Qəzənfər Ağayev üçün vətəndaşın bir önəmi varmı? - Müraciət...

“Kənddə torpağım, evim yoxdur, paytaxta gəldim ki, bəlkə burda iş taparam, onun-bunun qapısında fəhləlik edirəm. Qazandığım qəpik-quruşla ondan-bundan ev kirayəsinə, dolanışığa görə aldığım borcları ödəməyə çalışıram. 3 aydır ki, evin kirayəsini ödəyə bilmirəm, qapı döyüləndə elə bilirəm ev sahibidir, indicə bizi çölə atmağa gəlib”.
Şabanovlar ailəsi 4 nəfərdən ibarətdir. Hakim Şabanov deyir, vaxtilə hərbi xidmətdə ağır işlərlə məşğul olduğuna görə səhhətində problemlər yaranıb, elə hərbi xidmətdə olarkən cərrahiyyə əməliyyatı keçirib. Bir gözü görmür. Övladları da xəstədir: “Oğlumun 13, qızımın 6 yaşı var. Oğlum fərdi təhsil alır. Uzun müddət xəstə olduğuna görə məktəbə gedə bilmədi, ona görə də sonradan fərdi təhsil almalı oldu. Qızımın gözü çəpdir, maddi imkanım yoxdur ki, gözünü əməliyyat etdirim. Üstəlik də qıcolmaları var. Uşaqlarımı müalicə etdirə bilmirəm. Uşaqların xəstəliyinə görə həyat yoldaşım da işə gedə bilmir. Birotaqlı mənzil kirayələmişik, dördümüz də eyni otaqda yeyirik, soyunub-geyinirik, yatıb-dururuq. Kirayəhaqqı 200 manatdır, onu da aylardır ki, ödəyə bilmirəm”.
Hakim Şabanov üzvü olduğu Yeni Azərbaycan Partiyasına, Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və müxtəlif qurumlara müraciət edib.
“Onlardan istədiyim tək bir şey var, o da işdir. Mənə normal maaşı olan iş versinlər, başımın çarəsinə baxım. Yazmadığım, getmədiyim qurum qalmayıb. Bütün bunların qarşılığında bu yaxınlarda mənə “DOST” Mərkəzindən zəng vurdular, guya bunlar işsizləri işə düzəldirlər, 265 manat məvaciblə fəhləlik işi təklif etdilər, dedim, mən səhərdən axşama kimi fəhləlik edib alacağım 265 manatın 200 manatını ev kirayəsinə ödəyəcəm, bir hissəsini də yolpulu... Bəs ailəmə daş-qəmbər yedirdim? Səhərdən axşamacan fəhləlik elə, ayın sonunda da 265 manat maaş al. 265 manat maaş olar?”- şikayətçi deyir.
Dəfələrlə yerli icra hakimiyyətinə də müraciət etməsinə baxmayaraq, şikayətini eşidən olmayıb və bu gün Hakim Şabanov son ümidini Prezidentə bağlayıb.