Qaxda başçıdan seçki repressiyası... - Özbaşınalıq

Qaxda başçıdan seçki repressiyası... - Özbaşınalıq 9 fevral Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə ən çox qanun pozuntularının baş verdiyi dairələrdən biri də 112 saylı Qax seçki dairəsindir. Belə ki, seçki günü baş verən qanun pozuntuları sosial şəbəkələrdə geniş yayılmaqdadır.

Seçki günündən 1 həftə keçməsinə baxmayaraq, Qax rayonunda seçki ab-havası bitmək bilmir. Qax rayon İcra Hakimiyyətində seçkinin nəticələrini araşdırmaq məqsədilə iş aparılır və seçki günü digər namizədlərə səs vermiş Qax sakinlərinə qarşı sözün həqiqi mənasında repressiya maşını işə düşüb.

Belə ki, icra başçısı Musa Şəkiliyevin tapşırığı ilə Qax Kommunal Müəssisələri Kombinatında xadimə çalışan və aylıq 240 manata Qax küçələrini süpürən Salatın adlı xanım işdən qovulub. Bu barədə Qax Kommunal Müəssisələri Kombinatının müdiri Eldəniz Şabanova göstəriş verən icra başçısı “seçkilərdə Azər Kərimliyə səs verməyənlərin hamısını cəzalandıracağını” deyib. İllərdir kirayələrdə yaşayan, 3 uşaq anası Salatın xanım artıq işsizdir.

Görünür, seçki prosesində kobud qanun pozuntularına görə Dövlətimiz və Prezidentimiz qarşısında məsuliyyət hissini itirən icra başçısı Musa Şəkiliyevin “gücü” hələ ki xadimə işləyən Salatın xanıma çatır.

Mövzunu diqqətdə saxlayacağıq.

qax.org.az
Geri qayıt