Neçə dəfə icra hakimiyyətinə getmişəm - GİLEY

Neçə dəfə icra hakimiyyətinə getmişəm - GİLEY Kürdəmirdə bazardan bir az aşağı, dəmiryolu xəttinin kənarında bir daxma gözə dəyir. Məsimə Gərayeva iki qızı ilə burada yaşayır. Məsimə Ağsunun Ərəbuşağı kəndində doğulub. Kürdəmirə ailə həyatı qurandan sonra gəlib. Uzun müddət övladı olmayıb. Onun dediyinə görə, ardıcıl iki qızı doğulandan sonra həyat yoldaşı ayrılmaq qərarı verib.

“Dedi ki, mənə qız uşağı lazım deyil. Uzun müddət aliment ala bilmədim. Sonra məhkəmədə belə razılıq oldu ki, mənə torpaq verəcəklər, alimentdən imtina edəcəm. Uşaqlarım çöllərdə qalmasın deyə, razılaşdım”, – Məsimə belə deyir.

Qadın 2011-ci ildən uşaqlarının qayğısına yalnız özü qalır. Danışır ki, qapılarda işləyib uşaqlarına baxır, dövlətdən heç bir qazanc, kömək görmür: “Heç kimə deyə bilmərəm ki, balalarıma çörək ver. Deyənə də pis baxırlar…”

Məsimənin kiçik qızı Xatirə normal danışa bilmir. Evin böyük qızı Nisənin mədəaltı vəzisində ciddi problem var. Amma ana uşaqlarını məktəbdən saxlamır.

“Uşaqlarım müəllimələrin verdiyi paltarları geyinir. Hələ təzə paltar üzü görməyiblər. Qapısında işləyən adamların yazığı gəlir, onlar da verir. Baxın, əynimdəkilər də mənim deyil. Bunları da başqaları verib”, – qadın danışır.

Məsimə cibindən resept çıxarır. Həkim yanvarın 22-də yazıb. Qadın deyir ki, hələ indiyə qədər dərmanları alıb uşaqlarına verə bilməyib, çünki pulu yoxdur.

“Çox çətinliklə dolanırıq. Məni burda nə vaxtsa ət alan görməzlər. Çünki yalnız Qurban bayramında ət görürük. Dünən qonşudan beş manat borc almışam. Onun da dörd manatını işığa verdim. Bu dəqiqə evimizdə bir balaca parça yağ var. Bu gün var, sabah olmayacaq. Evdə adicə şor yoxdu ki, uşaqlar səhər yesin”, – Məsimə durumun nə qədər ağır olduğunu belə çatdırır.

Ailənin yaşadığı evin çox şəraitsiz olduğu aşkar görünür. Məsimə danışır ki, evin özülü yoxdur, birbaşa torpağın üstündən tikiblər: “Bax, gördüyünüz ayaqyolunu da özüm düzəltmişəm. Bir usta gəlib mənim həyətimdə işləməyib. “Truba”ları da özüm çəkmişəm. Heç bir şərait yoxdu. Bir növ başımızı soxmağa dam var”.

Məsimə kömək üçün dövlət orqanlarına çox müraciət edib, ona qulaq asan olmayıb. Dərdini televiziya verilişlərində demək istəyib, müraciətlərinə reaksiya verilməyib: “Neçə dəfə icra hakimiyyətinə getmişəm. Dövlətdən heç bir pul almırıq. Bu dəqiqə qaza 160 manat borcum var. Güzəşt eləyirlər, kəsmirlər. Amma borcu yavaş-yavaş ödəməliyəm. Qazı kəssələr, uşaqlarım yataqdan qalxa bilməz”.

Məsimə daha çox sosial yardım almaq üçün əziyyət çəkib. Dövlər Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsində deyilən sənədləri də toplayıb, amma axırda rədd cavabı alıb.

“Şöbənin əməkdaşları məni aldatdı. 200 manat xərcim çıxdı. Sonra dedilər ki, Ağsuda adına torpaq var, sosial yardım ala bilmərsən. O torpaq mənə heç lazım da deyil. Gərək kiməsə bağışlayam. Bunun da 360 manat xərci var. Mən balalarımı güclə saxlayıram, o pulu necə verim?! Mənə bunu əvvəldən izah eləmədilər”, – iki uşaq anası deyir.

Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin əməkdaşı Hamil Hidayətov isə deyir ki, heç bir vətəndaşa şöbədən cavab verilmir, ərizələr elektron qəbul edilir, araşdırılır: "Mənim icazəm yoxdur sizə ətraflı məlumat verim. Ancaq vətəndaşın adına torpaq varsa, bu, iş yeri kimi götürülür. Həmin torpaq ya satılmalı, ya da başqasına hədiyyə edilməlidir. Görünür vətəndaşın şəxsi sənədləri araşdırılarkən bunlar ortaya çıxıb deyə imtina verilib. Əks halda heç bir şöbə sənəd qəbul etmir və vətəndaşa söz vermir“.

… Qatar keçir, Məsimənin dediklərini düz-əməlli eşitmək olmur. Deyir ki, bu səsə də öyrəşiblər. Onsuz da başqa həyat tanımırlar. Boğazındakı şişdən danışır. Qayğıların çoxluğundan öz sağlamlığını da unudub: “Allah əlacımı kəsib deyə, işləyirəm. Hər gün işləyirəm. Heç canım da əl vermir…”
Geri qayıt