Sahibkar prezidentə müraciət etdi - "Torpaqlarımız əlimizdən əsassız şəkildə alınır!"/FOTOLAR

Sahibkar prezidentə müraciət etdi - "Torpaqlarımız əlimizdən əsassız şəkildə alınır!"/FOTOLAR Biləsuvar rayonunun Səmədabad kənd sakini, sahibkar Muradov Talıb sözügedən kəndin bələdiyyə sədri Həsənov Hidayətdən şikayətçidir. O, bələdiyyə sədrinin kənd camaatına, əsasən də Qarabağ veteranlarına, Aprel döyüşlərində iştirak etmiş şəhid ailəsinə qarşı haqsızlıqda ittiham edir. Torpaqlarının əsassız şəkildə əlindən alındığını iddia edən kənd sakini düşdükləri durumdan çıxış yolu tapmaq üçün Prezident İlham Əliyevə müraciət edib.


Müraciət müəllifi bildirir ki, əslən kəlbəcərli olsa da, ailəsi birlikdə Biləsuvar rayonunun Səmədabad kəndində yaşayır: "10 avqust 2000-ci ildə 12 saylı icarə müqaviləsi əsasında Səmədabad bələdiyyəsindən 142 h torpaq sahəsinin 25 illiyə icarəyə götürmüşük. Müvəqqəti istifadə hüququna dair Dövlət Əmlak Komitəsi tərəfindən şəhadətnamə verilib. İcarəyə götürdüyümüz torpaq örüş otlaq sahəsidir və bu haqda müqavilədə də qeyd edilib. 10 ailə (hər birində 4-5 uşaq var) bu gün həmin təsərrüfatdan dolanır. Bu, bizim dədə-baba işimizdir.

Lakin bu gün Səmədabad bələdiyyəsinin sədri Həsənov Hidayət Ədalət oğlu qanunsuz olaraq, müxtəlif bəhanələr gətirməklə torpaqla bağlı bağlanmış icarə müqaviləsini ləğv etdirmək istəyir. Bunu etməmək üçün isə bizdən 10000 (on min) AZN tələb edir. Əlbəttə ki, buna etiraz etmişik. İşi belə görən bələdiyyə sədri icarə müqaviləsini ləğv etdirmək üçün Biləsuvar Məhkəməsinə müraciət edib. O, müxtəlif yollarla, rüşvət olaraq bu vaxtadək bizdən 3 min AZN-ə yaxın pul və 18 baş qoyun da alıb.

Mən ona hər hansı məbləğdə pul verməyə imkanımızın olmadığını bildirmişəm. Mən sahibkaram, hər il dövlət büdcəsinə ödənişlərimi vaxtlı-vaxtında ödəyirəm. Buna baxmayaraq, bu şəxs vəzifəsindən sui-istifadə etməklə 10 ailəni incitməyə davam edir.

Səmədabad bələdiyyəsinin sədri Həsənov Hidayətə bildiririk ki, cənab prezidentimiz məmurların hər bir vətəndaşa diqqət və qayğı göstərməsini tapşırdığı halda, siz buna əməl etmirsiniz. Bu gün 40-50 nəfərdən ibarət ailələrin məşğuliyyətini əlindən almaqla bu ailələrin dolanışığını çətin vəziyyətə salırsınız.

Hörmətli prezident, sizin sahibkarlığın inkişafına verdiyiniz dəstək hər yerdə tərəqqi və yüksəlişə səbəb olub. Bu diqqət və qayğı biz sahibkarlar qarşısında geniş imkanlar açır. Sizin elan etdiyiniz strateji xəttə uyğun olaraq, respublikada çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Dövlət tərəfindən sahibkarlara müxtəlif güzəştlər edilir. Sizin sahibkarlara göstərdiyiniz qayğı bizim üçün qürur mənbəyidir.

Lakin bəzi məmurlar sahibkarları incitməkdədirlər. Göydə Allah, yerdə sizə güvənirik. Cənab prezident, qardaşlarım və ailə üzvlərinin dolanışıq yeri olan torpaqlarımızı əlimizdən almağa cəhd göstərən Biləsuvar rayon Səmədabad Bələdiyyəsinin sədri Həsənov Hidayətin özbaşınalıqları barədə qanuni tədbirlərin görülməsinin təmin etməyinizi xahiş edirəm".

Afn.az
Sahibkar prezidentə müraciət etdi - "Torpaqlarımız əlimizdən əsassız şəkildə alınır!"/FOTOLAR



Geri qayıt