DSMF-nin Ağsu rayon şöbəsində "bespredel"

DSMF-nin Ağsu rayon şöbəsində "bespredel" Sosial Müdafiə Fondunun (DSMF) bir sıra rayon və şəhər şöbələrində qanunsuz işlər cərəyan edir. Etibarlı mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlara görə, fondun Ağsu rayon şöbəsində vəziyyət kritik həddə çatıb və rayonun pensiya alan sakinləri, eləcə də xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər şöbənin rəhbər şəxslərinin qanunsuz əməllərindən təngə gəliblər.

Məlumatlarda bildirilir ki, şöbənin bəzi səlahiyyətli şəxsləri xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara əməlli-başlı problem yaradırlar. Bu barədə bir qədər sonra. Məlumat üçün bildirək ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri hesab olunurlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olub özü-özlərini sığorta edən fiziki şəxslər - əmək müqaviləsi ilə işçi qüvvəsindən istifadə etməyərək fəaliyyətlərini müstəqil surətdə öz riski ilə həyata keçirən və əsas məqsədi mənfəət əldə edilməsi olan fiziki şəxslərdir. "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 25 oktyabr tarixli 2458 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilib. Buna müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə Dövlət Sosial Müdafiə Fondu orqanlarında uçotu Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar. Etibarlı mənbənin bildirdiyinə görə isə Ağsuda xırda sahibkarlardan yığılan məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsinə keçirilmir: "Şöbənin keçmiş müdiri Elçin müəllim idi. Fondun sədri Elman Mehdiyevin əmri ilə o bir neçə ay öncə tutduğu vəzifədən kənarlaşdırıldı. Hazırda şöbəyə müvəqqəti olaraq Temirşah İsmiyev rəhbərlik edir. Sahibkarların başına müsibət gətirən isə yığım sektorunun müdiri Akif Xəlilovdur. Neçə illərdir ki, bu vəzifəni tutan sektor müdiri sahibkarları çıxılmaz vəziyyətə salıb. Belə ki, son 5-6 il ərzində yığım sektorunun rəhbəri rayonda VÖEN əsasında xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən hər ay 12 manat 60 qəpik pul yığıb. Onlara bildirib ki, həmin pullar sosial sığorta olaraq dövlət büdcəsinə keçirilir və gələcəkdə bunun əsasında pensiya alacaqlar. Amma bu yaxınlarda məlum olub ki, Akif Xəlilov sahibkarlardan ay ərzində sosial sığorta adı ilə yığdığı pulları büdcəyə yox, öz cibinə yönləndirib. Məsələnin üstü açılandan sonra sahibkarlar sektor müdirinə kəskin etirazlarını bildiriblər. Akif müəllim isə onlara "gedin hara istəyirsiniz şikayət edin" deyərək acıqlanıb. Beləcə sahibkarların hüquqları kobud şəkildə pozulub. Bu insanlar bir neçə ildən sonra pensiyaya çıxanda əlavə problem yaşayacaqlar. Çünki onların sosial sığorta kimi ödədiyi pullar büdcəyə keçirilməyib. Sektor müdirinin törətdiyi qanunsuzluqlarla bağlı Dövlət Sosial Müdafiə Fonduna və digər aidiyyəti qurumlara şikayət ünvanlansa da, faydası olmayıb. Akif Xəlilov hələ də vəzifəsinin başındadır və qanuna sığmayan əməllərini davam etdirir". Mənbə həmçinin vurğulayır ki, üzə çıxan neqativ hallar əhalinin DSMF-nin Ağsu rayon şöbəsinə olan inamını itirməsinə səbəb olub: "Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq şöbədə adi hal alıb. Keçmiş müdir Elçin Məmmədovun dövründən qalan problemlərin çoxu həll edilməyib. Temirşah İsmiyev maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü az qala hər vasitədən, hətta kimlərinsə adından istifadə etməkdən çəkinmir. O "staj" artırmaqla məşğul olur. Rayonda təqaüd almaq arzusunda olanlar bu istəklərini Temirşah müəllimin vasitəsilə çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün şöbənin müvəqqəti rəhbərinin "prinsip"lərini qarşılamaq kifayətdir". İrəli sürülən ittihamlara aydınlıq gətirmək üçün DSMF-nin Ağsu rayon şöbəsinin müdir əvəzi Temirşah İsmiyevlə əlaqə saxladıq. O özü və yığım sektorunun müdiri Akif Xəlilovun barəsində deyilənlərin həqiqətə uyğun olmadığını bildirdi. Akif Xəlilovun münasibətini öyrənmək cəhdlərimiz isə bir nəticə vermədi. Adıçəkilən məmurun özünü və işçisini müdafiə etməsi təbiidir. Biz DSMF sədri hörmətli Elman Mehdiyevdən xahiş edirik ki, şöbənin fəaliyyətini yoxlatdırsın və vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxsləri layiqli şəkildə cəzalandırsın.

terefdar.az
Geri qayıt