Göygöldə vətəndaşı aldadıblar ki, 190 manatı almasın... - GİLEY

Göygöldə vətəndaşı aldadıblar ki, 190 manatı almasın... - GİLEY Göygöl rayon sakini Əşrəfov Rüfət Hümbət oğlu "Demokratik.Az" saytı vasitəsilə ölkə başçısına videomüraciət ünvanlayıb.
İşsiz və kasıb olduğunu deyən şikayətçi Göygöl Məşğulluq Mərkəzinin rəhbərliyi və əməkdaşları tərəfindən aldadıldığını, nəticədə koronavirus-pandemiyasının sosial fəsadlarına qarşı dövlət başçısının təsdiq etdiyi məlum tədbirlər planına uyğun olaraq aprel və may ayları üçün aylıq 190 manatlıq sosial yardım paketindən məhrum edildiyini iddia edir. Rüfət Əşrəfovun dediyindən aydın olur ki, o, işsiz kimi qeydiyyatın həyata keçirilməsini və 190 manatlıq müavinətin alınmasını rəsmiləşdirmək üçün internetdən (fərdi onlayn müraciət qaydasından) deyil, Göygöl Məşğulluq Mərkəzi ilə telefon əlaqəsindən istifadə edib. Lakin, mərkəzdən ona martın sonunda qeydiyyata alacaqlarını desələr də, aprelin sonunadək yubadıblar. Vətəndaş hələ də müraciətindən xəbər tuta bilmir. Beləcə, o, hazırda müraciət müddətini bitirdiyindən 190 manatlıq yardımdan uzaqlaşdırılıb.
Vətəndaş prezident cənab İlham Əliyevə müraciətində işlə təmin edilməsini, pozulmuş hüquqlarının bərpa edilməsini, məşğulluq idarəsinin rəhbərliyi barədə baş prokurorluq səviyyəsində ciddi tədbir görülməsini də istəyib.
"Demokratik.Az"-ın şikayət üzrə əldə etdiyi əlavə məlumatlara görə, hazırda Göygöl MM-də 2500-dən artıq şəxs işsiz kimi qeydiyyatdadır. Sözügedən 190 manatlıq yardım isə onlardan təxminən 600 nəfərə verilib.
Göygöl Məşğulluq Mərkəzinin rəhbəri Nazim Cəfərovun ümumi fəaliyyətindən narazı qalan sakinlər isə yetərincədir.
Qarşı tərəfin söz haqqını da tanıyırıq...
Geri qayıt