Seçicilərlə görüşə gedən YAP namizədi daşlanaraq qovuldu - Gəncəlilər Pərvin Kərimzadəni istəmirlər

Seçicilərlə görüşə gedən YAP namizədi daşlanaraq qovuldu - Gəncəlilər Pərvin Kərimzadəni istəmirlər 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən Milli Məclisə keçiriləcək seçkilərda deputatlığa namizəd Pərvin Kərimzadənin seçicilərlə görüşündə insident yaşanıb...
Secki.net-ə daxil olan məlumata görə, Pərvin Kərimzadə Bağman küçəsində seçicilərlə görüşərkən seçicilər onu daşlayaraq qovub.

Seçicilər bildirib ki, deputat olduğu zaman onların heç bir problemi ilə maraqlanmayan, onları qəbul etməyən namizədi istəmirlər.

Seçicilərin sözlərinə görə, 5 il ərzində xanım deputat bir dəfə də olsun onların görüşünə gəlməyib. Seçki vaxtı yadına düşüb ki, biz varıq. Seçicilər ancaq seçki vaxtı onları xatırlayan namizədə səs verməyəcəklərini bildiriblər.

Saytımıza daxil olan məlumata görə, şəhərdə hər kəs sözü bir yerə qoyub ki, Pərvin Kərimzadəyə səs verilməsin.

Əldə etdiyimiz məlumata görə, Pərvin Kərimzadənin adamları digər namizədlərin plakatlarını lövhələrdən cırıb, atır. Hətta bunu edərkən yaxalananlar da olub. Bu işi görənlər etiraf ediblər ki, Pərvin Kərimzadənin göstərişi ilə bu addımı atırlar.

Ümumilikdə, Pərvin Kərimzadə Milli Məclisdə varlığı ilə yoxluğu bilinməyən deputatlardan biri olub. Ötən 5 ildə onun hansısa bir çıxışını, müsahibəsini, irəli sürdüyü qanun layihəsini nə görən olub, nə də eşidən. Parlamentdə varlığı ilə yoxluğu bilinməyən biri hansı səbəbdən yenidən deputat olmaq istəyir, bunun cavabı yalnız xanımın özündədir.

Milli Məclisdə susqun oturub, seçiciləri ilə işləsə yenə dərd yarı idi…
Geri qayıt