Oqtay Şirəliyev Şəmkir səhiyyəsinə göz atsa, pis olmaz - 5 minlik rüşvət qalmaqalı

Oqtay Şirəliyev Şəmkir səhiyyəsinə göz atsa, pis olmaz - 5 minlik rüşvət qalmaqalı Səhiyyə naziri Oqtay Şirəliyev Şəmkir səhiyyəsinə göz atsa, pis olmaz

Növbəti rüşvət qalmaqalı bu rayonda baş verib.

Şəmkir rayon Mərkəzi Xəstəxanasında biabırçı olay baş verib. Baş həkimin tələb etdiyi rüşvəti verməyən tibb bacısı işdən çıxarılıb.
Bu barədə məlumatı rayonun Seyfəli kənd sakini, işdən çıxarılan tibb bacısı Aybəniz Albabayeva verib. O bildirib ki, baş həkim ondan işdən çıxarılmaması müqabilində 5 min manat istəyib:
“33 ildir ki, Çinarlı qəsəbəsində yerləşən xəstəxanada tibb bacısı işləyirəm. 2012-ci ildə kursdan keçdim. 2016-cü ilin dekabr ayında isə Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev məndən tez bir zamanda ona 5 min manat verməyimi tələb etdi.
Bildirdi ki, verməsən səni işdən çıxardacam. 2017-ci ilin may ayında isə mənə dedi ki, 5 mini vermədiyin üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəddin Əhmədovun məsləhəti ilə səni işdən azad etdik”.

Dəfələrlə Nürəddin Əhmədovun qəbulunda olan tibb bacısı hədələnib.

Sitat: “Sonuncu dəfə o mənə bildirdi ki, növbəti dəfə bura gəlsən səni dəlixanaya qoyduracam.

Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev heç kimdən qorxmadığını, onun arxasında Nurəddin Əhmədovun və Bakıdakı tanışlarının olduğunu deyir.

Hər dəfəsində istənilən yerə şikayət edə biləcəyimi bildirir. Altay Quliyev 65 yaşı tamam olmuş işçiləri təqaüdə göndərmək əvəzinə hansısa yollarla onları xəstəxanada saxlayır.

Mən öz işimə yenidən bərpa olunmaq istəyirəm. Çünki üç övladım var. Həyat yoldaşım da rəhmətə gedib. Heç bir yerdən də gəlir yerim yoxdur”.

Məsələnin digər tərəfi budur ki, nazirliyə saysız-hesabsız şikayətlər, məktublar gedir, mətbuatda tirajlanır, faktlar təqdim olunur. Bunlara baxmayaraq, səhiyyə naziri Oqtay Şirəliyev “tükünü tərpətmir”.

Bu fəaliyyətsizliyi, biganəliyi nəticəsində baş həkimlərdə bir arxayınlıq yaranır. Onlar hesab edirlər ki, nazirlikdən heç bir töhmət gəlməyəcək. Ona görə də xəstəxanalarda cürbəcür rüsvayçılıqlar olur.

Bu yaxınlarda Bərdə RMX-da olanlardan, doğum evindəki rüşvətdən, eynilə ayrı-ayrı bölgələrdə səhiyyənin acınacaqlı durumu haqda geniş yazmışıq.

Amma nazir həmkarlarından fərqli olaraq, ümumiyyətlə reaksiya vermir. Bunun isə nələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətindir.

Fia.Az
Geri qayıt