Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... - İTTİHAM

Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... - İTTİHAM Xaçmaz şəhər sakini Ceyran Ramazanova, özünü “Azəri qardaşları” Ticarət Mərkəzinin müdiri kimi təqdim edərək, KİV-də qətlə yetirilmiş şairə, “Arzu” Ticarət Mərkəzinin müdirəsi Nəcimə Babayevanın övladlarına qarşı, onları ağır cinayətdə ittiham bəyanatları verən Qurban Sadıxov barədə danışıb.

“Qurban 10 yaşında uşaq idi, bazara gəldi çıxdı, qabağına da Cəlilabaddan gətirdiyi bir kisə “semiçka” qoydu. Əslində anası satırdı, bu da anasının yanında gəlirdi. Sonra zaman keçdikcə bizdən öyrəndi hər şeyi, başladı bizi “baltalamağa”. Elə hey istədi ki, məni sıradan çıxarsın. İllərlə mənə sataşdı”

Ceyran Ramazanova Qurbanın bazara necə müdir təyin olunmasından da danışdı.

“Yaxşı bilirlər ki, kimlərə isə “işləyir”, “işverən” olduğuna görə, götürüb etibarnamə ilə veriblər ora. Çünki o bazarın adamları sakitdi, onlar Qurban kimi şantaj etməyi bacarmırlar”

“Müdir” həm də oğurluqda şübhəli şəxsdir.

Sahibkar xanımın dediyinə görə, bir neçə bundan qabaq, Qurban Sadıxov, anası və dayısı ilə birlikdə onun seyfindən oğurluq etsələr də, bu günə kimi dövlət orqanları hadisəyə hüquqi qiymət verməyiblər.

“Günün gündüz çağı, yerimdən yarım saatlıq çıxan kimi, stolumun altından balaca seyfi götürüblər. İçində 1800 manat pul, 300 qram qızıl, 12 pensiya kartı, evimin sənədləri və başqa şeylər vardı. Hələ yadımda qalan bunlardır. Bir gün baxmadım, həmin günü də oğurladılar. Bu gün oğurladılar, səhər də guya dayılarını xəstəxanaya göndərdilər. Neçə vaxtdır ki, məktublarım da var, hara şikayət edirəm, baxan yoxdu”.

Ceyran Ramazanova Daxili İşlər Nazirliyinə, Resuplika Baş Prokurorluğuna hətta dəfələrlə elektron müraciət də etdiyinə baxmayaraq, Qurban Sadıxovun ifşa olunmasına nail ola bilmədiyini deyir.

“Mənə yalandan cavab verirlər ki, baxılır, baxılır… Mən adı ilə yazıram ki, mənim seyfimi bu beş nəfər aparıb. Orda fəhləsinin də adı yazılıb, ancaq əslində başçı elə Qurbandı, anasıdı, bir də dayısı. Bütün rayon bilir bunu, Qurbana bata bilmirlər. Bir dəfə də olsun, gəlib mənə demədilər ki, bizim adımızı niyə çəkirsən? Görəndə, başlarını aşağı salıb çıxıb gedirlər. Hamıya da göstərirəm ki, baxın mənim malımı bu adamlar oğurlayıb, üzümə baxır, dillənmir ki, məni niyə şərləyirsən? O kimlərəsə güvənir, necə ki, indi də dalında durublar, mənim işim bağlı qaldı, açılmadı. Onlar əvvəldən arxayın olduqları üçün, bu hərəkəti elədilər. 2017-ci ilin may ayının 7-dən bu günə kimi iş açılmır guya. Polislər də gələndə Qurbanın anası Cəmilə, öz qardaşını gizlətdi. İlk gündən polis bilirdi ki, oğru bu adamlardır. Onun dayısı oğurluq üstündə həbs də yatıb. Ancaq bizim işimizi ört-basdır elədilər”

Onu da qeyd edək ki, “Azəri qardaşları” MMC-nin müdiri Qurban Sadıxov qonşuluqda yerləşən “Arzu” Ticarət Mərkəzinin sahibəsi, şairə xanım Nəcimə Babayevanın övladlarını KİV-də öz analarının qətlində ittiham edib.

Olaydan xeyli müddət keçməsinə baxmayaraq, Xaçmaz Rayon Məhkəməsi ailənin Qurban Sadıxova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya müxtəlif bəhanələrlə baxmır.

Nəcimə Babayeva uzun illər rayon rəhbərliyində təmsil olunan şəxslərlə, o cümlədən sabiq icra başçısı Şəmsəddin Xanbabayevlə aralarında olan mülki mübahisələrdən sonra, 2010-cu il, sentyabr ayının 15-də, öz evində xüsusi amansızlıqla, vəhşicəsinə qətlə yetirilib. Hadisədən 9 ildən artıq müddət keçməsinə baxmayaraq, qətlin sifarişçi(lər) və icraçı(lar) tapılmır. //konkret.az//
Geri qayıt