DAŞKƏSƏNDƏ QAN ÇANAĞI, MƏMURLARIN YAYLAQ ALVERİ, BİR DƏ...

DAŞKƏSƏNDƏ QAN ÇANAĞI, MƏMURLARIN YAYLAQ ALVERİ, BİR DƏ... Niyə hər il Daşkəsənin Xoşbulaq yaylaqlarında qoyun-quzuların otarılması rüşvət mənbəyinə çevrilir???
...Dünən Daşkəsəndə yaylaq ərazisi olan iki çoban-fermerin şikayəti ilə bağlı rayona yola düşdüm. Acizanə xahiş etmişdilər ki, özünüz gəlin, başımıza gətirilənləri gözünüzlə görün...
Getdim Daşkəsənə- əlində bütün rəsmi sənədləri olduğu halda, bu iki fermerin hər il Qoşqar dağının ətəyində iki ay qoyun otarmaq üçün məmurlarla olan rüşvət müsibətini araşdırmaq üçün.
***
Daşkəsəndə əvvəlcə mübahisələndirilən ərazini gəzdik. Gördüklərimdən, eşitdiklərimdən... dəhşətə gəldim. Sadəcə, həm bu iki çobana, həm də ümumiyyətlə, Azərbaycanda qoyun-quzu saxlayıb yaylaq dərdi-müsibəti çəkən fermerlərə yazığım gəldi... Təsəvvür edin, Azərbaycan DTX rayonların icra başçılarını korrupsiyaya görə həbs edir ki, niyə məzlum sahibkarlardan rüşvət alırlar... Amma DTX-nin xəbəri yoxdur ki, ən böyük rüşvət müsibəti Daşkəsəndə hər yay Qoşqar dağının ətəyindəki dövlət fonduna aid yaylaq ərazilərin çobanlara qarış-qarış satılması ilə baş verir. Xoşbulaq qəsəbəsindən başlanan otlaqlar minlərlə fermerin qoyun sürülərinin bəslənməsində əsas yem bazasıdır. Təsəvvür edin, aran rayonlarımızdan təxminən 300-500 km məsafədə olan bu yaylaqlara piyada qoyun-quzu aparıb ölkə üçün bəslə, əlində rəsmi sənədlərin olsun, amma yerli məmurlara hər yenə də örüş yeri pulla satılsın! Sonra da deyirlər ki, niyə fermerlər bezdi, niyə ət bahalaşdı??? Niyə ölkəmiz hər il xarici ölkələrdən mənşəyi naməlum olan yüz min tonlarla ət alıb gətirir??? Çünki... Ölkə Prezidenti aqrar sahənin inkişafı üçün büdcədən milyardları sahibkarlara tərəf xərcləyir, məmurlar isə bu sahənin adamlarını boğur, incidir, məhv edir, yazıq günə qoyur.
Ən dəhşətlisi: Qoşqar dağının arxasında Laçın, Kəlbəcər, Şuşa... yaylaqlarımız, otlaqlarımız ermənilər tərəfindən 30 ildi istifadədə edilir, pulsuz “icarədədir”, hamı susur, bir kəlmə söz deyən yoxdur, amma Qoşqarın bəri tayında otlaqların satılması üstündə qan tökülür, hər il neçə çobanın başı dəyənəklə yarılır. Elə mən Daşkəsəndə olanda belə bir çoban davası olmuşdu, əli bıçaqla yaralanmış bir çobanla başçı Əhəd Abıyevin kabinetində görüşdük, hamı onun yarasını gördü.
***
Mətləbdən uzaqlaşmayaq və daha ətraflı bəhs edəcəyəm. Hələlik isə qısa olaraq Kənd Təsərrüfatı nazirimiz İnam Kərimovun diqqətinə bir sual: istəkli nazir, Daşkəsəndəki yaylaqlardan xəbəriniz varmı? Yoxdur yəqinki. Elə isə, lütfən DTX-nin qara maskalılarını götürüb günü sabah ora gedin!
Dünən elə yaylaqda-Qoşqar dağının ətəyində fermer Akif Rzayevlə gənc çoban Bəhrəm Əliyevin videomüsahibəsini götürdük. Amma hələki yayımlamırıq... Səbəbini az sonra biləcəksiniz. Amma bu iki fermer-çobandan (digər çoxsaylı çobanlardan da eləcə) hər il 10 min manat və ya 50 erkək alıb onlara qanuni sənədli-sübutlu yaylaq ərazisini satanlar bilməlidirlər ki, onlar sadəcə, odla oynayırlar. Çünki əlimdə onların necə və nə qədər rüşvət alıb yaylaq ərazisi satdıqlarını sübut edən telefon danışıqları, etirafları, canlı şikayətçilərin bu məmurlarla yaylaq bazarlığını əks etdirən müsahibələri, çıxışları var. Bunlar barədə Daşkəsən RİH başçısı Əhəd Abiyevin kabinetində hamısının iştirakı ilə açıq danışıldı, deyildi və günahkarların bozaran suçlu sifətləri hələ də gözümün qabağındadır.
***
Daşkəsəndə olanda şikayətçi çobanlara yaradılan kriminal vəziyyətlə bağlı əvvəlcə rayon polis şöbəsində olduq, rəis müavini ilə görüşdük, ona yaylaqdakı “qan çanağı” barədə şikayətçi çobanlar ətraflı, yerli-yataqlı danışdılar. Məlum oldu ki, rəis müavini hamısını bizdən yaxşı bilir. Elə rəisin özü də. Amma və lakin...
Adını hələki çəkməyə lüzum görmədiyim cənab mayora ciddi cəhdlə sübut etmək istəyirdim ki, əlində sənədləri olan bu şikayətçi çobanların qanuni yerində icra nümayəndəsi olan Rasim adlı şəxs tərəfindən təxribatlar törədilir, adamlar öyrədilib süni dava-dalaş salınır, ortada minlərlə qoyun-quzu aranda qalıb tələf olur, istidən qırılır... Və yaylaqda ictimai asayiş pozulur, yaylaqda qan çanağı mövcuddur, tədbir görün. O isə eyni ciddi-cəhdlə elə hey deyirdi ki, polis bu işə qarışa bilməz, biz yalnız cinayət baş verəndə ora gedəcəyik! Deyirəm, öldürülən çobanı dəfn etməyə?!
Bu barədə də geniş bəhs edəcəyik ki, cənab nazir Vilayət Eyvazov bilsin ki, polis Daşkəsəndə niyə profilaktika ilə məşğul olmaq istəmir? Halbuku DİN-nin 102 xidmətinə dəfələrlə deyilib, ordan RPŞ-yə tapşırıq da gəlib, amma...
***
Polis şöbəsindən çıxanda icra başçısı Əhəd Abiyev təsadüfən məni görüb əl elədi, min ilin dostu-qardaşı kimi öpüşüb-görüşdü... Gəlişimin məqsədini bilib dərhal RİH-nə qayıtdı, şikayətçilərə süni yaylaq problemi yaratmışları kabinetə topladı... Şikayətçilər-75 yaşlı fermer Akif Rzayevi və cavan fermer Bəhrəm Əliyevi kabinetində qəbul etdi, dinlədi... Bütün müavinlər, şöbə müdirləri, məlum yaylaq təxribatının müəllifi olan Xoşbulaq qəsəbə icra nümayəndəsi olan Rasim adlı şəxs də birmənalı dedilər ki, süni mübahisə yaradılmış yaylaq ərazisi sənədlə bu fermerlərindir. Amma...
Nə “amma”??? Və “əmma” sonra bəlli oldu. İcra nümayəndəsinin “Akif Rzayev Gəncədəndir, axı onun burada nə işi var???” kimi məntiqsiz və təxribat xarakterli sualına, insafla desəm, Əhəd Abiyev bərk əsəbləşdi və ona “Sən Daşkəsənlisən, bəs Bakıda, Gəncədə... nə itin azır bəzən??? Sahibkarlıqda sərhəd yoxdur... Danışığına fikir ver...” deyə cavab verdi. Tapşırdı ki, təcili surətdə bu çobanların ərazisində təxribat məqsədilə qurulmuş çadırlar sökülsün... Özü də onların ərazilərinə süni qalmaqal yaratmaq üçün tikilmiş yalançı alaçıq bu təxribatın başında duran Xoşbulağın İcra nümayəndəsi və keçmiş bələdiyyə sədri Rasimin özü tərəfindən sökdürülsün...
Başçının tapşırığı axşamüstü icra olundu... Özüm də yaylaqda təkrar olub çobanlarla birlikdə bunun şahidi oldum. Hətta icra başçısı Əhəd Abiyev fermer Akif Rzayevə özü zəng vurub mənim yanımdaca xoşxəbərli halda dedi ki, narahat olmayın, sabahdan köçünüzü və qoyun-quzunuzu daşıyın ora... Mən də hər iki çobanı təbrik edib haqq nazilsə də, üzülmədiyini onların diqqətinə çatdırıb təsəlli verdim... Hətta telefonun dəstəyini alıb mən də bu ağsaqqallığına görə Əhəd Abiyevə minnətdarlıq etdim və dedim ki, bu çobanların minbir əziyyətinə qıymaq olmaz! Hamı da bir ağızdan “Əhəd müəllim, Allah balanı saxlasın!” deyib minnətdarlıq etdilər. Amma və lakin...
***
Gecəni yaylaqda-çoban alaçığında yatıb qaldım... O qədər rahat idim ki... Çünki çoban həyatının nə demək olduğunu, onların hiss və həyəcanını, çəkdikləri zəhmətin bəhrəsinin-məhsulunun Azərbaycanın ərzaq süfrəsində olduğunu... yaxşı anlayırdım... Axı bu zəhmət bizim yediyimiz dadlı kabablarda... ağzımızın dadı-tamı deməkdir! Elə isə niyə imkan vermirik ki, onlar bizim üçün ucuz və keyfiyyətli ət istehsalçısı olsunlar? Nədir bu məmur-təxribatçıların qarnının azarı? Adam da gecəsi-gündüzü it günü olan, canavarla davada keçən çobanla intriqa aparar???
***
Bu gün səhər arxayın Bakıya qayıtdım... Gəncədən təzəcə aralanmışdım ki, gənc çoban Bəhrəm Əliyev ağlaya-ağlaya zəng etdi ki, bəs, bu gün 60-a yaxın öyrədilmiş arvad-kişi tökülüb onun ərazisinə və onun Əhəd Abiyevin göstərişi ilə bu səhər orada qurduğu çoban alaçığını dağıdıb özünü də döyüblər, söyüb qovublar, əşyalarını maşına yığıb Xoşbulaqdakı qapısına atıblar... Bəhrəm canını güclə qurtarıb... (Bir gün əvvəl isə rəis müavininə buradakı “qan çanağı”nı xatırlatmışdım). Və Bəhrəm Daşkəsən rayon polis şöbəsində olub, rəis müavini açıq şəkildə ona deyib ki, yaylaqlarda açıq alver gedir və RPŞ bu qalmaqala müdaxilə edə bilmir, amma seyr edir, bunun da başında Rasim və digər iri məmurlar durur, bizim gücümüz çatmır.
Bəhrəm Əliyevə məsləhət gördüm ki, Azərbaycan DTX-nin Daşkəsən rayon şöbəsinin rəisinin qəbuluna getsin, yaylaq alverçilərinin barəsində hər şeyi söyləsin... Axı necə ola bilərdi ki, bir gün əvvəl Əhəd Abiyev tapşırır, icra edirlər, jurnalist oradan aralanan kimi əks əməllər görülür! Belə çıxır ki, “Dovşana qaç, tazıya tut” oyunu gedir?!
Nə isə... DTX-nın rayon şöbəsi rəisinin bu əli hər yerdən üzülmüş, binəva gənc fermerə dediklərini isə hələki yaza bilmirəm. Çünki yazsam, DTX-nın son bir neçə ayda icra başçıları və bir generalı həbs etməyi ilə qalxan nüfuzuna kölgə salına bilər... Gənc və savadsız çoban isə rütbəli rəisə deyib ki, filan yüksək çinli məmur məndən 10 min manat bir, 15 min manat da bir, digər quzu-qoyun payı da əlavə, alıb sənədlər verib ki, o yer 15 illiyinə mənimdir, dünən də başçıya dedi ki, o yaylaq ərazisi sənindir, get qoyunlarını qaldır ora, indi həmin yeri daha çox pul verən başqasına satıblar... Hamının güvəndiyi rəis isə deyib ki, “Sən orda qoyun alveri edirsən, bu məsələ mənlik deyil” və sair və ilaxır...
İndi binəva çobanın bir güman yeri qalıb ki, Daşkəsəndə baş verənlərlə bağlı bütün çılpaqlığı ilə sahibkarların, çobanların, fermerlərin arxa-dayağı olan, həyatını korrupsiya və korrupsionerlərlə müharibəyə həsr etmiş Prezident İlham Əliyevə, DTX sədri, general Əli Nağıyevə müraciət edib desin ki, xahiş edirəm, ya məni bu rüşvətxor, dövlətin iqtisadi dayaqlarını sarsıdan, rüşvətə satan... məmurlardan xilas edin! Ya da...
(Davamı var)
Asif MƏRZİLİ
(Bakı-Daşkəsən-Bakı)
P.S.Adi bir icra nümayəndəsi rayonun başçısı olan Əhəd Abiyevi eşitmirsə, onun göstərişini saymırsa, vecinə almırsa, bu artıq son deməkdir...
Geri qayıt