Göyçayda başçının qardaşı rüşvət istəyib? - “Heç pulum da yoxdur ki, rüşvət verim”

Göyçayda başçının qardaşı rüşvət istəyib? - “Heç pulum da yoxdur ki, rüşvət verim” Bir neçə gün əvvəl Göyçay rayonunda işaxtaran vətəndaşların haqsızlıqla üzləşməsi xəbəri vermişdik. Bildirilirdi ki, bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov olub.

O, özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edərək 500-700 manat arası pul müqabilində işlə təmin olunmasına şərait yaradır. Bu da digərlərinin narazılığına səbəb olur. Şikayətdə deyilirdi ki, Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəyib.

Onun isə çörək almağa pulu yoxdur. Yusif Xasıyev yerli hüquq müdafiəçilərinə müraciət edərək bu barədə şikayət edib. Namiq İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qardaşıdır.

Y.Xasıyev bu günlərdə video müraciət ünvanlayıb. Rayon sakini bildirib ki, mətbuatda gedən yazılarda onun adından sui-istifadə edilib. Xasıyev qeyd edib ki, 5 aydır N.İsmayılovun üzünü belə görmür.

Onun sözlərinə görə, idarə müdirinin ondan 800 manat rüşvət istəməsi haqda adından yazılmış materiallar həqiqəti əks etdirmir. Rayon sakini onu da deyib ki, hazırda 5 manatı belə yoxdur, qalmışdı 800 manat rüşvət verməyə imkanı olsun:

“Mən xahiş edirəm ki, mətbuat məsələyə diqqətli yanaşsın və adımdan gedən yazılar silinsin. Çünki böhtan və yalandır. Mən Namiq müəllimlə görüşməmişəm, o da məndən rüşvət tələb etməyib. Heç pulum da yoxdur ki, rüşvət verim. Tamamilə böhtandır. İnanıram ki, mətbuat səsimi eşidəcək və tədbir görəcək, eləcə də dövlətimə inanıram”.

Geri qayıt