Cəlilabadın bölmə rəisi kartof xəracı yığır: iki nazirə şok dosye

Cəlilabadın bölmə rəisi kartof xəracı yığır: iki nazirə şok dosye Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) Göytəpə polis bölməsi (PB) rəisi kartofçuluqla məşğul olan sahibkarlardan və yük maşını sürücülərindən xərac tələb edir

FİA.Az-ın məlumatına görə, bu barədə rayonun ictimai fəalı, hüquq müdafiçisi Təyyar Zülfüqarov feysbukda xəbər yayıb.

Onun sözlərinə görə, kartof daşınması üçün bölmə rəisinə “haqq” verməyən sahibkarların və sürücülərin işinə müdaxilə edilir.

Hüquq müdafiəçisi sual edir ki, bölmə rəisi Əlifağa müəllim nə vaxtdan yol polis xidmətinin vəzifələrini icra etməyə başlayıb.

T.Zülfüqarov bildirib ki, kənd təsərrüfatı işlərinin qızğın vaxtında bölmə rəisi fermerlərin işinə qanunsuz müdaxilə etməklə aqrar sektoru iflic edir.

“Məgər bölmə rəisi fermerlərlə şərikdir? Əgər bölmə rəisi bu sahəyə müdaxilə edərsə, faktlar cənab nazir Ramil Usubova təqdim ediləcək. Bu məsələlər Kənd Təsərrüfatı Nazirliyinə bildirilib”,-deyə statusunda vurğulayıb.

KTN-nin Cəlilabad şöbəsinin rəhbəri Rahim Kərimovun fermerləri boğaza yığıması azmış kimi, indi də bölmə rəisi məhsuldarlığın yüksək vaxtında onları incidir.

Həqiqətən də hüquq müdafiəçisinin dedikləri həqiqətdirsə, bu, R.Usubovun fəaliyyətinə, Daxili İşlər Nazirliyinin imicinə, bütövlükdə polis sisteminə pislik etməkdir.

Göytəpə bölmə rəisinin vəifəsi ictimai asayişə nəzarət etmək, cinayətkarlığa qarşı mübarizə aparmaq, qanunsuz halların qarşısını almaqdır.

Amma deyəsən, vəzifə səlahiyyətlərinin nədən ibarət olduğunu unudan bölmə rəisi özünü aqrar sektorda sınamaq fikrinə düşüb.

Ona görə də kartof daşınmasında “Ərəbzəngi” kimi yol kəsib, xərac alıb, sonra buraxır. Üstəlik, bu il kartofun məhsuldarlığı çox olub deyə qiymətlər ucuzlaşıb.

Bakıda Cəlilabad kartofunun kilosu 35 qəpikdir və bu da əkinçilərin ziyanla işləməsinə səbəb olub.

Alıcılar üçün qiymətin ucuzlaşması nə qədər sərfəli olsa da, fermerlərə düşərli olmayıb. O baxımdan bölmə rəisinin də əlavə “haqq” istəməsi onları çətinə salıb.

Fermerlər və sürücülər ümid edirlər ki, DİN rəhbərliyi məsələdən agah olan kimi bölmə rəisi barəsində araşdırma aparacaq, ölçü götürəcək.

FİA.Az
Geri qayıt