"YADELLİ ÜNSÜRLƏR TARİXİ MEŞƏLƏRİMİZİ MƏHV EDİRLƏR- PREZİDENTƏ MÜRACİƏT

"YADELLİ ÜNSÜRLƏR TARİXİ MEŞƏLƏRİMİZİ MƏHV EDİRLƏR- PREZİDENTƏ MÜRACİƏT ​“Şəki rayonun Baqqal kəndi yaxınlığındakı yüzlərlə ha meşə dolaylarının ağır texnikanın köməyilə tamamilə, “Sarıca” və “Qaraqul” adlanan ərazilərdəki qış otlaq sahələrindən​ isə​ 500 ha-nın əkilərək məhv edilməsinin dərhal qarşısının ​ alınmasıilə” bağlı

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ M Ü R A C İ Ə T​

​ ​ ​ ​ ​ Çoxhörmətli cənab Prezident İlham Əliyev!

İndiki ağır pandemiya dövründə bizim bir mətbuat işçisi və bir vətəndaş olaraq ölkəmizin yaşadığı indiki ağır iqtisadi böhran dövründə hamılıqla vəziyyətdən çıxış yolları axtarırıq. Lakin çox təəssüflər olsun ki, belə bir zamanda Şimal-Qərb zonasında hazırda baş verən və verməkdə davam edən dövlət və xalq əleyhinə olan xoşagəlməz hadisələr onu deməyə əsas verir ki, yerli hakimiyyət belə bir ağır dönəmdə dövlət başçısı ətrafında sıx birləşmək və böhrandan birlikdə çıxmaq əvəzinə, yenə də əvvəlki illərdə olduğu kimi şəxsi qazanclarını fikirləşirlər. Və çox ağrıdıcı haldır ki, bu “qazanclar”ən vicdansız üsullardan istifadə edilməklə əldə edilir. Bölgədə konkret nə baş verir? Yerli sakinlərin verdiyi məlumatlardan aydın olur ki, Şəki rayonun Baqqal kəndindən Baş layısqı və Cunud kəndləri arasında olan 10 km-lik məsafədə yerləşən qədim meşə ərazisi ağır texnikaların cəlb edilməsilə məhv edilməyə başlanılmışdır. Belə ki, iyunun 20-də də əlavə olaraq buraya ​ 4 ədəd sepli ağır tonajlı buldozerlər gətirilmişdir ki, min ha-dan ​ çox olan və ən çoxu qoz, fısdıq, palıd, armud, sarağan ağaclarından ibarət meşə massivi hansısa özəl​ təşkilat tərəfindən hal-hazırda yerlə-yeksan edilməkdədir. Meşə və meşəərafı düzənlik örüş sahələrinin ( kimlərsə tərəfindən çox güman ki, fındıq bağlarının salınması) məqsədilə zəbt edilməsi ən azından ürəkağrıdan bir hadisədir. Min illərin meşə genefonduna belə amansızcasına divan tutulması faktlarına yalnız XX əsrın 90-cı illərində erməni faşistləri tərəfindən ​ Dağlıq Qarabağın işğal olunmuş ərazilərində rast gəlinmişdir. Budur, bu gün gözümüzün önündə tarixi vandalizm ​ Oğuz-türkünün dədə-baba torpağında təkrarlanmaqdadır.Yəni, tarixi Cunud meşəsi kimi tanınan böyük bir meşə dolayı mənəviyyatı aşınmış işbazların arzu və istəyi nəticəsində tarixin arxivinə gömülməkdədir.

Bu yerdə tarixi faktı xatırlatmaq yerinə düşərdi. Həmin meşələrin məhv edildiyi ərazidən Qax rayonu istiqamətində 2 km qərb hissəsində, daha doğrusu Şəki rayonun 2-ci Biləcik kəndindən Qax rayonun Qaşqaçay kəndi istiqamətində 1734-cü ildə Nadir şahın vergi toplayanlarının iqamətgahı yerləşmişdir. Və həmin ildə vergilərin artırılmasına etiraz olaraq şərq tərəfdən Göynük mahalının, qərb istiqamətindən Car-Balakən mahalının Tala kəndi kişilərinin bir gecəlik hücumu nəticəsində 100-ə yaxın vergitoplayanın başları kəsilmişdir.Və qısa müddətdə Nadir şah bu etiraz dalğasının yayılmaması üçün özünəməxsus 1000 nəfərlik cəza dəstəsini bu əraziyə göndərmişdir. Cəza dəstəsi vergitoplayanların yerləşdiyi kənddə yaşayan bütün dinc əhalini məhv etmiş, kəndi isə ​ tamamilə yandırmışlar. Qəribədir ki, son 286 ildə yerli əhali qan tökülən və tarixdən silinmiş bu kəndi lənətlənmiş ərazi kimi bərpa etməmişlər. Yalnız son 3 ildə Şəki rayon İcra Hakimiyyətinin məmurlarından birinin qoyduğu sərmayə ilə yandırılmış bu kəndin ərazisində fındıq bağı salınmışdır. Biz bu xatırlama ilə onu nəzərə çatdırmaq istəyirik ki, yerli meşələrə, torpaqlara, örüş sahələrinə qarşı yadelli şəxslərin aqressiv davranışlarının qarşısı vaxtında alınmasa, səbri daşan ​ yerli sakinlərin qan yaddaşı bir gün bərpa oluna bilər.

​ ​ ​ Digər fakt ondan ibarətdir ki, Şəki rayonun “Sarıca” və “Qaraqul” adlann ərazilərindəki 500 ha –a qədər qış otlaq sahələri qoyunçuluq üzrə fermerlərin əlindən 2018-ci ilin yazında alınaraq yenidən 49 illik saxta müqavilə əsasındda heç bir qoyunu və yaxud danası belə olmayan Şəki İH-ti Aparatı məmurlarının yaxın adamlarının hər birinə 250 ha, 113 ha və 100 ha olmaqla ​ icarəyə verilmişdir. Və fermer adı altında bu adamlar qanuna zidd olaraq son iki ildə qış otlaq sahəsinin hamısını əkərək buğda səpmişlər. Hansı ki, bu ərazinin 340 ha-ı Selbasan kənd sakini olmuş, azsaylı xalqalardan olan ( Tsakur millətindən olan) fermer İslam Qasımoğluna 2007-cı ildə qoyunçuluq təsərrüfatının inkişaf etdirilməsi üçün 15 illik icarəyə verilmişdir. Bu şəxsin həmin ərazilərdə fermalarının, xırda buynuzlu heyvanlarının olmasına baxmayaraq icarə müqaviləsinə səbəbsiz olaraq vaxtından əvvəl xitam verilərək örüş sahəsi əlindən alınmışdır. ​

​ ​ ​ ​ Cənab Prezident, və hörmətli xanım Mehriban Əliyeva! Siz tez tez Azərbaycanın müxtəlif ərazilərində olarkən ağacəkmə kampaniyalarında şəxsən iştirak edirsiniz. Azərbaycan ərazilərində olan qoruqların flora və faunanın qorunmasına xüsusi diqqət yetirirsiniz. ​ Ancaq ETSN Şəki-Qax ​ Meşə Təsəsrrüfatı İdarəsi işçiləri dövlət rəhbərliyinin siyasətinin əksinə olaraq gözləri qarşısında Şəki ərazisində yerləşən 4000 illik tarixə malik qədim Cunud meşəsi ermən işğalçılarından elə də fərqlənməyən yerli ​ işbazların hazırda meşəyə yeritdiyi ağır texnikaların köməyilə məhv etmələrini passiv tamaşaçı kimi seyr etməkdə davam edirlər. ​ Adamın inanmağı gəlmir ki, ETSN yerli qurumundan başqa, Şəki rayon​ İH-nin, polisin, DTX-nın yerli filialının, prokurorluq orqanları rəhbərlərinin dövlət və ictimaiyyət əleyhinə törədilən bu vandalizmdən xəbəri olmasın. Sadəcə anlaşılan budur ki, rəhbər şəxslərdə aşınmanın səviyyəsinin son həddi bu qanunsuz hərəkətlərə rəvac vermişdir.

Ona görə də Sizlərdən çox xahiş edirəm ki, Şəki rayonun Baqqal kəndindən Cunud kəndinədək uzanan tarixi meşələrinin barbarcasına darmadağın edilməsi, “Sarıca” düzndəki qış otlaqlarının tamamilə məhv edilməsi faktlarının yerində araşdırılmasına, ağır texnikaların dərhal meşə ərazisindən uzaqlaşdırılmasına və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Hörmətlə, müstəqil araşdırmaçı jurnalist​ Məmməd ƏHMƏDOĞLU​

Əlaqə: ​ (070-7111289, 050-3598632)
Geri qayıt