Ağdam icra başçısının menyusuna...

Ağdam icra başçısının menyusuna... İlk olmadığı kimi, sonuncu olamayacağı da şübhəsizdir... Bizim məmur kütləsi həmişə özəlliyi ilə seçilib-istər sıradan ölkə insanı üçün, istərsə də media ilə bağlı özünəməxsus şıltaqlığı, sayqısızlığı ilə . Təəssüf ki, hələ də, yüksək çinli məmurlar sırasında nə yazılmış, nə də yazılmamış qanunları görməzdən gələnlər yerlərini qoruya bilir. Bu problem olaraq dünən də aktual idi, bu gün də aktualdır... Nə yazıq ki, sabah da aktuallığını qoruyacaq kimi görünür. Nə isə,... Bu dəfələrlə yazılmasına baxmayaraq, yenə də yazılması vacib olan mövzusudur ki, var.

***

Elə biz də yenixeber.org olaraq bu günlərdə növbəti bir məmur “qəhrəmanlığı” ilə qarşılaşmalı olduq. Redaksiyamıza Ağdam Rayon İcra Hakimiyyətinin “Qarabağ Təmir-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Qarabağ-81” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müxtəlif işlərlə bağlı əməkdaşlığından bəhs olunan məlumatlar daxil olmuşdu. Biz də bəlli qanun və prinsiplərə uyğun olaraq Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənova online sorğu ünvanladıq. Ki, qarşı tərəf olaraq məlumatlara aydınlıq gətirilsin.

Təəssüf,... nə qədər arzuladığımız olmasa da, təəccüb doğuran “cavab” aldıq. Hörmətli Vaqif müəllim beşsaatyarımdan sonra bəndənizin mobil telefonuna zəng edib da, sorğumuza nə cavab verdi...? Bizə Respublika Baş Pokurorluğunda işləmədiyimizi xatırladıb da, dəxilsiz bir hüquq-mühafizə orqanına müraciət edəcəyi ilə, təhdiddə bulundu(?) Sən demə biz media orqanı olaraq cəbhə bölgəsində yerləşir deyə, bir rayonda dövlət vəsaiti ilə gerçəkləşən layihələrlə maraqlanmağla qəbahət etmişik(?)

İcra başçısına xatırlatma

Təəccüb doğuran reaksiyası hörmətli Vaqif müəllimə vacib olacaq bir neçə faktoru xatırlamağımızı zərurətə çevirdi. Əvvəla, prezident təyinatlı bir vəzifənin sahibi kimi Vaqif Həsənov bilməmiş deyil ki, Azərbaycan Respublikasında söz, media azadlığı var və bu azadlıq Azərbaycan Respublikasının İnformasiya Əldə Etmək Haqqında və Kütləvi İnformasiya Vasitələri Haqqında Qanunları ilə də tənzimlənir. Azərbaycan Respublikasının bəlli beynəlxalq təşkilatlarla media azadlığı ilə bağlı əməkdaşlığı da illərdir ki, davam edir... Və media ilə əməkdaşlıq, ünvanlanan sualları cavablandırmaq hörmətli icra başçısının vəzifə borclarından biridir. Bizim informasiya alıb-yaymaq hüququmuz kimi...

İkincisi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev cəmiyyətə açıqlığı, media ilə münasibətləri baxımından az sayda dünya ölkələrinin liderləri ilə bir sırada yer alır. Medianın fəaliyyətini həmişə yüksək qiymətləndirmiş və jurnalistləri özünə dost bilir... Ən azı bu səbəblərdən Vaqif Həsənovun “cavab”ı anlaşılmazdır.

Üçüncüsü, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənova ünvanladığımız sorğuda dövlət vəsaitinin xərclənməsi ilə görüləcək işlərlə bağlı suallar sıralanıb. Söhbət heç də az olmayan məbləğdə dövlət vəsaitinin xərclənməsindən gedir. Bu problem isə dünən olduğu kimi, bu gün də aktualdır. Sirr deyil ki, Tenderlər yolu ilə dövlətin pulunu “sağ cibdən çıxarıb, sol cibə qoymaq” kimi əməllər də var... Elə son zamanlar Dövlət Təhlükəsizlik Xidmətinin icra hakimiyyətlərində və nazirliklərdə apardığı araşdırmalarla da Tender adlı oyunla büdcə vəsaitinin necə yeyilməsi bəlli olmaqdadır. Bu problemlə bağlı ekspertlər, millət vəkilləri də narahatlıqlarını açıqlayırlar.

Ən əsası isə cənab prezident də dəfələrlə büdcə təşkilatlarını rəqəmləri şişirtməkdə, beləliklə də dövlət vəsaitini mənimsəməkdə, özbaşınalıqda qınayıb və xəbərdarlıq edib. Bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində olan müşavirədə dövlət başçısının çıxışından: "Baş Nazir, maliyyə naziri və iqtisadiyyat naziri, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır... Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri, əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir".

Göründüyü kimi bu həlli vacib problem olaraq dövlət başçısı səviyyəsində səsləndirilir. Bu istiqamətdə isə ölkə mediası da kənarda qala bilməz və qalmamalıdır da. Media problemin araşdırılıb, ictimailəşdirilməsi kimi başlıca funksiyalarından birinin icrasında bulunmalıdır.

İlin-günün bu çağında-dövlətin məlum maliyyə-iqtisadi durumunda isə bu problem aktuallığını birə-beş artırmış olur.

Elə isə bir büdcə təşkilatı olaraq Ağdam Rayon İcra Hakimiyyəti də cəmiyyətə açıq olmaqda, şəffaf fəaliyyətdə maraqlı olmalıdır. Biz əsla o iddiada deyilik ki, Vaqif Həsənovun rəhbərlik etdiyi rayonda toxunduğumuz problem var və kimlərinsə maraq mərkəzindədir.

Və sonda

Son səkkiz ayda beş həmkarını həbs edən bir dövlət orqanına Vaqif Həsənovun göstəriş verəcək kimi odlu-alovlu danışması hansı səbəblərdən qaynaqlanır belə? Bu cəsarəti necə anlayaq?

Bir dövlət qurumu üçün medianın sorğusunu cavablandırmaq- altı suala altı cümləlik cavab yazmaq bu qədərmi zor oldu? Və s.

Əgər sorğumuzda bir qüsur varsa da belə, bu qarşı tərəfə təhdid etmək kimi bir əsas vermir...Mobil telefonun texniki imakanları çox genişdir-cərrah bıçağı kimi. Bir cərrahiyyə bıçağı ilə dirini öldürməyin, ölüm məqamında olanı dünyaya qaytarmağın mümkün olduğu kimi...

Nəhayət, Vaqif müəllim müxtəlif vəzifələr görmüş, yetkin səlahiyyət sahibi kimi tanınır. Bu səbəbdən də, ümüd edək ki, çox keçmədən sorğumuz cavablandırılacaq və biz də mövzu ilə bağlı geniş yazı hazırlaya biləcəyik.
Geri qayıt