"Tibb işçiləri arasında COVİD 19-a yoluxan var, direktor isə işə gəlməyi tələb edir” - Gəncədə NARAZILIQ...

"Tibb işçiləri arasında COVİD 19-a yoluxan var, direktor isə işə gəlməyi tələb edir” - Gəncədə NARAZILIQ... Gəncədəki “Yeni Gəncə” Tibb Mərkəzinin işçilərinin şikayəti var. Onlar Meydan TV-yə yazaraq bildiriblər ki, son günlər mərkəzin işçilərindən bir neçəsində koronavirus infeksiyası aşkarlanıb. Bundan qorxan işçilərin çoxu işə getmək istəmir.

Adlarının açıqlanmasını istəməyən tibb işçiləri deyirlər ki, belə bir durumda mərkəzin rəhbəri Ülkər Kərimova işə gəlməyənləri qovmaqla hədələyir:

“Müəssisənin doğum şöbəsi və laboratoriyasının işçilərinin bir qismində COVİD-19 tapılıb. Onlardan hətta bir neçə nəfəri Goranboy rayonundakı qərargaha aparılıb. Biz də qorxuruq. Evdə ailəmiz, uşağımız, yaşlımız var. Özümüz bir yana, tutsaq, gətirib hamıya salacağıq. Buna görə işə getməkdən qorxuruq. İşə getməyənlərin hamısına müdir Ülkər Kərimova səs mesajı göndərib. Onları işdən çıxarmaqla hədələyir. Həm işimizi itirmək istəmirik, həm də təhlükəlidir, biz nə edək?”

İşçilər deyirlər ki, müəssisə rəhbərliyi əslində xəstəxananı karantin altına almalıdır. Ancaq bunu etmək əvəzinə işçiləri hədələyir:

“Vallah, təhlükəlidir. Yoxsa heç kim evdə oturmaqdan məmnun deyil. Tapşırığa baxmayaraq işə gəlməyən Nailə Məmmədova, Aybəniz Bayramova, Mahirə Seyidova adlı tibb işçiləri artıq işdən azad ediliblər. Hətta onu da deyək ki, ötən gün “Yeni Gəncə” Tibb Mərkəzində çalışan və koronavirus infeksiyasına yoluxan Şəfəq adlı tibb bacısı vəfat edib. O, Goranboyda yatan 4 nəfərdən biri idi. Ancaq müdirə xanıma məsələnin ciddiyyəti önəmli deyil”.

Ülkər Kərimovaya məxsus olduğu deyilən səs yazısı Meydan TV-yə təqdim edilib. Lakin bu barədə ondan münasibət öyrənmək mümkün olmayıb.

Adları çəkilən tibb işçilərindən biri bu səbəbdən işdən çıxarıldığını Meydan TV-yə təsdiqləyib. Adının açıqlanmasını istəməyən digər tibb işçisi isə seçim qarşısında qaldığını və dövlət xəstəxanasında işləməyi seçdiyini deyib.

“Yeni Gəncə” Tibb Mərkəzinin kadrlar şöbəsinin rəhbəri Çimnaz Əhmədova Meydan TV-yə işçilərin işdən çıxarılması və xəstəxanada virusun yayılması ilə bağlı məlumatın yalan olduğunu söyləyib:

“Mən hazırda xəstəxanadayam, eləcə də bütün digər işçilər. Hamı öz işindədir, heç kim qovulmayıb. İnanmayın belə əsassız məlumatlara”.

Şəfəq adlı tibb işçisinin ölümünə gəlincə, Çimnaz Əhmədova bu məlumatı təsdiqləyib:

“Bəli, ölüb və bizim də işçimiz idi. Daimi işçi deyildi, arada ehtiyac olanda növbəyə gəlirdi. Əsas iş yeri Abbas Səhhət xəstəxanası idi. O xanım ölüb, ancaq koronavirusdan yox, başqa xəstəliyi var idi və bunu hamı bilirdi. Qalan məlumatlar isə əsası olmayan və bizim müəssisəni ləkələmək istəyən insanların uydurmasıdır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə Meydan TV-yə həmin müəssisənin özəl olduğunu, buna görə onlara cavabdeh olmadıqlarını söyləyib:

“Özəl müəssisədir. Dövlətə aid deyil. Odur ki, orada baş verənlər barədə nəsə demək səlahiyyətimiz yoxdur”.
Geri qayıt