Şabranı üsyana qaldıran icra başçısının “qələmi qırıldı”

Şabranı üsyana qaldıran icra başçısının “qələmi qırıldı” Şabran rayon icra başçısı Novruz Novruzovun vəzifədən getməsi vaxtı çatıb

Seçkidən sonra ilk etiraz aksiyası bu rayonda oldu.

Prezidentin sosial siyasətinə və sabitliyə zərbə vuran N.Novruzovun camaatı ayağa qaldırması PA-da müzakirə olunub.
Çolquşçu kənd sakinlərini ayağa qaldıran icra başçısının bu təxribatçı əməli ciddi qəzəb doğurub.
Rayon icra başçılarına dəfələrlə xəbərdarlıq olunub ki, insanları dinləsinlər, şikayətlərini həll etsinlər, vəziyyəti aksiya həddinə çatdırmasınlar.
Ancaq xaricdən ölkəmizə kampaniya olduğu, qərəzli dairələrin məkrli planlarını həyata keçirməyə cəhd etdikləri bir vaxtda, seçkilərin ardınca Şabranda aksiya baş qaldırır.
N.Novruzov sakinləri qəbul etsəydi, dinləsəydi kəndlilər etiraza qalxmazdılar. Bununla da prezidentin siyasətinə qarşı gedən icra hakiminin “başı kötükdədir” demək olar.
Kənd sakinlərinin verdikləri məlumata görə, onların kiçik və xırda buynuzlu heyvanlarının otlatdıqları örüş və əkin sahələrini icra başçısı Novruz Novruzov başqa adamlara satıb.
İddia edirlər ki, satılan torpaqlar şumlanıb: “Rayondan 18 kilometr aralıqda yerləşən kəndimizin minə yaxın əhalisi var.
Əhalinin çox hissəsi fermer təsərrüfatı ilə dolanır. Amma icra başçısı min bir əziyyət hesabına başa gələn bu dolanışığımızı da bizə çox görür”.
Çolquşçu kənd sakinləri məsələ ilə bağlı ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya kömək üçün müraciət də ünvanlayıblar.
“Cənab prezident, Hörmətli Mehriban xanım Sizdən xahiş edirik ki, icra başçısı Novruz Novruzovun bu qanunsuz əməllərinə görə bizə yaxından öz köməkliyinizi göstərəsiz.
Onun əli ilə bizim dolanışıq yerimiz olan torpaqlarımız qeyri-qanuni yolla satılıb. Heyvanlarımızı otlatmaq üçün yer tapa bilmirik.
Bəz kənd sakinlərinin də əkib-becərdikləri ərazi qanuni sənəd ola-ola əllərindən alınaraq şumlanıb.
Məsələ ilə bağlı bir çox dövlət qurumlarına müraciət etməmizə baxmayaraq bizə heç bir köməklik edilmir.
Bununla belə icra başçısı bizi həbs etdirməklə hədələyir. Sizdən xahiş edirik ki, bizə yaxından öz köməkliyinizi göstərəsiniz”.
Ancaq Şabranın icra başçısının torpaqları peşkəş etməsi, qanunsuz əməlləri tək bu kəndlə məhdudlaşmır.
Şabranın icra başçısı Novruz Novruzov Xırdaoymaq kəndində balıq vətəgəsi yaradıb. Rayonda torpaqları qarış-qarış satan və mənimsəyən icra başçısı sərvətini böyüdür.
N.Novruzovun adıçəkilən kənddə süni göl tikdirdiyi və balıq təsərrüfatı biznesi ilə məşğul olduğu bildirilir.
Rayonda əsas söz sahiblərindən birinin də deputat İlham Əliyevin olduğunu deyən sakinlərin sözlərinə görə, Şabranda torpaqların bölüşdürülməsi, satışında onun da rolu böyükdür.
Hazırda isə Şabranın icra başçısı əksər pay torpaqlarını da sataraq tikinti aparılmasına şərait yaradıb.
Rayonda kifayət qədər mülkiyyət, torpaq mübahisələri var və İH-nin, bələdiyyələrin yaratdığı problemlər vətəndaşları məhkəmə çəkişmələrində üz-üzə qoyub.
N.Novruzov bir vaxtlar rayonun Udulu deyilən ərazisində yüz hektarlarla torpaq sahələrini icarəyə götürüb qoyunçuluq təsərrüfatları yaratmışdı.
Həmçinin, icra başçısı Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Şabran camışçılıq təsərrüfatının nəzdindəki torpaqlarda yüzlərlə camış, inək saxlayır. Əslən lerikli olan icra başçısının təsərrüfat biznesinə olduqca böyük həvəsi var.

Fia.Az
Geri qayıt