Gəncədə seçki saxtakarlığı başladı – 37 saylı DSK-nın sədri namizədləri kastaya bölüb

Gəncədə seçki saxtakarlığı başladı – 37 saylı DSK-nın sədri namizədləri kastaya bölüb 37 saylı Nizami birinci (Gəncə) Dairə Seçki Komissiyası sədrinin qanunazidd fəaliyyəti həmin dairədə seçkilərin nəticələrinə dair ciddi şübhələr yaradıb.

Secki.net xəbər verir ki, 37 saylı Nizami birinci (Gəncə) Dairə Seçki Komissiyasının sədri Seymur Hüseynov sözügedən dairə üzrə deputatlığa namizədlər arasında ayrı-seçkilik edir.

Məlumata görə, 37 saylı DSK-nın sədri namizədlərin əksəriyyətinə qanunvericiliklə müəyyən olunmuş yerlərdən kənarda seçki plakatlarının yapışdırılmasına icazə verməsə də, bu məhdudiyyət üçün “istisna” tətbiq edilir.

Qeyd olunur ki, 37 saylı seçki dairəsində deputatlığa namizəd, “Zəfəroğlu İnşaat” şirkətinin rəhbəri Zəfər Məmmədovun təşviqat plakatının bank binasının üzərinə yapışdırılmasına DSK sədri Seymur Hüseynov göz yumur.

37 saylı DSK sədrinin namizədlərə münasibətdə yol verdiyi bu ayrı-seçkilik onun Zəfər Məmmədovun xeyrinə saxtakarlığa əl atacağına dair ciddi şübhələr yaradıb. Bu vəziyyətdən narazı olan digər namizədlər onlara qarşı yol verilən ayrı-seçkiliyə son qoyulmasını tələb edirlər.
Geri qayıt