Bələdiyyə sədri dəmir yolunun mühafizə zolaqlarını satır – Salyanda

Bələdiyyə sədri dəmir yolunun mühafizə zolaqlarını satır – Salyanda Həmin ərazilərdə artıq heyvan saxlamaq üşün təsərrüfatlar yaradılıb...
Salyan rayonu Kürqaraqaşlı bələdiyyəsinin sədri Telman Ağabəyov Salyan-Neftçala dəmir yolu xəttinin 30 metrlik mühavizə zolağını 15-dən artıq fərdi vətəndaşa satıb. Kürqaraqaşlı kənd sakinlərinin PİA.az-a ünvanladıqları şikayətdə bildirilir ki, bələdiyyə sədri “Azəbaycan Dəmir Yolları” QSC-yə, o cümlədən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ACS-yə aid olan mühafizə zolaqlarını qanunsuz olaraq satıb və bu zaman ərazidə tikinti işlərinə başlayan şəxslərə heç bir sənəd təqdim etməyib. Əslinə baxılırsa, bələdiyyə sədrinin dəmir yol xəttinin və ana kollektorların mühafizə zolaqları ilə bağlı hər hansı sərəncam verməsi hüquqi cəhətdən mümkün də deyil. Çünki sözü gedən ərazilər bələdiyyə torpaqlarına aid deyil və bu torpaqlar “Azəbaycan Dəmir Yolları” QSC-nin və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ACS-nin balansındadır. Dəmir yollarının və ana kollektorların mühafizə zolaqlarında tikinti işlərinin aparılması isə qanunla qadağandır.

Şikayətçilər bildirilər ki, yeni salınan heyvandarlıq təsərrüfatları onların pay torpaqlarına təhlükə yaradır. Həm əhalinin pay torpaqlarına gedən yollar bağlanır, həm də heyvanlar artıq onların əkin sahələrinə ziyan vururlar. Şikayətçilər məsələ ilə bağlı “Azəbaycan Dəmir Yolları” QSC-nin və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ACS-nin yerli qurumlarına müraciət etsələr də, şikayətlərə heç bir reaksiya verilməyib və əslində “Azəbaycan Dəmir Yolları” QSC-nin və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ACS-nin yerli qurumları Kürqaraqaşlı bələdiyyəsinin sədri Telman Ağabəyovla həmrəydirlər və belə görünür ki, ərazilərin satışını əlbir şəkildə həyata keçiriblər.

Qeyd edək ki, şikayətlə ilə bağlı PİA.az-ın əməkdaşı Kürqaraqaşlı bələdiyyəsinin sədri Telman Ağabəyovla əlaqə saxlayıb. Bələdiyyə sədri birinci zəngimizdə maşında olduğunu söyləyərək bir qədər sonra zəng etməyimizi xahiş elədi. Daha sonra isə gün ərzində etdiyimiz zənglərə cavab vermədi.
Geri qayıt