Saatlının dərdi var, Saatlı xəstədir... - GİLEY

Saatlının dərdi var, Saatlı xəstədir... - GİLEY Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir.

Məlumdur ki, dövlət proqramları qəbul edildikdən sonra ölkə başçısı bölgələrə səfərlər təşkil edərək yerlərdəki vəziyyətlə yaxından tanış olur. Ölkə vətəndaşları da prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərlərini və yerlərdə meydana çıxan problemlərin qısa zaman içərisində həlli ilə bağlı tapşırıqlar verməsini yüksək dəyərləndirirlər. Eyni zamanda, prezident İlham Əliyevin məmurlarla bağlı son bəyanatları cəmiyyətdə kifayət qədər rəğbətlə qarşılandı və bu bəyanatların reallaşması istiqamətində prezident tərəfindən bir sıra addımlar da atıldı.

Qeyd edək ki, prezident çıxışlarında məmurları, icra başçılarını sərt tənqid etdi və onları vətəndaşları incitməkdə suçladı. Və məlumdur ki, son vaxtlar bir neçə rayon icra hakimiyyəti başçısı vəzifəsi ilə vidalaşmalı oldu. Hətta bir neçə məmur vətəndaşları incidərək, onlardan rüşvət almaq istəyərkən həbs edildi. Belə görünür ki, bu proses davamlı olacaq və daha effektli addımların da şahidi olacağıq. Ancaq deyəsən, bəzi məmurlar hələ də qəflət yuxusundan oyanmayıblar. Nədən ki, hələ də sakinlər incidilir, qanunsuzluqlar davam etdirilir. Çünki haqqında söhbət açacağımız Saatlı rayonunun Novruzlu kənd sakini Mirabad Rzayev neçə illərdir ailə üzvlərinin işsizliyi ilə bağlı yuxarı instansiyalara etdiyi şikayətlərin hamısı nəticəsiz qalıb.

“Təzadlar”a video-müsahibə verən Mirabad Rzayev bildirdi ki, illərdir ailəlikcə işsizlikdən və bu səbəbdən də dolanışığın çətinliyindən əziyyət çəkirlər. Onun sözlərinə görə, Saatlı rayonunda olan bütün dövlət qurumlarına, Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etsələr də, məsələ həllini tapmır: “Rayonda dövlət qurumlarına işlə bağlı müraciət edərkən hər dəfə kobudluqla qarşılandığıma, təhdid olunduğuma görə sizə müraciət etmək məcburiyyətində qaldım. Bildirirəm ki, iki oğlum, qızım və ailəm işsizlikdən əziyyət çəkirik. Ailədə 7 nəfər olmağımıza baxmayaraq, yalnız mən uşaq bağçasında gözətçi işləyirəm və cüzi əməkhaqqı alıram. Böyük oğlum Mirsalah Rzayev Daxili Qoşunlarda hərbi xidmət keçsə də, aidiyyəti üzrə idarələrdə işə götürülmür. Hər dəfə müraciət edəndə deyirlər ki, vakant yer yoxdur. Kiçik oğlum və qızım da heç bir yerdə özlərinə iş tapa bilmir. Saatlı rayon İcra Hakimiyyətinə nə qədər şikayət etmək olar? Ötən ilin mayında Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Nazim İsmayılovun qəbulunda dəfələrlə olmuşam, o, kəndimizə gələndə ailə üzvlərimə iş istədim, dedim dolanışığımız çətindir, bizə iş verin, işləyək. İcra başçısı Saatlı Rayon Məşğulluq Mərkəzinin direktoru Elvin Abbasova dedi ki, bu kişiyə mal-qara verin saxlasın, əkin-biçinlə məşğul olsun. Məsələ elə orada da bağlandı. Nə heyvan verən oldu, nə də iş. Hələ bu, azmış kimi, adama hədə-qorxu da gəlirlər. İnanın, yaşamaqdan, həyatdan bezmişik, az qalıram özümü öldürüm. Halbuki cənab Prezident rayonlara təyin etdiyi icra başçılarını qəbul edəndə onlara tapşırdı ki, “siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır”.İcra başçıları bu tapşırıqdan nəticə çıxaracaqlarına söz versələr də, əməl etmirlər. Saatlı rayonunda kimin vəzifədə qohum-əqrəbası, pulu varsa, iş yerlərini də onlara verirlər, kasıbın, kimsəsizin isə başından basırlar. Oğlanlarım iş üçün rayondan didərgin düşüblər, Bakıda fəhləlik edirlər. İş də həmişə olmur. İnsanın daimi işi olar. İş üçün hara gedək, kimə müraciət edək?”.

Mirabad Rzayevin sözlərinə görə, 2012-ci ildə o, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun qəbuluna şikayətə gedərkən RİH-in binasının qarşısında həbs olunub və barəsində cinayət işi qaldırılıb: “Üç ay həbsdə qaldım. Çıxandan sonra uşaq bağçasında mənə iş verildi. Həyat yoldaşım Zemfira Rzayevanın 57 yaşı var, o, üç ildir işlə bağlı Saatlı Rayon Məşğulluq Mərkəzinə müraciət edir. Ancaq hər dəfə ona çətin, qadına uyğun olmayan işlər təklif edilir. Mənim tələbim və istəyim yalnız ailə üzvlərimin normal işlə təmin olunmalarıdır. Başqa heç nə istəmirəm”.

Şikayətçi Mirabad Rzayev istəyinin yerinə yetiriləcəyinə ümid etdiyini bildirdi.

Məsələ ilə bağlı Saatlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz alınmadığına görə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.
Geri qayıt