Nazir öz övladlarını bu məktəbə göndərərmi? - Biabırçı mənzərə...

Nazir öz övladlarını bu məktəbə göndərərmi? - Biabırçı mənzərə... Göyçay sakinləri şəhərin məkkəzində – Heydər Əliyev prospektində yerləşən Qantəmir adına 9 saylı tam orta məktəbin fotolarını çəkib göndəriblər. Onlar məktəbin vəziyyətindən şikayətçidilər.

Sakinlərin deməsinə görə, məktəb sovet vaxtı istifadəyə verilib. İllər ərzində ara-sıra xırda təmirlər aparılıb. Ancaq binada heç vaxt əsaslı təmir işləri görülməyib. Sakinlər danışır: “Sinif otaqları salyarkayla qızdırılır. Otaqlardan salyarka iyi gəlir. Uşaqlar o tüstünü saatlarla ciyərlərinə çəkirlər, bu, onların səhhətinə zərərdir. Valideynlər səslərini çıxaranda salyarkadan istifadəni dayandırırlar, onda da siniflər buz kimi olur, uşaqlar donurlar. Qalmışıq beləcə çıxılmaz durumda…”

Valideynlərin sözlərinə görə, binanın çöl tərəfdən dam örtüyü təmir olunsa da, içəri tərəfdən tavanı dağılıb hissə-hissə döşəməyə tökülür. Divarlar çat verib, döşəmələr adamın ayağının altından qaçır.

“Məktəbin dəhlizlərində siçovullar uşaqların ayağının altından qaçır. Nəmişlikdən, rütubətdən danışmağa dəymir, hər şey göz önündədir. Dərs ləvazimatları köhnədir, yararsızdır. Partalar, stullar, lövhələr sınıq-sınıqdır. Bir hökumət adamı qapıdan girib məktəbin vəziyyəti ilə maraqlanmır. Dəfələrlə rayon təhsil şöbəsinə müraciət etmişik ki, heç olmasa istilik məsələsini həll etsinlər. Deyirlər, Bakı məşğul olmalıdır”, – valideynlərdən biri bildirib.

Sakinlər deyir, 9 saylı məktəbdən başqa, Göyçayın mərkəzindəki mıəktəblərin demək olar ki, hamısı əsaslı təmir olunub. Ancaq nədənsə hökumət bu məktəbə diqqət göstərmir: “Bu məktəbin başı qalmaqallıdır. Yadınızdadırsa, 2 il əvvəl direktor da elə məktəbin qarşısında özünü doğradı. Rayonda söz-söhbət yayılmışdı ki, icra başçısı ondan pul tələb edir, o da pulu yığıb verə bilmir. Prokurorluq da işi sona qədər araşdırmadı, ört-basdır elədi, çünki ortada başçının adı hallanırdı. Bizdə də belə fikir yaranıb ki, şəhərin mərkəzindəki bütün məktəblər təmir olunub, bu məktəb qalıbsa, burda bir qərəz var, bu məktəbin təmirinə icra hakimiyyəti qəsdən əngəllər yaradır. Yoxsa, başqa hansı səbəbdən ola bilər ki, bütün məktəblər təmir olunsun, müasir standartlara cavab versin. Bircə 9 saylı məktəb tövlə vəziyyətində qalsın…”

Valideynlər deyir, illərdir ki, binanın pəncərələrindəki şüşələr də sınıq-sınıqdır. Havalar soyuyanda uşaqlar binanın dəhliz və siniflərində paltolarına bürünürlər.

DİA.AZ xatırladır ki, bu məktəbin direktoru Akif Qəribov 2 il əvvəl intihara cəhd etmişdi. Elə məktəbin qarşısında qol damarlarını kəsmişdi. Məktəb direktoruna vaxtında tibbi yardım göstərildiyi üçün həyatda qalıb və bir müddətdən sonra yenidən işinə davam edib.

Valideynlər deyir, illərdir ki, binanın pəncərələrindəki şüşələr də sınıq-sınıqdır.
Nazir öz övladlarını bu məktəbə göndərərmi? - Biabırçı mənzərə...


Geri qayıt