Cəlilabad Mərkəzi Xəstəxanasında bazar açıblar - GİLEY

Cəlilabad Mərkəzi Xəstəxanasında bazar açıblar - GİLEY Cəlilabad rayon Gülməmmədli kənd sakini Abbasov Vidadi Qurbanxan oğlu Moderator.az-a ünvanladığı şikayət məktubunda Baş Prokuror Kamran Əliyevdən kömək istəyib.

Məktubda deyilir:

Hörmətli Baş Prokuror!

Mən Abbasov Vidadi Qurbanxan oğlu 1961-ci ildə Cəlilabad rayon Gülməmmədli kəndində anadan olmuşam. Ailəliyəm beş övladım var. Ötən il oğlumun birini Bakıda avtomobil qəzasında itirdim. Özüm astma xəstəsiyəm və övladımı itirəndən sonra səhhətimdə daha da ciddi problemlər yaranmağa başladı. Bundan sonra qərara gəldim ki, sənədlərimi Cəlilabad rayon Mərkəzi Xəstəxanasına verərək mənə pensiya təyin olunması üçün müraciət edim.
Xəstəxanada bu işlərlə məşğul olan travmatoloq Babaxan Nəsirovla tanış olduq və o, sənədlərimi qəbul edərək bunun mümkün olduğunu bildirdi. Sonradan gördüm ki, oğlum Şahinlə təkbətək söhbət edir. Öyrəndim ki, sən demə, B.Nəsirov məni komissiyadan keçirmək üçün oğlum Şahindən 2500 manat pul alıb. Pul ona 2019-cu il martın 11-də verilib. Mən pulu geri istəsəm də artıq gec idi, həkim dedi ki narahat olma, səni komissiyadan keçirmək üçün müəyyən məbləğdə pul lazım idi, sənədlərini Bakıya yollamışam.

Hörmətli Baş Prokuror!

Hadisənin üstündən bir ildən çox vaxt keçməsinə baxmayaraq B.Nəsirov nə pulumu qaytarır, nə də sənədlərimi. Heç pensiya da düzəltməyib. Bizə rayonda onu tanıyan şəxslər dedilər ki, o, sizin kimi bir çox sakinlərə bu şəkildə pul “atıb”. Hətta ona cinayət işi də açılıb. Mən indiyə kimi yollardayam, B.Nəsirovdan pulumu istəsəm də, o, mənə hər dəfə söz verir, amma dediyi vaxtda yenə sözünə dönük çıxır. Hər dəfə şikayət verməyim deyə üstümə müəyyən adamlar göndərir. Sizdən xahişim odur ki, məsələylə bağlı ciddi araşdırma aparılması üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz”.

Redaksiyadan: Məsələylə bağlı B.Nəsirovla əlaqə saxlamaq istəsək də telefon zənglərimizə cavab vermədi. Bundan sonra sms yazıb bizimlə əlaqə saxlamasını və ittihamlara cavab verməsini xahiş etdik, ancaq həkim bu dəfə ümumiyyətlə, telefonunu söndürdü.

Biz Cəlilabad Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Azadxanovla əlaqə saxladıq və o indi başının koronavirus xəstələrinə qarışıq olduğunu bildirərək bu məsələni sonraya saxlamağımızı xahiş etdi:

“Hazırda biz xüsusi rejimli bir xəstəxanaya çevrilmişik. Xəstəxanamız bağlıdır və Kovid-19 pandemiyasına yoluxmuş ağır xəstələrlə mübarizə çərçivəsində onların həyatı üçün çarpışırıq. Ona görə bu cür şikayətləri sonraya saxlamanızı sizdən xahiş edirəm”.
Geri qayıt