Şamaxıda “Apteklər kralı” kimi tanınan baş həkim Şöhrət Abdullayevin yarıtmaz səhiyyəsi - Mehriban xanıma şikayət

Şamaxıda “Apteklər kralı” kimi tanınan baş həkim Şöhrət Abdullayevin yarıtmaz səhiyyəsi - Mehriban xanıma şikayət Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ürək xəstələrini və travma xəstələrini liftsiz binanın dördüncü mərtəbəsində qəbul edir...
“Şamaxıda son illər görülən abadlıq-quruculuq işləri, sosial-iqtisadi proqramlar rayonun həyatında böyük dəyişikliklərə səbəb olub. Bu gün bu qədim diyarın istənilən sahəsində müsbət yeniliklər müşahidə etmək mümkündür. Amma, bir sahə var ki, “atılan toplara diksinmir”, dünya-aləmi vecinə almır, korrupsiyanın və rüşvətin bataqlığında hər gün bir az da dərinə batır... Bu illərdir ki, dərdinə əlac tapılmayan, “sağalmaz xəstəliyə mübtəla olan” Şamaxı səhiyyəsidir”.

Bu sətirlər Şamaxıdan PİA.az-a ünvanlanan şikayət məktubunda yer alıb. Qeyd edək ki, şikayət məktubunda Şamaxıda səhiyyənin başlı-başına buraxılmasından və baş həkimin rayonun səhiyyə sistemini şəxsi həlir mənbəyinə çevrilməsindən bəhs edilir:

“Öncə ondan başlayaq ki, rayonda düz-əməlli bir müalicə müəssisəsi tapmaq olmaz. Köhnə avadanlıqlarla təchiz olunan bu xəstə “xana”larda nə xəstələr müalicə olunmaq istəyir,nə də həkimlər müalicə etmək. Şəraitsizlikdən az qala antisanitariyanın hökm sürdüyü bu bin alar özü real təhlükə mənbəyidir. Ucqar kəndlərdən, qonşu ərazilərdən müalicə olunmaq ümidiylə Şamaxıya üz tutanlar əlləri ətəklərindən uzun geri qayıtmağa məcbur olurlar.

Vəziyyət o həddə kritikdir ki, rayonda tez-tez baş verən ölüm hadisələri adi hal alıb. Yararsız tibbi xidmət Şamaxıda faciəvi vəziyyət yaradıb. Xüsusilə tibbi sığortanın tətbiqindən sonra daha dəhşətli vəziyyət yaranıb. Xəstələr “ötür-ötür” oyunu ilə üz-üzə qalıblar. Baxımsızlıqdan insan taleləri oynucağa çevrilib. Baş həkim Şöhrət Abdullayev özü çəkilib “dağlar qoynuna”- poliklinikanın dördüncü mərtəbəsinə, külli-ixtiyarı da verib “Qəmlo”-ya.

Təsəvvür edin ki, baş həkimin əyləşdiyi dördüncü mərtəbəyə lift işləmir. Heç işləyə də bilməz, çünki binada ümumiyyətlə lift quraşdırılmayıb. İndi siz təsəvvür edin ki, ağır ürək xəstələri, travma almış digər xəstələr dördüncü mərtəbəyə pilləkanlarla necə qalxırlar. Elə Şöhrət həkim də belələrinin əlindən 4-cü mərtəbədə gizlənir. Təki qulağı sakit olsun, aşağı mərtəbələrdə lap “cümlə cahan batsa da batsın”.

Baş həkim dördüncü mərtəbədə xəstələrdən gizlənsə də heç də bekar oturmur. Onu Şamaxıda “apteklər kralı” da adlandırmaq olar. Şamaxıda hamıya məlumdur ki, şəhərin müxtəlif yerlərində yerləşən böyük apteklər məhz onun biznes şəbəkəsinə daxildir. Yararsız səhiyyə xidmətlərininin son ünvanı da elə bu apteklərdir. Xəstələrin “soyulma üsulu” ilə müalicəsinin axırıncı hədəfi baş həkimin apteklər şəbəkəsidir. Eyni zamanda xəstəxanaya verilən dərmanlarn bu apteklərdə satışı Şöhrət həkimin biznesinin inkişaf etdirilməsində daha əlverişli şərait yaradır.

Şamaxıda imkanı olanlar müalicə olunmaq üçün paytaxta və digər bölgələrə üz tuturlar. Əlacı olmayanlar isə Şöhrət həkimin bu başıbəlalı xəstəxanasında Əzrayılla çiling-ağac oynayırlar.

Zənnimizcə, hörmətli Mehriban xanım Şamaxıda səhiyyə sisteminə ciddi nəzarətə götürməlidir. Onsuz da rayonda hamı bunu gözləyir- çünki, digər səlahiyyət sahiblərindən ümidlərini çoxdan üzüblər...”

pia.az
Geri qayıt