Mirdaməd Sadıqova yolun sonu göründü- İsmayıllıda maxinasiya...

Mirdaməd Sadıqova yolun sonu göründü- İsmayıllıda maxinasiya... Prezidentin icra hakimiyyəti başçılarına etdiyi xəbərdarlıqlara məhəl qoymayanlar bir-bir cəzalandırılmaqdadır.

Kim xalqla işləməsə, vətəndaşları incitsə, sahibkarların boğazından yapışıb rüşvət tələb eləsə, sonu yaxşı olmayacaq.

Necə ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyevlə müavini Ramiz Tatarovun axırı həbslə nəticələndi. Eyni zamanda narazılıq yaradan, problemləri yoluna qoymayan icra başçıları işlərindən azad ediləcək.

Mətbuatda yayılan xəbərlərə görə, İsmayıllının icra başçısı Mirdaməd Sadıqovun da qarşıdakı karyerasını “qırmızı işıq” gözləyir. Həm yaş, həm işində keyfiyyətlər kriteriyası baxımından M.Sadıqovla vida olacağı deyilir.

Nöqsanları aradan qaldırmaq əvəzinə Mirdaməd Sadıqov son zamanlar bəzi media orqanında özünü təriflətməklə məşğuldur.

Deryaz.az yazıb ki, İsmayıllı rayonunda həyata keçirilən bir çox işlərin içində qaranlıq məqamların olduğu getdikcə daha qabarıq şəkildə üzə çıxır. Bu qaranlıq məqamlar sırasında əsas yeri bağça, məktəb təmiri və rayonda abadlıq adıyla aparılan digər işlər tutur.

İcra başçısı Mirdaməd Sadıqovun “gərgin” əməyinin bəhrəsi olan vəziyyət isə artıq narazılıq üçün əsas yaratmaqdadır. Mirdaməd Sadıqovun ayrılan dövlət vəsaitlərinə göz dikməsi elə onların gördükləri işlərdən məlumdur.

Rayonun mərkəzində istifadəyə verilmiş parkda aparılan təmir işləri zamanı sənədlərdə başqa, reallıqda isə tamam ayrı tikinti materiallarından istifadə olunub.

Belə ki, parkın ortasındakı hovuzun yerinə sənəd üzərində mərmər daşının döşəndiyi qeyd edilsə də, reallıqda ora plastik örtük vurulduğu artıq təsdiqini tapıb.

Kvadrat metrii 35-40 manat olan daşın əvəzinə, kvadratı 6-7 manat olan linenium örtüyün vurulması isə heç kiçik olmayan qazanc anlamına gəlir.

Həmçinin bu proses bir neçə yerdə təkrarlanarsa, o zaman bu rəqəmin daha hansı sıfırlarla ifadə olunduğunu təxmin etmək elə də çətin deyil.

İsmayıllıda qəribə olaylardan biri də icra başçısı Mirdaməd Sadıqovun hər il mebellərini yeniləməsi ilə bağlıdır. Qeyd edək ki, icra başçısı bir il oturduğu mebeldən növbəti il istifadə etməməyi üstün tutur.

İddia edilir ki, o, köhnə mebelləri təzə adıyla tenderlərdə satış üçün satdırır və həmin mebellər təzələndikdən sonra köhnəsi hansısa idarə və müəssisə üçün təzə adı ilə sənədləşdirilir.

Ayrılmış pullar da bu yolla silinir. Bundan başqa, İcra Hakimiyyəti digər maşın və avadanlıqların satın alınmasına 14.090 manat, inventarların satın alınmasına isə 18.583 manat pul ayırmaqdan da çəkinməyib.

Rayonda həyata keçirilən təmir-tikinti işlərinin daha çox hoqqabazlıq olduğunu elə İcra Hakimiyyətinin öz işçiləri deyirlər.

Onlar bildirirlər ki, İsmayıllıda baş verənləri diqqətlə araşdırmaq mümkün olarsa, ortada milyonlarla manatın israf edildiyinə və ya mənimsənildiyinə şahidlik etmək olar.

Məsələn, şəhər mərkəzində fəaliyyət göstərən 3 saylı orta məktəbin əsaslı təmir işlərinə 2.265.993 manatın ayrılması bunun bariz nümunəsidir. Əcəba, bu məktəb nə boydadır ki, 16 mərtəbəli bir binanın xərcini “əridir”?

İsmayıllı İcra Hakimiyyətinin inzibati binasında cari təmir işlərinin aparılması da bu qəbildəndir. İldə bir neçə dəfə əsaslı və cari təmirə saxlanılan binanın dərdi-səri isə bitmir.

Daha doğrusu, Mirdaməd müəllim dərd-sərin bitməsinə heç bir şəkildə imkan vermir. Elə bu səbəbdəndir ki, növbəti dəfə cari təmir işləri üçün 22.322 manat ayırılması tapşırığını verib.

Bir müddət əvvəl siam.az yazmışdı ki, məlum hadisələrdən sonra hakimiyyət İsmayıllıya rəhbər axtarışına çıxmışdı.

Elə bir kadr təyin olunmalıydı ki, həm camaatın dilini bilsin, onlarla işləsin, vətəndaşları qəbul eləsin, həm də sanballı, İsmayıllı sakinlərinin qəbul etdiyi ziyalı olsun.

O dövrdə özünü hakim elitanın mühüm qanadına yaxın biri kimi göstərmiş və yuxarıları qabiliyyətinə inandırmış iqtisadçı Mirdaməd Sadıqov öz doğma rayonuna göndərildi.

Vergilər idarəsində rəis, sonra rektor işləmiş M.Sadıqova hökumət böyük etimad göstərmişdi. Belə mürəkkəb regiona məlum iğtişaşlardan sonra icra başçısı seçimi doğru olmalıydı.

Amma geridə qalan 6 ilə nəzər salanda görünür ki, onun fəaliyyəti hökuməti peşman edib.

Hətta məlumatlar yayılmışdı ki, MTN-nin rəhbəri Eldar Mahmudova 3 milyonluq villa tikdirib, onunla brilyant biznesi var. Yəni, sələfi Nizami Ələkbərov belə bunu etməmişdi.

Bəs milyonlar hansı bulaqdan gəlirdi? - müəmmalıdır. Korrupsiya bulağıdırsa, yaxın keçmişdəki fakta nəzər salaq:

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kənd üzrə buğda əkini üçün ayrılmış 799 min 397 manat 20 qəpik vəsaitin ən azı 35-40 faizini saxta sənədlər tərtib edilməklə mənimsənilməsi haqda ciddi şübhələrini təftiş edib.

Nazirlik bu şübhələrində əminliyi təmin etmək üçün İsmayıllının 5-6 kəndində monitorinqlər də aparıb. Və bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb.

32 kənd üzrə 5723 hektar buğda əkildiyi haqda sənədlər tərtib edən Mirdamət Sadıqovun yerli icra nümayəndələrindən ibarət komissiya ümumilikdə 19 min 984 hektar 93 sot buğda səpini aparıldığını rəsmi sənədlərdə qeyd edib. Buna uyğun olaraq isə rayon üzrə 799 min 397 manat 20 qəpik pul ayrılıb.

Lakin bu qədər hektara və ayrılan dəstək puluna rəğmən, məhsuldarlığın gözlənildiyindən kəskin aşağı olması, nazirliyi hərəkətə gətirib.

Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait «yeməsi» barədə iddialar var.

Belə ki, Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi «tender qalibi» kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən «VAFİ-Region» MMC şirkətinin «qabaqcıl» yerini indi «İsmayıllı Tikinti – 27» ASC tutub.

M.Sadıqovun «etibarlı» şirkəti kimi tanınan bu şirkət də «VAFİ-Region» MMC ilə eyni ünvanda qeydiyyatdadır.

“İsmayıllı Tikinti-27” ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib.

Həmçinin Sadıqovun sevimli «icraçı»ları arasında «Ağçay-48» və «Ülvi Mİ» adlı MMC-lərində adı çəkilir. Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı rəsmi sənədlərdə eyni ünvan - Aslanov küçəsi 17 göstərilib.

Cahan.info
Geri qayıt