Kürdəmirdə çobanlara problem yaradılır - ŞİKAYƏT

Kürdəmirdə çobanlara problem yaradılır - ŞİKAYƏT «1 aydan sonra buralardan getməliyik və bir də qayıtmamalıyıq. İcra hakimiyyətinin başçısının qərarı belədir».

Mürvətovlar ailəsi 70 ilə yaxındır ki, sentyabrda Qəbələdən Kürdəmirin qışlaq ərazilərinə köç edib burada heyvandarlıqla məşğul olur, mayın sonunda Qəbələyə qayıdırlar. Ancaq deyəsən, bu dəfə qışlaqdakı daldanacaqlarını söküb, mal-heyvanlarını toplayıb buraları həmişəlik tərk etməli olacaqlar. Həm də təkcə Mürvətovlar ailəsi yox, uzun illərdir Kürdəmir qışlağında heyvandarlıqla məşğul olan və «köçəri camaat» adlandırılan 50-yə yaxın ailə də eyni aqibəti yaşamalı olacaq. Əli Mürvətov deyir, bu yaxınlarda ailələrə bildiriş gəlib ki, qışlaq sahələrindəki tikililər söküləcək, ərazi şumlanacaq və pambıq əkiləcək: «Biz bu həyat tərzinə alışmışıq. Heyvandarlıqla məşğul olur, yaşayırıq. Əlimizdən başqa iş gəlmir. Biri yaylağımıza göz dikir, biri qışlağımıza... Xalqın yaylağını, qışlağını əlindən almaqla yüzillik, minillik köç adətini də məhv edirlər. Mənim 80-ə yaxın yaşım var, indiyə kimi can ağrısı nədir, bilməmişəm. Uşaqlığım, cavanlığım, qocalığım yaylaqda, qışlaqda çobanlıq etməklə keçib. İndinin özündə də 200-300 qoyunu otarıram, bəsləyirəm, doğuzdururam, yorğunluq nədir, bilmirəm. Məni bu aləmdən ayırsalar, ölərəm».
Əli dayı deyir, qoyunçuluq təkcə həyat tərzi yox, həm də ruzidir, bərəkətdir, dolanışıqdır. Qışlağın əldən çıxması minlərlə heyvanın dəyər-dəyməzinə satılması, yüzlərlə ailənin ac qalması deməkdir.
Zakir Osmanov da çobandır. Deyir, atası dünyasını dəyişəndən sonra heyvanları qışlağa o gətirir: «Burda heyvandarlıqla, əkinçiliklə məşğul oluruq. Yaz gələndə yığışıb gedirik. İndi bizə maya qədər vaxt verilib ki, torpaqları boşaldaq, çıxıb gedək, özləri demiş, «vətənimizə». Bura da bizim vətən deyilmi? Qardaşım cəbhə xəttində qulluq edir, 50 ailəyə «yeriyin, gedin, qoyunlarınızı vətəninizdə otarın» deyən məmurun məntiqiylə, onda gərək qardaşım da elə öz kəndimizdə qulluq edəydi».
Yayı Qəbələdə, payızı, qışı Kürdəmirdə yaşayan «köçəri camaat», əsasən, heyvandarlıq və əkinçiliklə məşğul olur. 50-yə yaxın ailənin ümumilikdə 2 minə yaxın heyvanı var. Bu ilin fevralında icra hakimiyyətinin nümayəndələri xəbərdarlıq ediblər ki, bu yaz yığışıb gedəndə bir də geri qayıtmasınlar, torpaqlar pambıq əkini üçün ayrılıb.
Kürdəmir rayon İcra Hakimiyyətindən bildirilib ki, bu ilin yanvarında Nazirlər Kabineti «Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları»nı təsdiqləyib. Bu qərara əsasən, Kürdəmirdə də bəzi torpaq sahələrinin təyinatının dəyişdirilərək əkin üçün hazırlanması nəzərdə tutulub. Ancaq qurumdan sahədə hansı əkin işlərinin aparılacağı bildirilməyib. Fermerlərsə «bizə deyiblər ki, bura başdan ayağa pambıq tarlası olacaq» söyləyirlər.
Kənd təsərrüfatı məsələləri üzrə mütəxəssis Füzuli Hüseynov deyir, hökumət əvvəl fermerlərə heyvandarlığı davam etdirməyə başqa ərazidə sahə ayırmalı, sonra bu işə qol qoymalıdır. Fermerləri yaylaq və qışlaqlardan «qovmaq» tezliklə ölkədə fermerlik sahəsinin tamamilə çökməsinə səbəb ola bilər.
«Hamı yaxşı bilir ki, yüzlərlə, minlərlə qoyunu qapalı şəraitdə saxlamaq qeyri-mümkündür, bunun üçün kəndlilərin nə yeri, nə də yemi var. Bir tərəfdən, pambıqçılığı inkişaf etdirib, o biri tərəfdən fermerlik sahəsini yox etmək onsuz da çətinə düşmüş iqtisadiyyatın durumunu daha da böhrana sürükləyə bilər», - ekspert bildirib.
Geri qayıt