəyin altında, xəbər tutanı da olmaz. Əsmər xanım sözünə davam edir: “Səksəkə içərisində yaşayıram. Əsas da gecələri qorxuram. Hər gecə yatmamışdan Allaha yalvarıram, deyirəm, məni bu gecədən də salamat çıxar, daşın-kəsəyin altında qalmayım. Qorxuram, bu ev üstümə dağılsa, sümüyüm də ələ gəlməz. Belə dəhşətli ölüm yaşamaq istəmirəm”.

Əsmər Abbasovanın İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına və aidiyyəti üzrə başqa qurumlara, Prezidentə, vitse-prezidentə saysız-hesabsız məktub və teleqramları var. Ancaq bu məktub və teleqramların bir qisminə gələn cavabda ümidverici heç nə yoxdur, bir qismi isə ümumiyyətlə, cavabsız qalıb. Əsmər xanım deyir, son ümidi ölkə başçısı İlham Əliyevədir: “Gümanım bircə ölkə başçısına, bir də Mehriban Əliyevayadır. Aldığım pensiyayla ev tikəsi deyiləm, çörəyimə dərmanına zorla çatır. Bu yaşdan sonra küçədə qalası da deyiləm, bunun bir çarəsi olmalıdır axı... Neçə dəfə ayağım döşəmənin taxtalarının arasına düşüb, ağrı çəkə-çəkə qalmışam. Deşiklərdən evə ilan, qurd-quş girir. Axı bu ahıl yaşda mən bunları niyə yaşamalıyam? Yəni mənim daxmamı əsaslı təmir etməyə bu boyda hökumətdə pul olmadı?”.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Əsmər xanıma göndərdiyi 27 avqust 2019-cu il tarixli məktubda qeyd edib ki, təbii fəlakətdən qəzalı vəziyyətə düşmüş evlərə baxış keçirilməsi üçün siyahını rayon icra hakimiyyətləri tutub Nazirliyə təqdim edir. Fövqəladə Hallar Komissiyası da həmin siyahı üzrə evlərə baxış keçirir. Vətəndaşa tövsiyə edib ki, qəzalı evinin siyahıya alınması üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etsin. Bundan təxminən 20 gün sonra eyni qurum vətəndaşa göndərdiyi məktubda qeyd edib ki, qəzalı tikililərə icra hakimiyyətlərinin təqdim etdiyi siyahılar əsasında baxış keçirilib və bu proses yekunlaşdığı üçün onun evinə baxış keçirilməsi mümkün deyil.

Əsmər Abbasovanı düşündürən odur ki, əgər təbii fəlakətdən qəzalı vəziyyətə düşmüş mənzili vətəndaş özü təmir-bərpa etməlidirsə, o zaman təbii fəlakətlər baş verəndə dövlət büdcəsindən niyə milyonlarla pul vəsaiti ayrılır...
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Geri qayıt