Saatlı sakinləri çətin durumda... - “Əkin sahələri, heyvanlar susuzdur”

Saatlı sakinləri çətin durumda... - “Əkin sahələri, heyvanlar susuzdur” Saatlının Mircəlal, Azadkənd, Çolpukənd, Nabatkənd, Fətəlikənd, Qaranur, Qarayevkənd, Şirinbəyin kəndlərinin su problemi var. DİA.AZ bildirir ki, bu barədə həmin kəndlərdə yaşayan sakinlər məlumat veriblər. Onlar nəinki içməli su, suvarma suyu ilə bağlı da böyük problemlər yaşadıqlarını söyləyirlər: “Bu kəndlərin hər biri pambıq əkir, bununla dolanır. İndi pambığın sulanma dövrüdür. Ancaq biz su tapmırıq. Yəni, artıq vəziyyət o həddə gəlib çatıb ki, insanlar məhsuldan əllərini üzüblər. Bir tərəfdən yayılan koronavirus, bir tərəfdən də su qıtlığı bizi qırıb batırır. Xahiş edirik, aidiyyatı qurumlar buna bir tədbir görsünlər”.

Şikayətçilərdən Rövşən Əliyev deyir ki, 2 həftə əvvələdək, vəziyyət daha da ağır olub. İndi az da olsa, növbəli şəkildə suvarma var. Ancaq verilən su həm azdır, həm də gecikir: “Məsələn, çoxumuz sahələrimizi suvarmamışıq. Bu, o deməkdir ki, məhsul olmayacaq. Çünki gecikirik. Problemin nə olduğunu isə tam açıqlamırlar. Hara gedirik, deyirlər, “səbr edin, düzələcək”. Artıq səbr kasamız dolub, biz torpaqdan, əkin-biçindən dolanan insanlarıq. Su olmasa, əkin də olmur, məhsul da. Biz nə edək? Hamı bilir ki, kənd yerlərində iş yerləri də olmur. Camaat təsərrüfatla, çətinliklə dolanır. Əkinçilik, heyvandarlıqla. İş orasındadır ki, heyvanlara verməyə də su tapa bilmirik”.

Rövşən Əliyev əlavə edir ki, su problemindən təkcə təsərrüfat sahəsində deyil, gündəlik həyatlarında da əziyyət çəkirlər. İçməyə, işlətməyə də su tapa bilmirlər: “Əkin sahələri, heyvanlar susuzdur. Bu, bir dərddir. Digər problem isə içməli, işlətməli suyun olmamasıdır. Yayın günüdür, inanın, yuyunmağa su tapılmır. Televizorda hər gün bağırırlar ki, əllərinizi yuyun, şəxsi təmizliyinizə fikir verin. Necə verək? Bu günlərdə də bizim su problemimiz həll edilməsə, durum daha da ağırlaşacaq”.

Sakinlər bildirirlər ki, kəndlərə maşınlarla su gətirilir. Əhaliyə paylanır. Ancaq bu su onların gündəlik tələbatlarına yetmir.
Geri qayıt