"Məni və azyaşlı övladımı öldürəcəkləri ilə hədə-qorxu gəldilər" - Müraciət...

"Məni və azyaşlı övladımı öldürəcəkləri ilə hədə-qorxu gəldilər" - Müraciət... Astara rayon, Sərək kənd sakini Höccətova Şəms Mais qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

“Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Keçən ilin fevral ayında Samirə adlı xanıma 30 000 (otuz min) manat dəyərində qızıl zinət əşyaları vermişəm. Bu qızıl zinət əşyalarını Səmədova Aytən Novruz qızı zamin duraraq, götürüb mənə verib. Bir il keçsə də Samirə ona verdiyim qızılı qaytarmayıb.

Keçən ilin aprel ayında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub bununla bağlı şikayət etmişəm, polis bölməsində olmuşam, Mehriban xanıma da müraciət etmişəm. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Hətta şikyətimi araşdıran Pərviz adlı təhqiqatçı mənə bildirdi ki, «azyaşlı uşağın var, bu şikayətinə görə qorxmursan?»

Bir neçə gün əvvəl iş yerimə iki nəfər - Emin və Arzuman adında - şəxs gələrək, əvvəlcə özlərini polis əməkdaşı kimi təqdim edərək bildirdilər ki, onlarla polis bölməsinə getməliyəm. Mən onlara bildirdim ki, iş saatım hələ sona çatmayıb, sona çatsın, hara istəsənix gedərəm. İşdən sonra Emin və Arzuman yenidən görüşdülər və güya polis bölməsinə gedərək izahat alınması adıyla məni maşına otuzdurdular. Onların maşınına oturmağımın səbəbi Aytənin maşında olaması idi. Mən də sevindim ki, aylar öncə verdiyim şikayətlə bağlı gəliblər, nə yaxşı ki, bu problemimlə bağlı maraqlanan oldu. Lakin maşına oturan kimi Emin özünü Röşən Lənkəranskinin əmisi oğlu kimi təqdim etdi və hər ikisi – Emin və Arzuman - mənə bildirdi ki, onlar kriminal aləmin avtoritetlərindəndir, baş kəsmək, adam öldürmək onların əlində “iki vur ikidir”. Sonra da mənə hədə-qorxu gəlməyə başladılar ki, qızıl zinət əşyalarını Samirəyə verməmisən, bu sənin planındır ki, onu aldadıb qızıl zinət əşyalarını almısan. “Onlar səndədir”, deyib, kəsici alət çıxaraq məni və azyaşlı övladımı öldürəcəkləri ilə hədə-qorxu gəldilər. Eyni zamanda mənə bildirdilər ki, evini sat, gətir ver bizə, əgər pulu çatdırmasan özündən küs.

Gecə saat ona kimi məni maşında saxladılar. Sonra məni məcbur etdilər ki, yaşadığım evin ünvanını onlara göstərim və məni yaşadığım evimə gətirdilər.

Arzuman 15 və 16.03.2020-ci il tarixlərində gecə dəfələrlə mənim watsap nömrəmə səslər ataraq, məni və doğmalarımı təhdid edir, olümlə hədələyir və nalayiq söyüşlərlə məni təhqir etmişdir. Mən əlacsız qalaraq DİN-in 102 xidmətinə zəng vurdum və bu barədə məlumat verdim. Bundan sonra Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Vasif Həsənov evimə gələrək məndən izahat aldı.

Bununla bağlı dünən (iki gün əvvəl – red.) Baş Mütəşəkkil Çinayətkarlığa Qarşı Mübarizə İdarəsində oldum. Lakin istirahət günü olduğu üçün məni qəbul edib şikayətimi dinləyən olmadı. Sabah yenə də həmin idarəyə gedəcəm və onlardan mənim və doğmalarımın həyat təhlükəsizliyimizin təmin olunması üçün köməklik olunmasını xahiş edəcəm.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən anlaya bilmirəm, hansı dövrdə yaşayırıq ki, hüquqi dövlətdə kimsə vətəndaşı öldürməklə hədələsin? Arzuman və Eminin arxasında kim durur ki, onlar qoçuluqla məşğul olmaqdan çəkinmirlər? Xahiş edirəm, mənim, övladımın, anamın, doğmalarımın, əzizlərimin və yaxın bildiyim şəxslərin həyat təhlükəsizliyinin təmin olunması üçün ciddi tədbir görülməsinə tapşırıq verəsiniz.

Eyni zamanda onu da bildirim ki, bizim başımıza hər hansı bir iş gəlsə, bu işdə Samirə, Emin və Arzuman birbaşa məsuliyyəti daşıyırlar”. //hurriyyet.org//
Geri qayıt