İcra başçısı həbs olunan rayonun bələdiyyəsinin əmlakı satışa çıxarılır

İcra başçısı həbs olunan rayonun bələdiyyəsinin əmlakı satışa çıxarılır İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Biləsuvar Bələdiyyəsini məhkəməyə verib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, nazirlilik Biləsuvar bələdiyyəsi 28 fevral 2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 29.980,24 manat və işsizlikdən siğorta fonduna 225,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 31.248 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib.

İddia ərizəsi onunla əsaslandırılıb ki, cavabdehin dövlət büdcəsinə məcburi dövlət sosial sığorta borcu və işsizlikdən siğorta fonduna borcu yaranıb, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini büdcəyə ödəmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılıb.

Həmin qərar əsasında yaranan vergi borcuna görə əmlakı siyahıya alınıb.

Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun dövlət büdcəsinə ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən vergi borcu ödənilməyib.

İddia ərizəsi baxılması üçün Şirvan Kommeriya Məhkəməsinə göndərilib.

Hakim Rafiq İsmayılovun sədrliyi ilə baş tutan iclasda iddia ərizəsi təmin olunub.

Biləsuvar bələdiyyəsinin siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılıb.

Qeyd edək ki, bu ilin aprelin sonlarında Biləsuvar İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənmisəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Qeyd edəkki, Səbail rayon Məhkəməsinin qərarı ilə Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.
Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Həmçinin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Xatırladaq ki, Mahir Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.
Geri qayıt