Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..."

Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..." Astara rayonun Vaqo kənd sakini, Qarabağ müharibəsi veteranı İmran Məmmədov-un yaşadığı ev dağ ətəyində yerləşir. DİA.AZ-ın məlumatına görə, evin müxtəlif yerlərində yaranmış çatları göstərib deyir ki, son 3-4 ildə ev belə yararsız hala düşüb: “Bir vaxt üstümzə uçacaq. Bu ev ötən əsrin 90-cı illərində tikilib. Elə də köhnə deyil. Birdən-birə ev hər yerdən çat verməyə başladı. Səbəbini bilmirəm. Dağ ərazisidir, bəlkə nə isə baş verir? Çatlar dərinləşir.”

İ.Məmmədov daha sonra da əlavə edir: “Qarabağ döyüşlərində iştirak etmişəm. Həm də əsgər atasıyam. Bir oğlum orduda xidmət edir. Digər oğlumun hərbi xidmət vaxtı çatıb. Siz gördünüz, burda yol yox, təbii qaz yox.”

O, iqtisadi vəziyyətin də yaxşı olmadığını söyləyir: “Aldığım əməkhaqqı çörəyə çatır. Əlavə nə isə alım, mümkün deyil. İmkanım olsaydı özüm evə əl gəzdirərdim. Əvvəllər yaxın ərazidə sürüşmə baş vermişdi. Orada bir ev dağıldı. Mənə deyirlər ki,burada sürüşmə yoxdur.”

İmran Məmmədov kəndin qayğılarından da danışır. O yaşadığı əraziyə təbii qazın çəkilmədiyini söyləyir: “Üç ev o tərəfdə qaz var. Bizdə yoxdur. Elə böyük məsafə də deyil. Qışda əziyyət çəkirik. Odun da yoxdur. Ev hər yerdən dağılıb, qışda elə bil ki, açıq havada yaşayırıq. Bu səbəbdən odun sobası evi qızdıra bilmir. Heç olmasa qaz versinlər.”

Evin arxa divarı da əyilib.

İmran Məmmədov rəsmi orqanlara müraciət etdiyini də deyir: “Çoxlu şikayət məktublarım var. Gəldilər, baxdılar, dedilər ki, evin sənədi yoxdur. Get sənədləşdir. Evin sənədləşdirlməsi də pul istəyir. Hardan gətirim? Torpağın sənədi var. Dedilər nə olsun evin sənədini ver. Bu ərazidə tikilən evlərin çoxunun sənədi yoxdur. Hökmət bunu nəzərə almalıdır. Vətəndaşı təhlükə altında qoyublar, sənəd istəyirlər. Belə dərd olar?”

O etdiyi şikayətlərin cavablarını göstərir: “Bu qədər laqeyd olmazlar. Məni və oğlanlarımı sənədli, sənədsiz tapıb orduya aparırlar. Evim üçünsə sənəd istəyirlər. Bu ev dağılır. Altında qalarıq. Heç kimin vecinə deyil. Sənəd də olsaydı, başqa bəhanə tapardılar. Mənim evimdir, 30 ilə yaxındır bu evdə yaşayıram, rəsmi ünvanı var.”

İmran Məmmədov evin qəzalı vəziyyətdə olması ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə də məktubla müraciət edib.

Nazirlik məktubu öz növbəsində tədbir görmək üçün Astara Rayon İcra Hakimiyyətinə göndərib. Veterana Astara Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsindən cavab məktubu gəlib. Məktubda bildirilir ki, torpağın və evin hüquqi sənədləri təqdim edildikdən sonra Azərbaycan Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinə müraciət olunacaq.

Veteran isə cavabdan razı deyil. O deyir ki, onu top kimi ora-bura atırlar: “Evdə məktub qoymuşam. Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm...”
Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..."


Geri qayıt