Taleh Qaraşovun rayonundan şikayət var... - Narazılıq yaradan kimin qohumdur?

Taleh Qaraşovun rayonundan şikayət var... - Narazılıq yaradan kimin qohumdur? Lənkəran rayonunun Bürcəli kənd sakini Heybət Hüseynov ünvanlandığı məktubunda yazır ki, Bürcəli kəndinin ərazisində olan payıbəlli torpaqlar və meşə zolaqları qanunsuz olaraq həyətyanı sahə kimi satılıb: «Bələdiyyə sədrimiz Kazım Məmmədov kəndimizin 80 hektardan çox əkin sahəsini, 750-850 metr uzunluğunda olan, 3 küləkdən mühafizə meşə zolağını saxta sənədlərlə ev yeri kimi satıb. Bu sənədlərlə təsdiq edilsə də, heç kim bunun qarşısını almır. Bunu konkret hansı təşkilat etməlidir demirlər. Şikayəti bir-birinə ötürürlər».

Kənd sakinin yazdığına görə, bu barədə üç ilə yaxındır ki, müxtəlif təşkilatlara müraciət edir: «Üç ilə yaxındır ki, heç bir təşkilat tədbir görmür. Birinci gündən Xanbulan bələdiyyəsinin sədri Kazım Məmmədov məni xəbərdar etmişdi ki, arxasında bacısı oğlu, Ağstafa rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev durur. Bu günə qədər əkin sahələri və meşə zolaqları məhv edilir, saxta sənədlərlə ev yeri kimi satılır...».

H.Hüseynov onun ünvanına gəlmiş cavab məktublarının bəziləri barəsində açıqlama verir: «Əmlak Məsələləri Dövlət Komitəsinin 9 saylı ərazi idarəsinin məktubu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aktı vəziyyətin nə yerdə olduğunu göstərir».

H.Hüseynov qeyd edir ki, müxtəlif hakimiyyət orqanları heç bir tədbir görmədiyindən prezidentin ünvanına 10-dan çox məktub göndərib. Ancaq cavab almayıb: «Şikayət ərizələrimə cavab vermək xətrinə cavab verilir. Onların heç birində əkin sahələrinin və küləkdən mühafizə meşə zolaqlarının bərpa edilməsi barədə heç nə yazılmır. Baş prokurorluğa, Lənkəran rayon İcra Hakimiyyətinə, yerli prokurorluğa müraciətlər etmişəm».

H.Hüseynov yazır ki, təkcə məktublarla kifayətlənməyib. Bir çox rəsmi şəxslərin də qəbulunda olub: «Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Lənkəran rayon İdarəsinin rəisi Rafael Tahirovun qəbulunda olanda, mənə izah etdi ki, bələdiyyənin nəzdində olan torpaq və meşə zolaqları dövlətin əmlakı sayılmır. Ona görə, həmin sahələrin koordinatlarının təyin edilməsi və bərpası mənim və yaxud bələdiyyə sədrinin öhdəsinə düşür. Bələdiyyə bunu edəcəksə, bəs niyə həmin sahələri məhv edirdi?.. Kazım Məmmədov Ağstafa rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin doğma dayısıdır, sahələri məhv edir».

Xanbulan bələdiyyəsinin sədri Kazım Məmmədov H.Hüseynovun şikayətlərini əsassız sayır. Onun dediyinə görə, həmin şikayət ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyəti başçısı komissiya yaradıb: «Başçı komissiya yaradıb, gəliblər, baxıblar. Qonşusundan yol istəyirdi, vermədilər. Məhkəməyə verdilər. Bu işə prokurorluq qarışdı. Kənddə torpaq islahatı bölgü ilə yox, adamların istəyi ilə aparılıb. Bələdiyyə torpaq verə bilirmi? Bizə məktub yazıb, bir ay vaxt da verib ki, qonşudan yolu alıb ona verək». Bələdiyyə sədri deyib ki, komissiya hər hansı qanun pozuntusu aşkarlamayıb.
Geri qayıt