Yas mərasimlərinə müdaxilə edən icra başçısı buna niyə göz yumur? - NARAZILIQ...

Yas mərasimlərinə müdaxilə edən icra başçısı buna niyə göz yumur? - NARAZILIQ... Aylardır ölkədə hökm sürən pandemiya ilə əlaqədar sanitar-gigiyenik tədbirlər gücləndirilsə də, təəssüf ki, yerlərdə hələ də bu kimi məsələlərə ciddi yanaşılmır. Konkret olaraq Şəmkir rayon Çaparlı kəndindəki antisanitar vəziyyət, daha dəqiq desək, kəndin giriş hissəsində mövcud olan böyük zibillik zonası əsl infeksiya mənbəyinə çevrilib.

KONKRET.az-a bu barədə adının çəkilməsini istəməyən kənd sakini yazaraq bildirir ki, ucu-bucağı bilinməyən bu zibillik kəndin əkin üçün yararlı olan torpaqlarını bərbad vəziyyətə salıb. “Yayın istisində burada üfunət iyindən adam boğulur”, – deyən şikayətçi bildirir ki, ən acınacaqlısı odur ki, zibilliyin hər iki tərəfindən neft və qaz kəmərləri keçir.

Redaksiyamıza daxil olan məlumatda vurğulanır ki, ümumən Şəmkir rayonunun demək olar ki, əksər kəndlərində təsərrüfat əhəmiyyətli torpaqları zəbt etmiş belə zibilliklər mövcuddur. Hansı ki, zibilləri zərərsizləşdirmək üçün rayon ərazisində kifayət qədər yararsız sahə var. Və hazırda zibilliyə çevrilmiş ərazilərdə iritutumlu zibil qabları yerləşdirməklə antisanitar vəziyyəti tam aradan qaldırmaq olar.

Qeyd olunur ki, bu barədə kənd bələdiyyəsinə, eyni zamanda, icra nümayəndəliyinə dəfələrlə müraciət olunsa da, heç bir tədbir görülməyib. Təəccüblüsü isə odur ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov konkret olaraq Çaparlı kəndinin girişində yerləşən zibillikli ərazidən dəfələrlə keçməsinə baxmayaraq, onu görməzdən gəlib.

Xatırladaq ki, Alimpaşa Məmmədov bir neçə müddət bundan öncə virusla mübarizə fonunda rayonda keçirilən yas mərasimlərinə müdaxiləsi ilə gündəmə gəlmişdi. Həmçinin pandemiya ilə əlaqədar olaraq rayon ərazisində fəaliyyət göstərən iri mağaza və marketlərdə dəfələrlə reydlər keçirib. Və nəticədə sanitar-gigiyenik, epidemioloji qaydaları pozduğuna görə bir neçə obyekt sahibi cərimələnib. Belə olan halda, bəs görəsən, icra başçısı kənd ərazilərinin təmizliyi və əhalisinin sağlamlığı qeydinə niyə qalmır?

Bu sualla Şəmkir Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə biz də müraciət etməyə cəhd göstərsək də, təəssüf ki, sorğumuza cavab ala bilmədik. Bununla belə ümid edirik ki, rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər fonunda bu problem də tezliklə öz həllini tapacaq.
Yas mərasimlərinə müdaxilə edən icra başçısı buna niyə göz yumur? - NARAZILIQ...

Geri qayıt