İcra başçısı Ağstafada kombinatı üç ildir tikib qurtarmır - Maxinasiyalar

İcra başçısı Ağstafada kombinatı üç ildir tikib qurtarmır - Maxinasiyalar “Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşasına 2015-ci ilin martında başlanılıb

Verilən xəbərə görə, 3 ildir kombinatın inşası başa çatmır. Prezidenti İlham Əliyev 12 aprel 2012-ci il tarixdə “Ağstafa Aqroservis” MMC-nin açılışında olub.

19 oktyabr 2016-cı ildə Ağstafa rayonuna etdiyi növbəti səfəri çərçivəsində kombinatın taxıl anbarının təməlqoyma mərasimində iştirak edib.

Ancaq Ağstafa icra başçısı Məhərrəm Quliyev dövlət başçısının tapşırıqlarının əleyihnə olaraq işi yubadır.

Kompleksin yaradılmasında Avropa texnologiyalarından istifadə olunur. Ancaq layihə hələ də Avropaya uyğun tez yekunlaşmır.

Heç kimə sirr deyil ki, son illər ərzində kənd təsərrüfatı sahəsində canlanma müşahidə olunmaqdadır. Ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən tədbirlərin nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə olunub.

Fermerlərin rahat fəaliyyət göstərə bilməsi, o cümlədən kənd təsərrüfatı texnikaları ilə təmin olunması məqsədilə "Aqrolizinq" ASC yaradılıb.

Təəssüf ki, qurumun bəzi yerli filliallarında, eləcə də bir sıra özəl aqroservis müəssisələrində özbaşınalıq baş alıb gedir.

Bunun nəticəsində fermerlər əlavə problemlərlə üzləşmək məcburiyyətində qalırlar. Mətbuatda gedən məlumatlara görə, "Ağstafa Aqroservis" MMC-nin fəaliyyətində də müxtəlif nöqsanlar mövcuddur.

MMC-nin direktoru Fikrət Həbibov yerli fermerlərin qarşısında ağır şərtlər qoyaraq onların fəaliyyətinə süni əngəl yaradır.

Yaradılan şəraitə baxmayaraq, MMC-nin rəhbərliyi və işçiləri üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ bilmirlər.

Məhdud Məsuliyyətli Cəmiyyətin fermerlərə icarə əsasında təklif etdiyi texnikanın və xidmət sahələrinin qiyməti həddən artıq bahadır.

Məsələn, kəndlilər aqroservis müəssisəsindən icarəyə texnika götürmək istəyəndə direktor onların qarşısında konkret tələblər qoyur. MMC rəhbərinin dediyi qiymət əksər hallarda fermerlərin ürəyincə olmur.

Media üzərindən xəbər veririk ki, əkin işlərinin aparılması, şum altına mineral gübrələrin verilməsi, sahənin birinci və ikinci dəfə şumlanması, toxumun sahəyə səpilməsi, su şırımlarının açılması, sahənin ilkin suvarılması, sahənin zərərvericilərə qarşı dərmanlanması və sair işlər yüksək keyfiyyətlə həyata keçirilmir.

Arxasında adamı olmayan fermerlər "Ağstafa Aqroservis" MMC-nin xidmətlərindən lazımi qaydada istifadə edə bilmir.

Müəssisə rəhbərliyi müqavilə üçün tələb olunan sənədləri toplayan şəxsləri əsassız yerə get-gələ salır. Bu işdə əsas məqsəd həmin insanların rəsmi rüsumdan başqa "tarif"lərə cəlb edilməsidir.

Bu arada, xüsusi qeyd etmək istəyirik ki, prezident İlham Əliyev 2008-ci il 25 avqust tarixində 3004 saylı sərəncamı ilə "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair" Dövlət Proqramı imzalayıb.

"Ağstafa Aqroservis"in rəhbərliyi bu proqramdan irəli gələn müddəaları istənilən səviyyədə icra etmir.

Bu səbəbdən Ağstafa rayonunda kənd təsərrüfatı sektorunda məhsuldarlıq hər il bir qədər də aşağı düşür.

Rayonda "Aqrolizinq" ASC-nin filialı olsa da, aqrotexniki xidmət sahəsində "Ağstafa Aqroservis" MMC hegemonluq edir.

Cəmiyyətin direktorunun arxasında icra başçısı Məhərrəm Quliyevin dayandığı deyilir. Başçıya arxayın olan müəssisə rəhbəri fermerləri incitməklə məşğuldur.

İl ərzində fermerlərə icarəyə verilən texnikalardan və digər xidmət növlərindən külli miqdarda vəsait əldə olunur.

Amma həmin məbləğin müəyyən hissəsi vergidən yayındırılır. Yerli vergi orqanının rəsmiləri bundan xəbərdar ola-ola heç bir tədbir görmürlər. MMC və RİH-nin mövqeyini dərc etməyə hazırıq.

Fia.Az
Geri qayıt