Şamaxı da qalxdı: icra başçısı su və yol dərdinə əncam çəkmir - Aksiya

Şamaxı da qalxdı: icra başçısı su və yol dərdinə əncam çəkmir - Aksiya Bir neçə öncə Beyləqanda yol problemi ilə əlaqədar Daşburun qəsəbəsi sakinləri ayağa qalxmışdı

Sosial şəbəkələrdən və gozetci.az-dan əldə etdiyi məlumata görə, növbəti aksiya Şamaxıda olub.

Vətəndaşlar sosial problemlərinin həll olunmaması və içməli suyun verilməməsinə etiraz olaraq rayonun su idarəsinin qarşısına toplaşıblar.

Onların tələbləri sırasında rayonda yolların bərbad vəziyyətdə olması və yol idarəsinin müdirinin yolların təmiri üçün ayrılan pulları mənimsəməsi və onun cəzalandırılması yer alır.

Aksiyada 200-ə yaxın insanın iştirak etdiyi bildirilir və şəhərin mərkəzi yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

Yolun açılması və aksiyanın dayandırılması üçün rayon rəhbərliyi və polis etirazçılarla danışıq aparıb.

Şamaxı rayonunda problemlər xirtdəyə qədərdir. Asif Ağayev və müavini Qasım Qasımovun tapdağı altında inildəyən rayonda əhalinin dərd-sərinə baxılmır.

İcra hakimi seçkiqabağı xalqı ayağa qaldırmağa səbəb olan siyasət yürüdür. Dəfələrlə camaatın su, yol və başqa sosial çətinliklərindən bəhs olunub.

Amma göründüyü kimi, məmur laqeydliyi nəhayətdə Şamaxı camaatını etiraza qaldırıb.

Şamaxı ölkənin ən fəal bölgələrindən biridir. A.Ağayev və Q.Qasımov isə biganəlik göstərir, əhalinin problemlərinə arxa çevirir.

Əvəzində isə Şamaxının ən səfalı yerlərində özlərinə villalar tikirlər, torpaqlar alırlar, təsərrüfatlar yaradırlar.

Ölkəmizə qarşı bəzi qara qüvvələr seçkiqabağı kampaniyalar aparırlar, xalqa çağırışlar edirlər. Onların əlinə fürsət verən Şamaxı icra başçısı kimilər seçki ərəfəsində etiraz aksiyalarına zəmin yaradırlar.

A.Ağayev düşünmür ki, Şamaxıda İsmayıllı, Quba olaylarına bənzər hadisələr meydana çıxa bilər, hansısa katalizatorlar, təxribatçılar provokasiyalara şərait yaradar, başqa rayonlara yayılmasına imkan yarada bilərlər.

Ona görə də prezidentin siyasətinə zidd fəaliyyət göstərən Şamaxı rəhbərliyi vətəndaşların problemlərini tezliklə həll etməlidirlər. Dövlət başçısı hər zaman bildirib ki, icra başçılarını təyin edərkən xalqla işləməyi tapşırır.

Aksiya bitəndən sonra yol və su problemi ilə bağlı heç bir iş görülməyib.

Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığı, onların sadə həyat tərzi yaşamağa etdiyi çağırışı, ayrı-ayrı oliqarxlaşmış icra hakimlərinə verdiyi mesajlar görünür, A.Ağayev üçün keçərli olmayıb.

Çünki Şamaxıda boş torpaq saxlamayan və villalarının sayını artıran icra başçısı olduqca “təvazökar” özünü aparır, “sadə” həyat yaşayır.

Şamaxının icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov Pirqulu dağını ətrafında da yeni istirahət obyektləri tikiblər. İcra başçısı Pirqulu dağının ətrafındakı torpaqlara Bakıdan və rayonlardan olan məmurlara satır.

Şamaxının Pirqulu kəndindən olan şikayətçi iddia edir ki, icra başçısı və müavini dağın ətrafında yaşayış evi tikdirdikdən sonra turistlərin gəlib istirahət etməsi üçün istirahət mərkəzləri inşa edirlər. Asif Ağayev Şamaxıya icra başçısı təyinatı aldıqdan onların ata-baba torpaqları satışa çıxarıb.

Yaxın dostu olan və əvvəllər İmişli rayonunda başçının müavini vəzifəsində çalışan Qasım Qasımovu özünə müavin təyin etdirməyə nail olan Asif Ağayev bütün qara işlərini, həmçinin «yığım və alış-veriş» işlərini ona həvalə edib.

Şamaxı rayonuda icra hakimiyyəti tərəfindən görülən tikinti, təmir, abadlıq yaşıllaşdırma işlərinə də başçının dostu Qasım Qasımov nəzarət edir.

Şamaxı icra başçısı görünür prezidentin bu çıxışını unudub: "Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər.

Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır".

Ümumiyyətlə, son zamanlar Şamaxı rayonundan daxil olan şikayət və müraciətlərin ardı-arası kəsilmir.

Rayonda sosial-iqtisadi durumun digər rayonlarla müqayisədə olduqca bərbad olduğu iddia edilən həmin şikayətlərdə diqqətimizi çəkən digər nüans oldu.

Belə ki, rayondakı bu özbaşınalıq və qanunsuzluğun başında Şamaxı RİH başçısının 1-ci müavini Qasım Qasımovun xüsusi rolu qeyd edilir. Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az
Geri qayıt