Sabirabad təhsili ölüm ayağında: nazirliyin yoxlaması necə bitdi?

Sabirabad təhsili ölüm ayağında: nazirliyin yoxlaması necə bitdi? Bu il fevralın əvvəlindən Sabirabad təhsilində başlayan Maliyyə Nazirliyinin növbəti yoxlaması başa çatıb
Daxil olan məlumata görə, ötən müddət ərzində təftişçilər olimpiya kompleksinin kotteclərində eninə-uzununa kef ediblər.
Gələn xəbərlərə görə, indi də məktəblərə plan qoyublar. Orta məktəblərin hər birinə 5 min, əsas məktəblərə isə 3 min manat pul vermək tapşırılıb.
Pul yığmaq kampaniyasına Təhsil nazirliyinin 12 saylı regional maliyyə idarəsinin rəisi Elxan Əsədovun başçılıq etdiyi iddia olunur.
Gələn məlumatda deyilir: “Bu o Elxandır ki, saxta diplomla 65 yaşında bu vəzifəyə təyinat alıb.
Üstəlik qızı Könülü də 6 ay o məktəbdə işləməsinə baxmayaraq rayonun ən böyük Nizami Gəncəvi adına orta məktəbinə direktor qoydurub. Onu da bilin ki, bu ailə Sabirabadda qatı müxalifətçilər kimi tanınır.
İndiki vəzifəsindən əvvəl 20 il Mədəniyyət şöbəsində baş mühasib işləməsinə baxmayaraq Elxan YAP-a keçməkdən inmtina edib.
Müxalifətçiliyini ört-basdır etmək üçün o qoca vaxtında bu yaxınlarda YAP-a keçib, özü də qızı Könüllə birlikdə eyni gündə.
Onu da deyək ki, onun kürəkəni, yəni Könülün əri Azər Ağayev ən qatı müxalifətçi kimi ad çıxarıb, seçkilərdə YAP-çıların qəniminə çevrilib. Prezident və parlament seçkilərində İsa Qəmbərin, Əli Kərimovun, Cəmil Həsənlinin ən sədaqətli müşahidəçisi olub”.
Sabirabad təhsili ölüm ayağındadır. Müəllimlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ümüdlə müraciət edirlər. Ürək ağrısıyla yazırlar ki, onların zəhmət haqlarını əllərindən almasınlar.
Yerli sakinlərdən biri yazır: “Vaxtı ilə Sabirabad rayonu kənd təsərrüfatında böyük uğurlar qazandığı kimi, təhsil sahəsində də respublikada öndə gedənlərdən idi. O dövrdə maarif müdiri işləyən rəhmətlik Lələş müəllimi pedaqoji işçilər özünə ata, qardaş hesab edirdi.
Onun bir qınaqlı baxışı istənilən cəzadan ağır idi hamı üçün. Ondan sonra maarif müdiri işləyən Zibeydə xanım Mirzəyevanı şəxsən mən özümə ana bilirdim. Çox heyif ki, o zamanlar çox uzaqda və əlçatmazdır.
Müstəqilliyin ilk illərində qara-qura yollarla təhsilə yol tapan diletant, rüşvətxorlar Sabirabad təhsilini ölümcül hala saldılar. Vaxtı ilə ölkə təhsilinin önündə gedən rayonumuzun indi sonuncu yerdə olması bizim ürəyimizi ağrıdır”.
Geri qayıt