"Köhnə transformatordan işığımı kəsib getdilər" - ŞİKAYƏT

"Köhnə transformatordan işığımı kəsib getdilər" - ŞİKAYƏT “Hürriyyət”in redaksiyasına müraciət edən Zərdab rayonunun Çallı kənd sakini Məmmədov Mehman Məhəmməd oğlu şikayətini dilə gətirib. Onun sözlərinə görə, yaşadığı məhəllədən keçən yüksək gərginlikli elektrik xətləri təhlükəsizlik qaydalarına riayət olunmadan çəkilib. Bununla bağlı vətəndaş ölkə prezidentinə məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi təqdim edirik:

“Möhtərəm cənab prezident!

Yaşadığım Zərdab rayonu Çallı kənd sakinlənin şikayətini Sizə çatdırmaq üçün bu məktubu yazıram.

Məsələ bundadır ki, “Asiya İnkişaf Bankı”nın maliyyə dəstəyi ilə Zərdab rayon Çallı kəndində elektrik xətlərinin yenilənməsi işləri görülüb. Məlum məsələdir ki, tələm-tələsik görülən işin keyfiyyəti olmur. Belə ki, bizim küçəyə yüksək gərginlikli xəttlər çəkilib. Həmin xəttlər evlərə dirəklər vasitəsi ilə ötürülməlidir, bizim küçəyə isə abonent dayaqları ilə çəkilib. Bu, adını bilmədiyim hansısa şirkət və Zərdab rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Məhəmməd Mirzəliyev tərəfindən edilib.

Bu məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin Zərdab rayonu şöbəsinin əvvəlki müdiri Səməd müəllimə irad bildirəndə, mənə söylədi ki, baş mühəndis Məhəmməd Mirzəliyevə müraciət et, mən də ona tapşıracağam ki, sənin evinə işıq dəmir boru ilə çəkilsin.

Səməd müəllimin sözünü baş mahəndisə çatdıranda, əvvəlcə mənə “düzələr” dedi, ardınca isə “bu məsələ bizlik deyil, icraçı şirkət buna cavabdehdir, oradan isə bizə bir ədəd də olsa, dəmir boru verilməyib” - bildirdi.

Səməd müəllim tutduğu vəzifədən azad edildikdən az sonra Məhəmməd Mirzəliyev evimizə gəlib mənə dedi ki, gəl sən razılaş, abonent dayağı ilə sənə işıq verək, mən işi təhvil verəndən sonra isə sənin işıq məsələnə baxarıq. Mən buna razı olmadıqda isə köhnə transformatordan işığımı kəsib getdilər.

Ondan xahiş etdim ki, xəstə, azyaşlı övladımı nəzərə alsın, ailəmi işıqsız qoymasın. Cavabında bu söləri eşitdim: “Get fikirləş, ya qaranlıqda qal, ya da razılaş”. Mən də övladımın qaranlıqda qalmaması üçün müvəqqəti razılaşdım.

Bu hadisədən on gün keçsə də, evimə elektrik xətti çəkmək üçün küçəmizə heç bir dəmir boru basdırılmayıb. Bununla bağlı Məhəmməd Mirzəliyevə müraciət edəndə, mənə bildirdi ki, “get kimə deyirsən, de, mənlik deyil”.

Cənab prezident!

Həmin Məhəmməd Mirzəliyev Çallı kəndinin işıq xətlərininin hamısını gecə ilə sökdürərək satdırıb. Bir sözlə, Məhəmməd Mirzəliyev Zərdab rayon Elektrik Şəbəkəsi İdarəsində özbaşınalıq edib, sakinlərin haqqını tapdalayır.

Zərdab rayonunun Çallı kəndindəki transformatorların əksəriyyəti yağış yağanda su altında qalır. Bu da o deməkdir ki, kənd sakinləri, xüsusilə də həmin yollarla məktəbə gedən övladlarımız ölümlə üz-üzə qalır.

Bu yaxınlarda şiddətli külək əsməsi nəticəsində kəndimizin mərkəzi yolunda yeni qurulan elektrik xəttləri bir-birinə dəyərək güclü yanğına səbəb olub. Bu, bir daha həm görülən işlərin, həm də istifadə olunan xam malın keyfiyyətsizliyindən xəbər verir.

Bütün bunları əsas gətirərək, Sizdən xahiş edirəm ki, “Asiya İnkişaf Bankı”nın vəsaiti hesabına görülən işlər Sizin şəxsi tapşırığınızla, mənim iştirakımla əsaslı surətdə yoxlanılsın. İş icraçısı olan şirkətlə əlbir olub, qanunsuzluğa yol verən baş mühəndis Məhəmməd Mirzəliyev məsuliyyətə cəlb edilsin.

Cənab prezident!

Sizin xalqımızın rifahı naminə abadlıq, quruculuq, elektrikləşmə sahəsində göstərdiyiniz humanistliyinizə Məhəmməd Mirzəliyev kimilər kölgə salaraq, xalqın Sizə olan etimadını laxlatmaq istəyirlər. Bütün bunlara baxmayaraq, Zərdab rayonunun Çallı kənd sakinləri daim Sizə arxalanacaqlar və 11 Aprel 2018-ci il prezident seçkilərində sizinləyik!

P.S. Məktubla tanış olduqdan sonra bir neçə sual meydana gəlir. Elektrik xətlərinin yenilənməsi işinə külli miqdarda maddi vəsait ayıran “Asiya İnkişaf Bankı” həmin pulun necə məsrəf edildiyi ilə nədən maraqlanmır? İcraçı şirkət olan “Azərişıq” ASC nədən bölgələrdə aparılan işlərə nəzarət etmir? Ölkə prezidentinin paytaxtımızın, eləcə də rayonların qəsəbə və kəndlərinə çəkilən elektrik xəttlərinin kabelləşdirilməsi haqda qanununa rəğmən, adı çəkilən kənddə işığın açıq elektrik naqilləri vasitəsilə verilməsi necə mümkün olub? Yüksək gərginlikli elektrik xətlərinin yaşayış məntəqələrindən 25 metr aralıda yerləşdirilməsi ilə bağlı qərarın əksinə olaraq, həmin kənddə abonent dayaqlarının yaşayış evlərinin qarşısında basdırılmasına nədən göz yumulur?

Bütün bu suallarla bağlı aidiyyatı təşkilatlarla əlaqə saxlayıb, məsələni araşdıracağıq və qəzetimizin növbəti sayında oxucularımıza məlumat verəcəyik.

P.P.S. Şikayətlə bağlı “Asiya İnkişaf Bankı” və “Azərişıq” ASC ilə əlaqə saxladıq. “Asiya İnkişaf Bankı”ndan bizə bildirdilər ki, bu məsələnin araşdırılması üçün banka yazılı şəkildə müraciət edilməlidir. Bunu nəzərə alaraq, qəzetimizdə çap etdirdiyimiz bu məqalənin surətini bankın e-mail ünvanına yolladıq. Oradan cavab alan kimi oxucularımızı məlumatlandıracağıq.

Ən tez zamanda vətəndaşın şikayət məktubu ilə əlaqədar “Azərişıq” ASC-nin mövqeyini də öyrənib, izləyicilərimizə təqdim etməyə çalışacağıq.
Geri qayıt