Azərbaycanda məmur 70 yaşlı qocaya “düdük” deyib - GİLEY

Azərbaycanda məmur 70 yaşlı qocaya “düdük” deyib - GİLEY Ucar rayonunun bir qrup sakini ölkə başçısına, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə və Ombudsmana ünvanladıqları məktubda Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevdən şikayət edirlər. Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən məktubda S.Nuriyevin vətəndaşlarla olduqca kobud, təhqiredici rəftarından və digər qanunsuz əməllərindən söz açılır.

Şikayətçilərin məktubunda ayrı-ayrılıqda idarə rəisinin vətəndaşlarla kobud davranışlarını əks etdirən epizodlara yer verilir və qeyd olunur ki, S.Nuriyevin təhqirlərinə məruz qalan Ucar sakinləri kifayət qədər çoxdur: “Bu şikayət ərizəsini imzalayan hər bir Ucar rayon sakini Samir Nuriyevin kobud rəftarına, təhqirinə, qanunsuz əməllərinə məruz qalıb. Xahiş edirik ki, şikayət ərizəmizi yerində, bizim iştirakımızla araşdırıb vətəndaşlarla etikadan kənar, kobud rəftar edən, insanları açıq-aşkar, çəkinmədən təhqir edən Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin barəsində ciddi tədbirlər görəsiniz”.

Mehdiyev Bayram Qüdrət oğlu: “70 yaşım var, qoca insanam. El-oba arasında nüfuz və hörmətim var. Oğlum Asif 2018-ci il tarixdən işsiz kimi Ucar rayon Məşğulluq Mərkəzində qeydiyyata alınıb. Ata olaraq narahat olub, oğlum Asifin işi ilə maraqlanmaq üçün Ucar rayon Məşğulluq Mərkəzinə getdim. Həmin vaxt oranın müdiri Samir Nuriyevə oğlum Asif Mehdiyevin işsiz kimi burada qeydiyyatda olmasını bildirib, nə vaxt işlə təmin olunacağını soruşduqda ucadan qışqıraraq "İş yoxdur, buranı tərk et" dedi və kobud hərəkətlər etdi. Mən ondan övladım yaşda olduğunu bildirib etikalı, səbirli danışmağı, kobudluq etməməyi xahiş etdikdə, daha da coşub mənə qışqıra-qışqıra dedi ki, “mən sənin övladın ola bilmərəm, rədd ol burdan çıx get, düdüyün biri düdük”.

Bunu deyərək, məni nalayiq şəkildə təhqir etdi. Mənim 70 yaşım var, indiyə qədər belə ədəbsiz, nalayiq hərəkət edən, insanları alçaldan vəzifəli şəxslə rastlaşmamışdım. Sonradan mənə tanışlar dedilər ki, Ucar rayon Məşğulluq Mərkəzinin müdirinin xasiyyəti belədir…”

Şirinov Raqif Ayaz oğlu: “Himayəmdə iki azyaşlı uşağım var. Həyat yoldaşım və mən işsizik. İşlə təmin olunmaq üçün uzun müddətdir ki, Ucar rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. İşlə maraqlanmaq üçün Ucar rayon Məşğulluq Mərkəzinə getmişdim. Mərkəzin müdiri Samir Nuriyev mənimlə kobud rəftar etdi, mənə dedi ki, işin yoxdursa, ailəni dolandıra bilmirsənsə get özünü öldür. Mən bundan çox məyus oldum ki, ali təhsilli idarə rəhbəri gör mənə nə təklif edir. Bunu təsdiq edən şahidlər var ki, araşdırma aparılan zaman adlarını göstərəcəm. Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev demək olar ki, hər gün vətəndaşlarla belə kobud rəftar edir...”

Səfiyev Haqverdi Səfi oğlu: “3-cü qrup gözdən əliləm. Buna görə hər ay 230 manat təqaüd alıram. Himayəmdə 8 yaş, 7 yaş və 9 aylıq olmaqla, 3 uşaq var. İki uşağım məktəbli olsa da imkansızlıqdan dərsə getməyiblər. Çünki ailəmizdə heç kəs işləmir. Yalnız 3-cü qrup əlilliyə görə aldığım 230 manatın ümidinə qalmışıq, yoxsulluq və səfalət içində yaşayırıq. Mən özünüməşğulluq proqramında iştirak edib aktivlə təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzinə müraciət etdim. Müdir Samir Nuriyev mənə qarşı kobudluq göstərdi və etik normalara uyğun olmayan kobud rəftar etdi. Buna görə, bir daha Ucar rayon Məşğulluq Mərkəzinə getmədim…”

Məktubda Ucar rayon Məşğulluq Mərkəzinin müdiri ilə bağlı daha bir neçə rayon sakininin şikayətləri yer alır - Ucar rayon sakinləri:

1) Mehdiyev Bayram Qüdrət oğlu; Ucar şəhəri Dədə-Qorqud Yaşayış Məhəlləsi 2) Şirinov Raqif Ayaz oğlu; Ucar şəhəri H.Əliyev küçəsi bina 136 mənzil 11

3) Səfiyev Haqverdi Səfi oğlu; Ucar rayonu Bağman kənd sakini 3-cü qrup gözdən əlil

4) İsmayılov Fikrət Qüdrət oğlu; Ucar şəhəri Vaqif küçəsi ev 8

5) Kərimbəyli Emin Mustafa oğlu; Ucar şəhəri Həzi Aslanov küçəsi 13

6) Zakirov Təvəkkül Müğdət oğlu: Ucar rayonu Məlikballı kənd sakini

7) Səfərov Elman Ağalı oğlu; Ucar şəhəri H.Əliyev küçəsi bina 26

8) Həsənov Sarvan İbrahim oğlu Ucar rayonu Qarabörk kənd sakini
Geri qayıt