Ağsuda tariximizə hörmətsiz münasibət - İcra hakimiyyəti isə sakinləri günahkar görür

Ağsuda tariximizə hörmətsiz münasibət - İcra hakimiyyəti isə sakinləri günahkar görür «Bu məzarlıq qədim abidə sayılır. Hətta bu yaxınlarda ərazisində arxeoloqlar qazıntılar da aparıb, sonra da həmin qazıntılar zibilliyə çevrilib. Ötən ay səs-küy saldıq, telekanallardan gəlib çəkib göstərdilər, bir az təmizləndi, indi yenə həmin vəziyyət yaranıb».

Ağsu sakinləri şəhər ərazisindəki tarixi abidə olan qədim məzarlığın və onun yanındakı türbənin zibilliyə çevrilməsindən, dağılmaq təhlükəsi ilə üz-üzə qalmasından narahatlıqlarını bildiriblər. Onların deməsinə görə, zibillik ərazinin baxımsız qalması üzündən yaranıb.

Şəhər sakini Sədaqət Bayramova danışır ki, insanlar tarixi abidədən həm də ziyarətgah kimi faydalanırlar: «Hər gün Ağsu və ətraf rayonlardan gəlib həm Şıxməcid türbəsini, həm də məzarlığı ziyarət edirlər. Ancaq baxımsızlıqdan dağılır, ətrafı zibillik poliqonuna çevrilib. Məzarlıqda yaşı 4 əsr öncəyə gedib çıxan çoxlu məzarlar var. Çox dəyərli tarixi abidədir. Dünyanın başqa yerlərində belə abidələri göz bəbəyi kimi qoruyurlar, bizdə isə zibilliyə çevrilib. Tariximizi zibilliyə çevirirlər, baxanda adamın ürəyi göynəyir».

Sədaqət xanım deyir, abidənin bir hissəsi ərazidən keçən yol, su xətlərinin çəkilişi zamanı bərbad hala düşüb. Sonradan bərpa olunmayıb.

Ağsu sakini Qamət Bəkirov sakinlərin adından dəfələrlə yerli icra hakimiyyətinə müraciət olunduğunu bildirir: «Gördük ki, bir tərəfdən insanlar, bir tərəfdən də ərazidə işləyən fəhlələr abidəyə hörmətsizlik edirlər. Yığışıb başçıya müraciət etdik ki, ərazinin mühafizəsi gücləndirilsin. Hələ də cavab almamışıq».

Tarixçi Fariz Xəlilov danışır ki, 4 il qabaq ərazidə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası qazıntılar aparıb: «Bu tarixi abidə 14-17-ci əsrlərə aiddir. Qazıntılar aparılıb, sonra da həmin qazıntıların yeri məişət tullantıları ilə doldurulub. Bu, tariximizə sayqısızlıqdır. Yayda əraziyə üfunətdən yaxın düşmək mümkün olmur».

Ağsu rayon İcra Hakimiyyətindən bildirilib ki, yerli bələdiyyə ilə qurumun əməkdaşları tez-tez ərazidə təmizlik işləri aparırlar: «Günah sakinlərdədir. Neyləməli, məzarlığa bir də polis postu qoyulmalıdır ki, adamlar zibil atandı tutub şöbəyə aparsınlar? İnsanların özündə mədəniyyət olmalıdır və bilməlidirlər ki, abidənin ətrafına zibil atmaq olmaz. Orada təzəliklə təmizlik işləri aparılıb. Hazırda təmiz olmalıdır. Yenə də araşdırarıq».

Rayonun məzarlığı zibildən qorumağa çalışan bəzi sakinləri təklif edirlər ki, buraya zibil atanlar yüksək məbləğdə cərimələnsinlər.
Ağsuda tariximizə hörmətsiz münasibət - İcra hakimiyyəti isə sakinləri günahkar görür
Geri qayıt