Goranboyun icra başçısının təqib etdiyi çoban Bakıya çağrıldı

Goranboyun icra başçısının təqib etdiyi çoban Bakıya çağrıldı Tanınmış fermer Akif Rzayev: “Goranboy rayon İH başçısı Nizaməddin Quliyevin qanunsuz hərəkətləri ilə bağlı Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov məni qəbul etməli olduğu halda, o, bəhanə taparaq aradan çıxdı, bu barədə prezidentə teleqramm vuracağam...”

“Təzadlar” qəzetinin 27 mart 2018-ci il tarixli buraxılışında “Goranboy rayon İcra Hakimiyyətindən “Təzadlar”da dərc edilmiş yazıya cavab” başlıqlı yazı təqdim edilmişdir. Həmin yazı-məktubda “Təzadlar” qəzetinin 20 mart 2018-ci il tarixli sayında dərc edilmiş “Goranboyun icra başçısı qocaman fermerə qan uddurur” sərlövhəli yazıya aydınlıq gətirilmişdi.

Redaksiya “KİV haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərə alaraq həmin cavabı olduğu kimi təqdim etmişdi. Cavab məktubunda tanınmış fermer Akif Rzayevin (qəzetin 20.03.2018-ci il tarixli sayında dərc olüunub) Göranboy rayonunda başına gətirilən problemlərlə əlaqədar Prezident İlham Əliyevə müraciətindəki bir sıra xüsusatlar təkzib edilirdi.
Şikayətçi-fermer Akif Rzayevin də bu cavaba cavabı özünü çox gözlətməmişdi. Sonuncunun “Təzadlar” qəzeti redaksiyasına göndərdiyi məktub-müraciətinə bir sıra sənədlər də əlavə olunmuşdu və dərc olunmasını xahiş edirdi. Redaksiya bir daha tərəfləri sülhə və orta məxrəcə gələrək yaranmış vəziyyətdən kompromislə çıxış yolu tapmağa dəvət etməklə, A.Rzayevin cavabını ixtisarla təqdim etmişdi... Fermer RİH-dən göndərilən cavab məktubundakıları tamamilə təkzib edirdi...
Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, vəziyyət düzələnə oxşamır. Çünki icra başçısı Nizaməddin Quliyev Akif Rzayevin qışlaq sahəsinin bir hissəsini başqa şəxsə verib, üstəlik, sonuncu Akif Rzayevin fermasının 200 metrliyində özünə yeni ferma tikib, qoyun saxlayır... bu isə çobanlar arasında ciddi qarşıdurma yaradıb.
Akif Rzayev bu haqsızlıqla barışmaq istəmir və o, ölkə Prezidentinə teleqram vuraraq kömək istəmişdi.
Dünən şikayəti ilə bağlı onu Bakıya çağırmışdılar. Prezident Adminstrasiyasının aqrar məsələlər üzrə şöbəsinin müdiri Azər Əmiraslanov fermeri qəbul etməli olsa da, bu baş tutmayıb. Tanınmış fermer Akif Rzayev: “Goranboy rayon İH başçısı Nizaməddin Quliyevin qanunsuz hərəkətləri ilə bağlı Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov məni qəbul etməli olduğu halda, o, bəhanə taparaq aradan çıxdı, bu barədə prezidentə teleqramm vuracağam... Məni şöbənin əməkdaşı qəbul etdi, bu cür etinasızlığa qəti etiraz etdim, dedim, istəyirsiniz ki, burada üzərimə benzin töküb yandırım? Siz niyə prezidentin aqrar sahənin inkişafı ilə bağlı göstərişlərini yerinə yetirmirsiniz?”.
Akif Rzayev qəbuladək “Təzadlar”da oldu və onunla geniş videomüsahibə tezadlar.az saytında yerləşdirilib. A.Rzayev videomüsahibəsində başına gətirilən haqsızlıqlardan danışır...
Təəssüflər olsun ki, Goranboy rayon İH başçısı Nizaməddin Quliyev fermerə kömək etmək əvəzinə, əksinə, ona ciddi problemlər yaradır...

Geri qayıt