Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY

Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY Saatlının Azadkənd kəndinin sakinləri deyir ki, dolanışıqları kənd təsərrüfatından - əkinçilik və maldarlıqdan çıxır. Amma son illərdə artıq bununla da məşğul ola bilmirlər. Çünki kənddə həm su tapılmır, həm də örüş yerləri imkanlı, vəzifəli adamlara satılıb. Yaranmış durumla əlaqədar müxtəlif dövlət orqanlarından kömək istəsələr də, hələlik nəticə yoxdur.

DİA.AZ bildirir ki, bu barədə danışan Azadkənd sakini Abbas Hacıyev deyir ki, son günlərin ən böyük problemlərindən olan susuzluq kənd camaatına böyük əziyyət verir. Onun sözlərinə görə, cəmi iki gündür arxa su gəlib. Bu da yalnız motorlarla sahələrə vurmağa yarayır: “Əkini ancaq belə suvarmaq mümkündür. Deyilənə görə, yeni şumlanmış sahələr üzündən qıtlıq yaranıb. Hacı İbrahim Nehrəmlinin, bizim icra başçısının müavini İlham Quliyevin əkin sahələri olduğu deyilir. Suyun qarşısını kəsib ora yönləndirirlər. Camaata elə su verirlər ki, heç heyvanlar da içmək istəmir. Təsəvvür edin, o suyu biz içməliyik...”

40 yaşlı kənd sakini danışır ki, o, gözünü açandan burada normal qaydada kranı açanda su gəldiyini görməyib. Bu illər ərzində Azadkənddə normal su sistemi olmayıb. İndi durum lap ağırlaşıb. Sakinlər bir neçə gün heç olmasa, keyfiyyətsiz suyu tapsalar da, sonradan həftələrlə susuz qaldıqları olur: “Bu kənddə heç vaxt kranı açıb su içməmişik. Belə bir şey görməmişik. İndi hərə həyətdə bir hovuz tikib. Su gələndə oranı doldurmağa çalışırlar. Çünki camaat bilir ki, indi su var, sonra 20 gün, bir ay olmayacaq”.

Abbas Hacıyev deyir ki, örüş yerlərinin satılması problemi kənddə çoxdan var. Bələdiyyə strukturu olandan camaat belə problemlə üzləşir. Son illər vəziyyət bir az da pisləşib. Abbas Hacıyev kənd bələdiyyəsinin 500 hektardan çox ərazini öz adamlarına satdığını iddia edir.

“Bizim heyvanlarımızı otarmağa yerimiz yoxdu. Kənddə hamıya pay torpaqlar verilib. Bəzi adamlar həmin əkin sahələrini satıb, bələdiyyədən daha ucuz qiymətə örüş yerlərini alır. Heyvanlarımız qırılır acından. Dəfələrlə müxtəlif yerlərə müraciət eləmişik. Əsas istəyimiz odu ki, heyvanların örüş yeri qayıtsın. Şəhərdən kəndə qovurlar ki, gedin, heyvan saxlayın. Kənddə heyvanlarımız acından qırılır. Neyləyək, heyvanları satıb şəhərə qayıdaq? Bizim əsas dolanışığımız heyvandarlıqdandı axı”, - kənd sakini deyir.

Örüş yeri problemi ilə üzləşənlər müxtəlif dövlət orqanlarına şikayət edib. Məsələn, Ədliyyə Nazirliyinə məktub məhz karantin dövründə göndərilib. Nazirlik də araşdırmaq məqsədilə bələdiyyəyə məktub ünvanlayıb: “Bələdiyyədən nazirliyə cavab məktubunda yazıblar ki, o sahələr örüş yerləridir, sadəcə, dəfələrlə xəbərdarlığa baxmayaraq, bəzi vətəndaşlar oraları zəbt edib. Bizim məktubumuza isə bələdiyyənin başçısı Fuad müəllim ümumiyyətlə, cavab da vermir. İcra başçısına göndərilən məktuba da cavab almamışıq. Təkcə Ədliyyə Nazirliyi və prokurorluq reaksiya verib. Respublika Prokurorluğunun cavabında yazılmışdı ki, iş gedir, araşdırılır, sizə məlumat veriləcək. Ayın sonunda araşdırma bitməliydi...”

Saatlıda camaat çıxılmaz vəziyyətdə...
Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY
Geri qayıt