Siyəzən icra başçısının yaratdığı "Hitler bunkeri"... - VİDEO

Siyəzən icra başçısının yaratdığı "Hitler bunkeri"... - VİDEO Məlum olduğu kimi Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar olaraq ölkənin hər yerində ağacəkmə aksiyası keçirilib. Çox təəssüf ki, bu gözəl aksiya bəzi hallarda qüsurla təşkil edilib.

KONKRET.az-ın şimal bölgəsi xəbər verir ki, bu, özünü Siyəzən rayonunda daha pis şəkildə göstərib. Belə ki, rayonda ağacəkmə aksiyası məktəblərin stadionlarında təşkil edilib. Siyəzən şəhər 6 saylı məktəb-liseyin binası isə aksiyadan sonra daha acınacaqlı duruma düşüb. Təhsil müəssisəsinin 1-ci mərtəbəsi torpaq qatının altında qalıb. Siyəzən şəhər sakinləri dəfələrlə bu barədə rayon icra hakimiyyətinin başçısı Novruz Novruzova müraciət etsələr də, heç bir faydası olmayıb. Əksinə sakinlər bunun qarşılığında rayon rəhbərliyindən kobudluq və biganəlik görüblər.

Qeyd edək ki, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı keçirilən ağacəkmə aksiyasının bir hissəsi Siyəzən şəhər 6 saylı məktəb-liseyin stadionu və təhsil müəssisəsinin həndəvərində baş tutub. “Məktəbin birinci mərtəbəsi Hitlerin Berlindəki bunkerinə bənzəyir. Ağacların əkildiyi yerlərə baxın. Sinif otaqlarından baxanda açıq səma görünmür. Günəş yalnız qürub edəndə sinfin otaqlarına zəif işıq düşür. Allah eləməmiş, yer bir az silkələnsə, birinci mərtəbənin sinifləri torpaq altında qalacaq”, – deyə sakinlərdən biri vurğulayıb. Vətəndaşlar elə həddə çatıb ki, onlar artıq bu barədə ölkə başçısına müraciət etmək niyyətindədir.

Problemlə bağlı video-çəkilişi oxucuların ixtiyarına veririk
Geri qayıt