Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir - Astaranın "astar üzü"...

Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir - Astaranın "astar üzü"... Koronavirus təhlükəsi Azərbaycana yaxınlaşanda atılan ilk addımlardan biri İranla sərhədi bağlamaq olmuşdu.

Əvvəlcə gediş-gəliş məhdudlaşdırılmış, yalnız həkimə gedənlərə və hər iki tərəfdən ölkəsinə qayıtmaq istəyənlərə şərait yaradılmışdı.

Sonra gedişat qorxunc vəziyyət yaranacağı ilə bağlı həyəcan təbili çalanda İranla (və təbii ki, digər qonşu ölkələrlə) sərhədlər tamamilə bağlandı.

O zaman biz İranla sərhəd olan Astaradan reportaj hazırlayanda insanlar tibbi maskada, küçələr seyrək, gömrük məntəqəsinin qarşısı demək olar bomboş idi. Deyirdilər ki, koronavirus İrandan gəlir və sürətlə yayılacaq.

Bu səfər Astaraya və İranla sərhəd qapısına gedişimizdə fərqli bir mənzərə ilə qarşılaşdıq. Hər şeydən qabaq demək lazımdır ki, cənub bölgəsində koronavirusun İranla sərhəd olan Astaradan çox, Lənkəranda yayıldığını öyrəndik.

Elə bu səbəbdən İranla sərhəd olan Astarada karantin ləğv olunsa da, Lənkəranda qalır. Çox maraqlıdır ki, İran Astarası ilə bizim Astara arasında 1 kilometr məsafə ola, ya olmaya. Bu qədər yaxınlığa baxmayaraq, rayonda tək-tük şəxs infeksiyaya yoluxub.

Bunun səbəblərini araşdırarkən sakinlərin sözlərindən belə məlum oldu ki, virus İrandan Azərbaycana o qədər də keçməyib. Çünki bizə yaxın Ərdəbil, Rəşt, Ənzəli, Astara kimi İran şəhərlərində kütləvi yoluxmalar qeydə alınmayıb.

Bu cəhətdən bizim Astaranın camaatının bəxtinin gətirdiyini söyləmək olar. Bəs niyə Lənkəranda, konkret hansısa kəndlərdə yoluxma daha çox olub və nə üçün bura “qırmızı zona” elan edilib sualına gəlincə, növbəti reportajımızda detallı biləcəksiniz...

***

İndi isə Astaradakı mənzərəni sizə təsvir edək: karantindən sonra insanlar küçələrdə dolaşmağa başlasalar da, ehtiyatı əldən vermirlər, yəni maska taxanlar az deyil.

Xüsusən sərhəd qapısına yaxın yerlərdə maskadan istifadə edənlər daha çoxdur. Onlar hələ də güman edirlər ki, İrandan virus gələ bilər, təhlükə sovuşmayıb.

Söhbətləşdiyimiz sakinlər deyirlər ki, koronavirusa yoluxanların bir qismi Masallıda, bir hissəsi Astarada müalicə olunur. Ona görə də insanlar özlərini qorumağa davam edirlər.

Bildirirlər ki, Lənkəranda koronavirus daha çox yayılsa da, müalicəsi Masallı və Astarada təşkil edilib.

Bununla belə, astaralılar karantinin ləğvinə sevinirlər. Xüsusən də yaşı 65-dən yuxarı olanlar evdən çıxmağa icazə verilməsinə görə şükür edirlər.

Onlar bildirirlər ki, Azərbaycan dövlətinin rəhbərliyi karantinin sərt dövründə vətəndaşların həm sağlamlığını, həm də sosial şəraitini nəzərə aldı.

Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımdan alan rayon sakini Nadir kişi dedi ki, İran bazarının bağlandığı bir vaxtda bu dəstəyə çox ehtiyac var idi...

Rayonda kafe-restoranlar açıq olsalar da, işlər çox zəifdir.

Bir tərəfdən İrana gedənlər yoxdur ki, kafelərdə otursunlar, bir yandan da əhali çayxanalara axışmağa tələsmir.

Yeri gəlmişkən, İranla sərhədin bağlanması gömrük-keçid məntəqəsinin qarşısındakı dükanların işinə təsir edib. Çünki 3 ay olar ki, İrandan mal gəlmir və mağazalar boşalıb.

Gömrüyün ətrafındakı əksər mağazalar, çayxanalar fəaliyyət göstərmirlər. Onların qazancı İrana gedən və gələnlərdən idi.

Gömrükdə isə içəridə bir sərhədçi əsgərin olduğunu gördük. O, nəzarətçi postda dayanmışdı.

Gömrüyün qabağındakı dükanlardan isə bir neçəsi açıq idi.

Onlar da deyirlər ki, arabir gəlib mağazaya baş çəkirlər, yerdə qalan 3-5 qutu malın hesab-kitabını aparırlar. Bir də ümid edirlər ki, bəlkə kənardan müştəri gələ, ortada qalan mallardan ala...

Dükanların piştaxtalarında isə demək olar ki, heç nə qalmayıb. Olanlar da 3 aydır satılmayan məhsullardır - çay, bal, düyü, yağ, konfet, şampun, sabun və s.

Satıcıların sözlərinə görə, Bakıdan, Gəncədən, Lənkərandan gəlib alver edənlər olurdu. Onlar bildirirlər ki, İrana getməyənlər gömrüyün qarşısındakı bu dükanlardan alver edib evlərinə qayıdırdılar.

İndi isə gələn yoxdur, istisna halda yolu buradan keçən adam dükana boylanıb hansısa məhsulla maraqlanır.

Onlar gözləyirlər ki, sərhədlər nə vaxt açılacaq, onda mal gətirib dükanlarını dolduracaqlar: “Bu günə də şükür, dədə. Bircə üstümüzdən xəta-bəla sovuşsun, millətin virusdan canı qurtarsın, qalan işlər düzələr”.

Dükan sahibləri deyirlər ki, İrandan Azərbaycan TIR-larla mal gətirilir: “Onlar da şirkətlərin malıdır, bizə heç bir dəxli yoxdur. Biz gərək sərhəd açılsın ki, gedib mal vurub gətirək. Deyirlər ki, iyulda açıla bilər. Görək necə olur. Sərhədin açılması tək bizə yox, İrana alverə və həkimə gedənlərin hamısına lazımdır”.

Satıcılar söyləyirlər ki, karantinin sərt dövründə Astara küçələri səhralığa oxşayırdı: “Dövlət əlindən gələni etdi. Bütün bu addımlar çətinlik yaratsa da, bizə görəydi. Camaatı fikirləşib qadağalar qoydular.

Görürsünüz, hamı deyirdi ki, İranın qulağının dibidir, virus Astarada çox olacaq. Amma ən az yayılan rayonlardan biri oldu. Buna sevinmək lazımdır".

Onu da demək lazımdır ki, gömrük məntəqəsi rayonun mərkəzinə çox yaxındır. Hətta demək olar ki, mərkəzdədir...

Astaranın mərkəzində isə sosial problemlər olduğu kimi qalıb.

İcra başçısı Qəzənfər Ağayev, deyəsən, rayonda əlini “ağdan qaraya” vurmaq istəmir. Elə icra hakimiyyəti binasının qarşısındakı fontanın vəziyyəti bütün reallığı ifadə edir. Heç olmasa fontana əl gəzdirsinlər.

İH-in bir addımlığında isə akademik Ziya Bünyadovun büstü baxımsız qalıb. Əslən astaralı olan akademikin büstü əyilib və yüngül bir təmirə ehtiyac var. Ümid edirik ki, tədbir görüləcək.

Astaranın yolları da bərbad gündədir. Ümumilikdə, rayonda kosmetik də olsa abadlıq-quruculuq işləri aparılmayıb. Belə səfalı bölgənin inkişaf etdirilməsinə, turizm potensialından istifadə olunmasına ciddi ehtiyac var.

Bizsə karantindən çıxan, koronavirusun böyük ziyan vura bilmədiyi Astaradan ayrılaraq, Lənkərana yollanırıq və niyə bu şəhərdə epidemiyanın çox yayılmasının səbəblərini araşdırmağa başlayırıq... //musavat.com//
0
Geri qayıt