Bizə də gənc kadr başçı göndərilsin... - Balakəndən müraciət...

Bizə də gənc kadr başçı göndərilsin... - Balakəndən müraciət... Redaksiyamza yazan Balakən sakinləri dia.az vasitəsilə ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Onlar hazırda rayona rəhbərlik edən icra başçısı İslam Rzayevi ittiham dərək Balakənə da yeni başçı göndərilməsini xahiş edirlər.

Dia.az-a daxil olan müraciətdə deyilir: "Bu gün balakənlilər ölkədə baş verən yenilikləri coşqu ilə izləyirlər. Tək izləmirlər, ümid edirlər ki, Balakənə də həqiqətən də millətini, dövlətini sevən gənc bir kadr rəhbərlik edəcək. Bununla bağlı biz balakənlilər ölkə başçısından xahiş edirik ki, illərdir - 10 ilə yaxındır ki, rayonumuzda meydan sulayan Rzayevi yeni bir kadrla əvəzləsin. Bəlkə bundan sonra balakənlilər bir ağ günə çıxalar".

Qeyd edək ki, İslam Vahid oğlu Rzayev 1965-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlamış, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləmişdir. "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləmiş, 18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. YAP-ın üzvüdür. Evlidir, 3 övladı var.

Müraciətdə iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt