Keçmiş bələdiyyə sədri işlədiyi bələdiyyəni məhkəməyə verdi - SƏBƏB

Keçmiş bələdiyyə sədri işlədiyi bələdiyyəni məhkəməyə verdi - SƏBƏB Hazırda Bakıda - Suraxanı Qaz İstismar İdarəsində mühafizəçi olan Yusif Əliyev 3 ildən çox bələdiyyə sədri, ondan sonra da 9 ay sədr müavini olub. İndi də vaxtilə rəhbərlik etdiyi quruma qarşı şikayətçidir və məhkəmədə bununla bağlı iddia qaldırıb. DİA.AZ xəbər verir ki, söhbət Zərdab rayonunun Dəli Quşçu bələdiyyəsindən gedir.

Y.Əliyev 2015-ci ilin yanvarından 2018-ci ilin fevralına qədər bu bələdiyyəyə rəhbərlik edib. Fevraldan həmin ilin noyabrına qədər isə sədr müavini vəzifəsində işləyib. O, iddia edir ki, sədr müavini olduğu dövrdə 2 ayın maaşı verilsə də, apreldən noyabra qədər olan dövr üçün əməkhaqqını ala bilməyib. Y.Əliyevin sözlərinə görə, sədr müavini kimi, aylıq maaşı 135 manat idi. Onun sözlərinə görə, qalan 7 aylıq maaşının (cəmi 945 manat) ödənilməsini dəfələrlə bələdiyyə sədrindən tələb edib. Amma "yox” cavabı alıb. Ona görə də məhkəməyə üz tutub.

Qarşı tərəf isə onun dedikləriylə razılaşmır. Dəli Quşçu bələdiyyəsindən bildirilib ki, Y.Əliyev sədr vəzifəsindən çıxarılıb, müavin seçilməsindən narazı qalmışdı. Buna etiraz olaraq işə gəlmirdi, bələdiyyənin fəaliyyətində və iclaslarında iştirak etmirdi: "Ona görə də bələdiyyənin büdcəsinin imkanlarını nəzərə alıb, 1 may 2018-ci il tarixli əmrlə ona əməkhaqqı hesablanması dayandırılıb. Noyabrın 23-də isə bələdiyyənin sədr müavini vəzifəsindən azad edilib. Ona 2018-ci ilin aprel ayına qədər olan maaşı ödənilib. Bələdiyyənin ona əməkhaqqı borcu yoxdur. İşə gəlmədiyi, bələdiyyənin fəaliyyətində və iclaslarında iştirak etmədiyi halda, əməkhaqqı tələb etməsi də əsassızdır".

Y.Əliyev isə deyir ki, o, nə bələdiyyəyə işdən çıxmaq haqda ərizə verib, nə də ona əməkhaqqı hesablanmaması barədə əmrdən xəbəri olub. Onun sözlərinə görə, heç bələdiyyənin iclaslarına da çağırılmayıb:

"Mənimlə 2018-ci ilin fevralından müavin kimi müqavilə bağlanılıb. Bu müqavilə ötən il yanvarın 29-na qədər qüvvədə olub. Mən müavin vəzifəsindən və bələdiyyə üzvlüyündən imtina etməmişəm. Lakin bələdiyyə sədri öz ağlı ilə məni iclaslara çağırmayıb, bələdiyyənin fəaliyyətindən kənarda saxlayıb. Halbuki mən kənd sakinləriylə görüşlər keçirirdim, onların suallarını cavablandırır, problemlərini həll etməyə çalışırdım".

Zərdab rayon Məhkəməsi keçmiş bələdiyyə sədrinin iddiasını təmin etməyib. Y.Əliyev bu qərardan şikayət verib. Martda onun şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsi ona 5 aylıq maaşın (675 manat) ödənilməsinə qərar verib.
Geri qayıt