Meşə mafiyası “iş başında”-Zaqatala meşələri qan ağlayır

Meşə mafiyası “iş başında”-Zaqatala meşələri qan ağlayır Torpaq komitəsindən Meşə təsərrüfatına…

Yerli əhali isə nadir və qiymətli ağac növlərinin məhv edilməsində Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Əhmədzadəni və rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin direktoru Vaqif Şabanovu günahkar bilirlər. Ona görə ki, Zaqatalada hamı bilir ki, Vaqif Şabanovu bu vəzifəyə kim gətizdirib. Meşə təsərrüfatından heç bir məlumatı olmayan Vaqif Şabanovun bu vəzifəyə gəlməyinin maraqlı tarixçəsi var. Belə ki, keçən ilin əvvəllərində möhtərəm başçı Vaqif Şabanovu 50(əlli) min manat müqabilində rayon torpaq komitəsinə müdür təyin etdirib. Lakin, Vaqif müəllimin bəxti gətirməyib. Heç 2 ay çəkməyib ki, komitə ləğv olunub.Vaqif müəllim də qalıb “havada”. Başçı ilə çox çək- çevirdən sonra necə deyərlər çətinliklə olsa da üzü gülüb və İqbal Əliyevin onsuzda viran qoyduğu meşə təsərrüfatı kimi mühüm vəzifəyə təyin oluna bilib. Meşə təsərrüfatından anlayışı belə olmayan Vaqif Şabanov da elə bilib ki, “odun bazarına bazarkom” seçilib. “Hücüm çəkib” Zaqatala meşələrinə…
Meşə mafiyası “iş başında”-Zaqatala meşələri qan ağlayır

Məhşur “trio”

Bu işdə isə onun sağ əli Həmzə, sol əli isə Həbib adlı şəxslər olur. Onların hər ikisi isə Zaqatala camaatına yaxşı tanışdı. Beləcə Vaqif Şabanova uzun müddətdir ki, bu bölgədə meşə “cəlladları” kimi ad qazanan Həmzə və Həbib cütlüyü də qoşulub. Beləliklə də Zaqatala meşələrinin daha da dözülməz “qara günləri” başlayıb. Meşələrdən nadir növ ağacların belə kəsilməyi adi hala çevrilib. Zaqtala meşələrində misli görünməmiş “meşə vandalizmi” başlayıb. Ən dözülməz vəziyyət isə rayonun ən böyük meşəbəyliyi olan Car – Qəbizdərə meşələrindədir. Qeyed edək ki, bu meşəbəyliyin sahə rəisi Həmzə Əliyevdir. Onun müavini isə Həbib Vüsalovdur. Bu meşəbəyliyin 9 dolayı var ki, bunlardan da 6-sı şəhərətrafı ərazilərini, 3-ü isə Qəbizdərə-Mazıx ərazisini əhatə edir. Bu 3 dolaydan birinə Abdulməcid, 2-cisinə Ramazanın oğlu, 3-üncüsünə isə Mahmud adlı şəxs nəzarət edir. Məlumata görə Ramazan adlı şəxs təqribən 3-4 dəfə 2-ci dolaya nəzarətçi təyin olunmuş və sonradan xüsusi maddə ilə işdən çıxarılmışdır. İndi isə həmin əraziyə, meşələrin “qənimi” adını qazanmış Ramazan adlı şəxsin oğlu nəzarət edir.Qeyd edək ki, adları çəkilən bu şəxslər meşələri qorumaq əvəzinə meşələrə əsl gəlir mənbəyi kimi baxır, ağacların kəsilib satılmasında “canla –başla” iştirak edirlər.
Əldə etdiyimiz digər məlumatlara görə, Car-Qəbizdərə meşəbəyliyinin yaxın ərazisində, Tarixlər kəndi ətrafındakı meşə zolaqlarına gözətçi işləyən Rəfael adlı şəxslə, sahə rəisi olan Həmzə Əliyev əlbir olaraq, həmin ərazilərdəki meşə zolaqlarına “qan” uddurmaqdadırlar. Onu da qeyd edək ki, kəsilən ağaclar Rəfaelə məxsus traktorla və “Ural” markalı maşınla daşınır.
Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, Rafaelin istifadəsində olan maşınının nə qeydiyyatı var, nə də ki, dövlət nömrə nişanı. Belə bir halın varlığı ciddi qanunsuzluq əməli olduğundan, problemin araşdırılması hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə bir vəzifə olaraq düşür.
Car kəndi ətrafında olan meşə zolaqlarının gözətçisi isə, “Zelxo” Hacı ləqəbi ilə tanınan şəxsdir. Bu adam da bölgədə “at oynadan” cəlladlarından sayılır. “Zelxo” Hacı vaxtiylə meşə gözətçisi işlədiyi vaxt daha çox dağıntılara yol verdiyindən, meşə təsərrüfatının rəhbəri olmuş Razimin vaxtında işdən çıxarılır və onun yerinə qardaşı təyin olunur. Bir müddətdən sonra onun qardaşı da meşə gözətçiliyindən çıxarılır və həmin vəzifəyə yenidən “Zelxo” Hacı təkrar təyin olunur. Bu təyinatların yalnız bir səbəbi olur ki, hər iki qardaş yaşadıqları ərazidə “demaqoq” adı ilə tanınırlar. Bundan ehtiyat edən rəhbərlik hər zaman məcbur olur ki, onları iş başında saxlasın. Əgər belə bir addım atılmazsa, hər iki qardaş rəhbərliyin əməllərindən yuxarı təşkilatlara xəbər verib, hər bir problemin ictimailəşməsinə nail ola bilirlər.
Rayondakı mənbəmizin bildirdiyinə görə, Car-Qəbizdərə meşəbəyliyində dolaylardan birində nəzarətçi işləyən Abdulməcidin ərazisində və Muğanlı meşəbəyliyinin 7 saylı dolayında nəzarətçi işləyən Vaqif Məhərrəmovun cavabdeh olduğu ərazilərdə narkotik maddələr belə yetişdirilir. Verilən məlumatın nə dərəcədə həqiqət olub-olmaması haqda bir söz deyə bilmərik. Çünki, bu yöndə lazımınca araşdırma apara bilməmişik. Bu məlumatın da araşdırılmasını, yəqin ki, hüquq-mühafizə orqanı əməkdaşları diqqətdə saxlayacaqlar.

Sabotaj olunun gözətçi

Redaksiyamıza şikayət edən Car meşəbəyliyinin gözətçisi Məhəmməd adlı şəxs də yuxarıda yazılan fikirləri təsdiq edərək bildirir ki, Zaqatalada son illər meşələr vandalcasına məhv edilir:
“Vaqif Şabanov bizim şöbə müdürü Həmzə Əliyev və onun müavini Həbib Vüsalovla birləşərək mənim də başıma oyun açdılar. Bir neçə ay bundan əvvəl şəxsən Vaqif müəllim, Həmzə və Həbib mənə müxtəlif göstərişlər vermiş, ancaq yoxlama zamanı mənim aktlarımı təsdiq etməkdən imtina ediblər. Məsələn: Mənim gözətçi olduğum ərazidən 65 ağac kəsilib. Bu materialların dörd maşını şəxsən müdür Vaqif Şabanovun tapşırığı ilə ona, dörd maşın material sahə müdürü Həmzə Əliyevə, dörd maşın isə onun köməkşisi Həbib Vüsalova verilmişdir. Lakin mənim həmin ağacların kəsilib təhvil verilməyi barədə tərtib etdiyim akta möhür vurmaqdan imtina ediblər. Yoxlama zamanı isə kəsilən ağaclar bəlli olunca mən 1976 AZN cərimə olunmuşam. Hələ həmin ağaclardan əldə olunan sahə rəisi Həmzə Əliyevin göstərişi ilə iki maşın yeşik üçün material İbadulla Məmmədova (Kablova kənd sakini) vermişəm, o, da həmin materialı Elşada satıb. “
Redaksiyadan: Qeyd edək ki, şikayətdə adı keçən İbadulla Məmmədov bölgədə “demaqoq” kimi tanınır. Çox yerdə özünü jurnalist kimi təqdim edən İbadulla rayonda şər – böhtan atmaqla ad çıxarıb. İbadulla artıq xeyli vaxtdır fəalaiyyətini dayandırmış “HOP-HOP” adlı satirik jurnalın bölgə müxbiri kimi fəaliyyət göstərməsi üçün verilən vəsiqəsindən sui-istifadə edərək meşələrdə də “at oynadır” .
Şikayətçi bildirir ki, Car meşəbəyliyinin Qəbizdərə ərazisində gözətçi işləyən Ramazanın və Vüqar Davudovun Meşkeş sahəsində, ümumiyyətlə yoxlama aparılmayıb. Səbəbi isə departamentin rəis əvəzi olan Xəlil müəllimə yeznəsi, inspektor Rəşadın vasitəsiylə 10 000 (on min) manat rüşvət verilməsidir.
Qeyd edək ki,rayon camaatı Zaqatala Meşələrin Mühafizəsi və Bərpası müəssisəsində baş verən ciddi qanunsuzluqlar barədə müvafiq instansiyalara çoxsaylı müraciətlər edib, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir. Vaqif Şabanov rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinə müdür vəzifəsinə keçəndən az bir müddət ərzində bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə Zaqatala meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər. Zaqatala meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi bu ağaclardan mebel sənayesində total şəkildə istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonda fəaliyyət göstərən sexlərdən ibarətdir.Lakin, dəfələrlə bu mövzuda çıxış etsək də bu günə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər hansı bir reaksiya verməyib. Bu isə belə deməyə əsas yaradır ki, Zaqatala meşələrinin məhvində elə nazirliyin özü də maraqlı tərəfdir.
Qaynağımızın iddiasına əsasən, Zaqatala meşələrinin hesabına fəaliyyət göstərən mebel sexləri mafiyanın əlindədir.
“Həmin mebel sexlərində istehsal olunan məhsulların bir qismi Bakıya satışa göndərilsə də, bir qismi rayonda keçirilən tenderlərdə işə yarayır. Belə ki, həmin tenderlərdə yumşaq və bərk mebellər olan maddə üzrə bütün alqı-satqı işləri həmin sexlərin məhsulları hesabına reallaşdırılır. Bundan başqa, meşələri məhv edən şəxslər odunları rayon camaatına satırlar. Çünki Zaqatalanın əksər kəndlərində vətəndaşların mavi yanacaqla təminatı olduqca bərbad vəziyyətdədir. Əhali qışda soyuqdan donmamaqdan ötrü əsasən odundan istifadə edir. Odun isə meşə massivlərinin qırılması hesabına əldə olunur. Rayonda bir maşın odunun 600-800 manat arasında satılır.
Rayon icra başçısının, rayon polis şöbəsinin icazəsi olmadan heç kim ağacları məhv edə bilməz. Meşə massivlərinin məhvində xüsusilə rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi rəhbərliyinin əli olması danılmazdır. Mənbəmiz bildirdi ki, müəssisənin işçiləri üzərlərinə düşən vəzifəni demək olar ki, yerinə yetirmirlər:“MUĞANLI” MEŞƏBƏYLİYİ, “MUXAX” MEŞƏBƏYLİYİ, “TALA” MEŞBƏYLİYİ, “CAR-QƏBİZDƏRƏ” MEŞƏBƏYLİYİ deyilən ərazilərdə acınacaqlı vəziyyət yaşanır.
Müəssisə rəhbərliyinin “xeyir-duası” ilə burdakı yaşıllıqlar məhv edilir. Təəssüf ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları “yaşıl soyqırım”ın qarşısını almırlar”.
P.S: Sizə təqdim etdiyimiz bu fotoşəkillər və səs yazısı yuxarıda bir hissəsini dərc etdiyimiz araşdırmalarımız nəticəsində ortaya çıxmış faktlardır. Və həmin şəkillər və səs yazısından da məlum olur ki Zaqatala meşələrində vəziyyət dəhşətlidir. Bütün bu faktları araşdırıb tədbir görmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərsək də nazirlik susub. Aldığımız son məlumata görə nazirliyin aidiyyatı qurumları həmin faktları nazirdən gizlədir, departamentdə it-bata salırlar. Yoxsa, bir jurnalistin asanlıqla araşdıra bilib üzə çıxardığı bu faktlardan Xəlil Ramazanovun xəbərdar olmaması sadəcə mümkün deyil.
Nəzərinizə çatdıraq ki, Car meşəbəyliyinin müdürü Həmzə Əliyevi və bu şəbəkəni deportamentdə yüksək vəzufə tutan Mehdi (əslən rayonun Tala kəndindəndir) adlı şəxs himayə edir. İndi cənab Xəlil Ramazanov, bu adam kimdir, hansı vəzifədə çalışır ki, Zaqatala meşələrinə belə açıq surətdə qənim kəsilənlərə havadarlıq edir?
Verəcəyiniz açıqlamanı səbirsizliklə və böyük maraqla gözləyirik.

Bir də maraqlıdır, Zaqatalanın meşə zolaqlarında davam edən “qətliamlar” haqqında cənab Hüseyn Bağırova niyə məlumat vermirlər?

Dəyərli oxucular!

Ümumiyyətlə, ətraf mühit və onun problemlərinin varlığı, hər zaman diqqət mərkəzində duran məsələlərdən biri olub. Odur ki, Zaqatalanın meşə zolaqlarında baş verən olayları, əmələ gələn fəsadları biz bundan sonra da diqqət mərkəzində saxlamağa çalışacağıq.

Qaynarxett.az
Meşə mafiyası “iş başında”-Zaqatala meşələri qan ağlayır
Meşə mafiyası “iş başında”-Zaqatala meşələri qan ağlayır
Geri qayıt