Cəlilabad xəstəxanasında karantin: “Antisanitar vəziyyət hökm sürür, nə yoxlayan var, nə yemək verən…” - FOTOLAR

Cəlilabad xəstəxanasında karantin: “Antisanitar vəziyyət hökm sürür, nə yoxlayan var, nə yemək verən…” - FOTOLAR Fevralın 25-dən 26-na keçən gecə İrandan Azərbaycana geri qayıdan və koronavirus şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslər xəstəxanadakı vəziyyətdən narazıdılar.

Yeniavaz.com xəbər verir ki, bu barədə virtualaz.org-un redaksiyasına müraciət edən şikayətçilər bildiriblər. Onlarıən sözlərinə görə, virusun qeydə alındığı Qum şəhərindən gələnlərlə eyni palatada saxlanılırlar. Üstəlik dünəndən bəri müayinə olunmayıblar. Yalnız narazılıq edəndən sonra tibbi maska, içməli su, əl yumağa maye sabun verilib.

Karantində olanlardan biri adının açıqlanmaması xahişi ilə deyib ki, sağlam insan belə bu xəstəxanada virusa yoluxa bilər. Çünki palatalar köhnə və natəmizdir. Çarpayının üzərinə sərilmiş döşək ağları, adyal deşik-deşikdir, yasdıq üzlərinin axırıncı dəfə nə vaxt yuyulduğu bəlli deyil: “Bizi Astara sərhəd-keçid məntəqəsində saxladılar, hərarəti ölçəndən sonra Astara Rayon Mərkəzi Xəstəxanasına apardılar. Təxminən 4-5 saat soyuq palatalarda, dəhlizdə gözlədik. Sonra 52 nəfəri bir avtobusda Cəllilabaddakı xəstəxanaya gətirdilər. Hələ deyirdilər ki, mehriban olun, üç-üç oturun. Xəstəxananın binası o qədər köhnə və natəmizdir ki, çoxu iyrəndiyindən heç palataya girmək istəmir”,-”karantində” saxlanılardan biri bildirib.

Onların sözlərinə görə, səbirsizliklə müayinə olunacaqları günü gözləyirlər, çünki hamı gərgin vəziyyətdədir. Sərhəd keçid məntəqəsində yoxlama zamanı iki nəfərin hərarəti yüksək olub, buna görə də onlardan analiz götürüblər. Yerdə qalanlara termometr verilib ki, tez-tez öz hərarətlərini ölçsünlər.

“Yalnız həmin şəxslər xəstəxanaya təcili tibbi yardım maşını ilə gətirildi, başqa palatalarda yerləşdirildi. Buna qədər isə onlarla bir yerdə gəlmişik. Hamı gərgin vəziyyətdədir, çoxu analizlərin nəticələrinə etibar eləmir. Termometri verirlər, özümüz ölçüb nəticəsini söyləyirik. Tibbi maska hər iki-üç saatdan bir dəyişməlidir, bizə isə gələndən bəri cəmi 2 maska verilib”, -digər şikayətçi belə deyib.

Onun sözlərinə görə, iki gündür isti çay və isti yeməyə həsrət qalıblar. “Olduqca keyfiyyətsiz yeməklər verilir. Məsələn, səhər suda bişmiş düyü və soyutma yumurta verdilər. Soyuq və dadsız olduğundan heç kim yemək istəmədi. Öz pulumuza yemək almaq istəyirik, amma aşağı düşməyə icazə verilmir. Xəstəxana polis nəzarətindədir. Dünən onlardan birinin köməyi ilə palataya maye sabun, salfetka aldırdım. Bu gün kənardan heç nə almağa icazə vermirlər. Aramızda şəkər xəstələri var, bir neçə nəfər əməliyyat olunub, vaxtlı-vaxtında qidalanmalıdırlar”,-şikayətçi deyib.

Şikayətçilərin redaksiyamıza təqdim etdikləri foto görüntülərdən də palataların köhnə, təmizsiz, yeməklərin isə keyfiyyətsiz olduğu görünür.

Karantində saxlanılanlar onu da söyləyiblər ki, baş həkim problemləri aradan qaldırmaq əvəzinə şikayət edənləri polislə hədələyir. “Ən azı bizi məlumatlandırsınlar, buradan nə vaxt çıxacağımızı, nə vaxt müayinə olunacağımızı desinlər. Buradan çıxandan sonra Bakıdakı xəstəxanalarda təkrar analiz verəcəyik, çünki hamı ailəsini yoluxdurmaqdan ehtiyat edir. Ac və belə şəraitdə iki həftəyə xəstəlik taparıq”,-şikayətçilər belə deyiblər.
Cəlilabad xəstəxanasında karantin: “Antisanitar vəziyyət hökm sürür, nə yoxlayan var, nə yemək verən…” - FOTOLAR






Geri qayıt