Beyləqanda “daşdan pul çıxarma” üsulu: Şükür Aslanovla Füzuli Quliyevin çinqıl əməliyyatı

Bununla bağlı Beyləqandan mediaya daxil olan məlumata görə 6 saylı Yol İdarəsinin müdiri Şükür Aslanovla 37 saylı Yol İstismar İdarəsinin müdiri Füzuli Quliyev əlbir olub “daşdan pul çıxarmağı” (burda konkret olaraq çınqıldan), həm də böyük pul çıxarmağı asanlıqla başarıblar və bu məmurlar dövlətə həm də iki tərəfli ziyan vururlar. Belə ki, yayılan məlumatlara istinadən bildiririk ki, Beyləqan və İmişli kəndlərinin yollarına çınqıl tökən Şükür Aslanov və Füzuli Quliyev çınqılı qanunsuz olaraq Beyləqanın Daşburun deyilən ərazisindən daşıyırlar. Məsələ ondadır ki, sözü keçən çınqıl karyeri heç bir yerdə qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərir. Şükür Aslanov və Füzuli Quliyev çınqıl üçün bir qəpik belə xərcləmədən həmin karyerdən hər gün onlarla maşın çınqıl daşıyırlar. Təbii ki, sənədlərdə çınqıl pulla alınır və ayrılan vəsaitdən güya çınqıl üçün pul xərclənir. Əslində isə çınqıl üçün ayrılan dövlət pulları Şükür Aslanovla Füzuli Quliyevin cibinə transfer olunur. Etiraf etməliyik ki, dövlət büdcəsini talamaq və “daşdan pul çıxarıb” cib doldurmaq üçün yaxşı üsuldur…
Maraqlıdır ki, ölkənin təbii ehtiyyatları qanunsuz olaraq Ekologiya və Təbii Sərvətlər Nazirlinin və Fövqıladı Hallar Nazirliyinin Beyləqan təmsilçilərinin gözləri qarşısında baş verir. Onlar sakitcə və sükutla hər gün ölkənin təbii sərvətlərinin necə talan olunmasını seyr edirlər və böyük ehtimalla bundan da karlı çıxırlar.
Bu arada xatırladaq ki, “Azəravtoyol” ASC-nin 6 saylı yol idarəsinin müdiri Şükür Aslanov Aran zonasında ən imkanlı məmur kimi tanınır. Bir neçə gün öncə isə İmişlidə Şükür Aslanova məxsus karyerdə işləyən işçinin ölməsi barədə ölkə mətbuatında məlumatlar yayılıb. Həmin məlumatlarda vurğulanırdı ki, qəza nəticəsində ölən fəhlə elə gecəykən basdırılıb və məsələ hüquq mühafizə orqanlarından gizlədilməyə çalışılıb. Ancaq məsələnin üstü açılıb və hazırda Şükür Aslanovun karyeri hüquq mühafizə orqanları tərəfindən bağlanılıb.
Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.
cumhuriyyet.az